Modern.az
Qəzənfər Həmidoğlu Podpolkovnikə məktub yoxdur...

Qəzənfər Həmidoğlu

Podpolkovnikə məktub yoxdur...

Analitika

20 Yanvar 2022, 16:42

Qəzənfər Həmidoğlu

Rusiya dekabrın 17-də ABŞ və NATO-ya “təhlükəsizlik zəmanəti” ilə bağlı bəlli ultimatumunu dərc etdikdən sonra Qərbdən tələblərinə yazılı məktub gözləyirdi. Keçmiş SSRİ “KQB”sinin keçmiş podpolkovniki, Rusiyanın indiki lideri Putin Avropanı yenidən bölüşdürmək çağırışına Vaşinqtonun aşağı-yuxarı bir ay müddətində “təcili cavab” verməsini tələb etmişdi.
 

Ötən həftə keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Lavrov belə güman etmişdi ki, Vaşinqton Kremlin tələblərinə yazılı cavabını bu həftə verəcək. Yəqin ki, Lavrov yanvarın 21-də ABŞ dövlət katibi Entoni Blinkenlə Cenevrədə keçirəcəyi görüşə ümidini bağlamışdı. Bu ərəfədə Kiyevdə səfərdə olan Blinken bildirdi ki, ABŞ Rusiya ilə danışıqları nə qədər mümkündürsə, o qədər sürdürəcək, amma Rusiyanın “təhlükəsizlik qarantiyası” tələbləri ilə bağlı Lavrova yazılı cavab verməyəcək.
 

ABŞ prezidenti Co Bayden isə keçirdiyi mətbuat konfransında Moskvanı təhdid etdi: Ukraynaya soxulması Rusiya üçün fəlakət olacaq, Putin isə Qərbin indiyədək görünməmiş sanksiyalarına tuş gələcək.

Beləliklə, Qərbdən Putinə heç bir məktub olmayacaq: yazılı şəkildə ”təhlükəsizlik qarantiyası” ultimatumuna nə “hə”, nə də “yox” deyiləcək. Yazılı cavabın olmaması Moskvanın sonrakı davranışlarında qeyri-müəyyənliyi artırır, sanki situasiya havadan asılı qalır...
 


Təbii ki, yazılı cavab tələbi rədd edilən, ambisiyası zədələnən Putin Markesin “Polkovnikə məktub yoxdur” novellasının qəhrəmanı kimi bütün ümidlərini xoruz döyüşlərinə bağlamayacaq, “stavka”nı qaldırmağa çalışacaq, hərbə-zorba ritorikasını kəllə-çarxa çıxardacaq...
 

Yeri gəlmişkən,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün iki ölkənin liderini Ankarada danışıqlara dəvət etməsi kimi xoşməramlı təşəbbüsünə Rusiya dairələrində bədgüman reaksiya verildi, “Sultan Ərdoğan”ı Osmanlı imperatorluğunu diriltmək cədlərində suçladılar. Hərçənd ki, daha real olanı Kreml sahibinin SSRİ-ni xortlatmaq cəhdləridir.
 

Aydındır ki, Putin Zelenski ilə görüşmək üçün Ankaraya getməyəcək. O səbəbdən ki, Ukrayna ilə münaqişəni bitirmək və ya Kiyevlə barışmaq Kremlin planlarında yoxdur. Putinin hədəfləri gizli deyil: Ukraynaya nəzarətə nail olmaq və postsovet məkanında nüfuz dairəsini təsbit etmək. Şərqi Avropa və NATO-nun 1997-ci il sərhədlərinə qayıtması tələbi isə “stavka”nı alver üçün qaldırmaqdır. Bazarda da belədir: müştəri aşağı qiymət təklif edəndə satıcı mala şişirdilmiş qiymət qoyur ki, “ortaq məxrəc”ə gələ bilsinlər. Rusiya alverini Qərblə aparmaq istəyir və bu geosiyasi situasiyada Ərdoğanlıq bir iş yoxdur. Əgər Türkiyə lideri gerçəkdən Moskva ilə Kiyevi barışdıracağına inanırsa, hədər yerə vaxt itirir. Əslində, Ərdoğan da məsələnin mahiyyətindən xəbərsiz deyil, amma görünür ki, regional oyunçu kimi özünü xatırlatmağı vacib sayıb...
 

Blinkenlə Lavrovun Cenevrə danışıqlarının nəticəsiz bitəcəyinə şübhə etməyə dəyməz. ABŞ kontrhədələrini təkrarlayacaq, Moskva isə Ukrayna ətrafında eskalasiyanı dərinləşdirməkdə, Zelenskinin dediyi kimi, “Ukraynanın əsəblərinə hücum etməkdə” davam edəcək, rus ictimai fikrini SSRİ 2.0 azarı ilə zəhərləməkdən əl çəkməyəcək. Rusiyada isə, unudulmaz satirik Mixail Jvanetski demişkən, hər gür “azar sağlam forma ala bilir”...

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi