Modern.az

Penitensiar Xidmətin yeni rəisi ilk müşavirəsini keçirdi - FOTO

Penitensiar Xidmətin yeni rəisi ilk müşavirəsini keçirdi - FOTO

Aktual

21 İyul 2023, 12:44

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Baş idarəsində Ədliyyə Nazirliyinin məsul əməkdaşları və Xidmətin tabe qurumlarının rəhbər heyətinin iştirakı ilə 2023-cü ilin 6 ayı ərzindəki fəaliyyətin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

 

Penitensiar Xidmətdən Modern.az-a bildirilib ki, ədliyyə nazirinin müavini Penitensiar Xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov müşavirəni açaraq Prezident İlham Əliyev tərəfindən ədliyyə nazirinin müavini Penitensiar xidmətin rəisi vəzifəsinə təyinatını yalnız ona deyil, Penitensiar xidmətin kollektivinə göstərilən böyük inam və etimad olduğunu vurğulayaraq sağlam meyarlar üzərində dövlətçiliyə və dövlətə sədaqətlə xidmət edərək bundan sonrada yüksək əzmlə çalışaraq müsbət nailiyyətlər əldə olacağını qeyd edib.

 

Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil ölkəmiz bu gün ən güclü dövrünü yaşayır, Azərbaycan Prezidentinin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur, milli dövlətçilik tariximizin növbəti şərəfli və qürurlu səhifələri yazılır. İşğaldan azad edilmiş, üçrəngli bayrağımızın qürurla və əzəmətlə dalğalandığı ərazilərə Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir səfəri təntənəli Zəfər yürüşünün davam etdiyini göstərir. Qalib Azərbaycanın Böyük Qayıdışı, dayanıqlı və layiqli məskunlaşmanı yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu dünyaya nümayiş etdirir.

 

Bu gün hər birimiz dövlətimizin başçısına layiqli yardımçı olmaq üçün daha məsuliyyətlə çalışaraq üzərimizə düşən vəzifələri şərəflə yerinə yetirməliyik.

 

Nazir müavini hesabat dövründə Penitensiar sahədə görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran hədəflər barədə məlumat verərək bildirib ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi Xidmətin bütün qurumlarında yüksək minnətdarlıq hissi ilə geniş qeyd olunub. Yubiley münasibətilə dövlətimizin başçısının 801 məhkuma şamil olunan Əfv Sərəncamı vaxtında və qüsursuz icra edilib. Penitensiar müəssisələrdə əməliyyat şəraiti sabit saxlanılıb, həbs edilmiş şəxslərin və məhkumların hüquqlarının daha etibarlı qorunmasına yönəlmiş tədbirlər davam etdirilib. Penitensiar Xidmətin fəaliyyətində müsbət nailiyyətləri qeyd etməklə yanaşı yol verilmiş nöqsanların qısa zamanda aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildirən nazir müavini hər bir əməkdaşın fəaliyyətində qanunçuluq, dövlətə və dövlətçiliyə sədaqətli xidmət prinsipini rəhbər tutmağa borclu olduğunu diqqətə çatdırıb. Qeyd etdi ki, korrupsiyaya şərait yaradan hallarla bağlı sərt mübarizə aparılacaq ən ciddi tədbirlər görüləcək.

 

Sonra nazir müavini Penitensiar Xidmətin fəaliyyətində innovativ texnologiyaların tətbiq ediləcəyini, bütün fəaliyyət istiqamətlərinin daha səmərəli təşkil olunacağını diqqətə çatdırıb.

 

Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov qurumun 2023-cü ilin 6 ayı ərzindəki fəaliyyətin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, ötən dövrdə Xidmət bütün fəaliyyət istiqamətləri üzrə məqsədyönlü tədbirlər həyata keçirib, penitensiar müəssisələrdə fövqəladə hallara, o cümlədən kütləvi iğtişaşlara yol verilməyib, cinayətlərin profilaktikası, narkotiklərin və qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsi ilə mübarizədə müsbət nəticələr əldə edilib.

 

Müşavirənin davamında penitensiar müəssisə rəhbərlərinin çıxışları dinlənilib, nazir müavini tərəfindən ədliyyə nazirinin əmrləri ilə növbəti yüksək rütbə almış əməkdaşlar təntənəli şəkildə təbrik edilib, rəhbər vəzifələrə yeni təyinatlarla bağlı əmrlər şəxsi heyətin diqqətinə çatdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et