Modern.az

Silahlı Qüvvələrimizin builki itkiləri - 69 nəfər

Silahlı Qüvvələrimizin builki itkiləri - 69 nəfər

Aktual

14 Sentyabr 2013, 09:54


“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 69 nəfər təşkil edib. Bu barədə Modern.az-a məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 74 nəfər yaralanıb və ya xəsarət alıb.

C.Sümərinlinin sözlərinə görə, müvafiq dövrdə dünyalarını dəyişənlərin 9-u döyüş (9 nəfər erməni gülləsi), 60-ı isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 12 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 3 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 1 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 9 nəfər xəstəlikdən dünyasını dəyişib. 15 nəfər intihar edib. Dünyasını dəyişənlərin 54-ü Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 7-i Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (74 nəfər) C.Sümərinli bildirib ki, onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 8-i erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 40-ı isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 51 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 18 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək