Modern.az
Qəzənfər Həmidoğlu Rus ayısına panda əngəli...

Qəzənfər Həmidoğlu

Rus ayısına panda əngəli...

Analitika

25 Yanvar 2022, 17:28

Qəzənfər Həmidoğlu

Gələn həftə (4-20 fevral) Pekində Olimpiya oyunlarına start veriləcək, yaza doğru (4-13 mart) isə Çin Xalq Respublikası Paralimpiadaya ev sahibliyi edəcək. Talismanı sevimli panda olan bu idman oyunlarına Çin ətək-ətək pul töküb - Qış Olimpiadası vitrinində Səmaaltı imperiyanın “əzəmətini və möhtəşəm uğurlarını” təmtəraqla bütün dünyaya nümayiş etdirmək istəyir. Üçüncü dəfə ölkə rəhbəri postuna iddia edən ÇXR sədri Si Çinpenin üçün də idman oyunlarının vacib siyasi tərəfləri var.

Pekin bu hayda ikən, dünya başqa haydadır - il girəndən Rusiyanın Ukraynaya hücum edib-etməyəcəyi sualı ətrafında fırlanır. Ötən ilin sonlarından belə fikirlər üstə çıxır ki, Putin ya qışda hücuma keçəcək, ya da heç vaxt. Aydındır ki, Rusiya yanvar-fevral aylarında hərbi əməliyyatlara başlasa, Çinin olimpik təntənələri arxa plana düşəcək. Bu, Pekinin kefinə soğan doğramaya bilməz.

Yeri gəlmişkən, Bloomberg agentliyi ötən həftə Pekindəki anonim mənbəsinə istinadən maraqlı bir xəbər yayıb: Guya Çin lideri Si Çinpin rusiyalı həmkarı Putindən xahiş edib ki, Olimpiada zamanı Ukraynaya hücum etməsin. Moskva və Pekin xəbəri təxribat və “feyk” adlandırır. Güman ki, Si Çinpin Putinə zəng etməyib və belə bir xahiş etməyib, amma bu “feyk”in doğru yanı yox deyil. Hər halda Rusiyanın hərbi əməliyyatlara başlaması Pekin üçün arzuolunan deyil: olimpiadanın kölgə altına düşməsi, Pekin-Kiyev ticari tərəfdaşlığı bir yana qalsın, burda ÇXR üçün diplomatik münaqişələrə çəkilmə riski var.

İstisna deyil ki, “feyk-xəbər” Çin mətbəxində bişirilib və amerikan agentliyinə ötürülüb. Rusiya dairələrində belə iddia səsləndirilir ki, Rusiya Ukraynaya həmlə edəndə, Çin də Tayvana hücuma keçəcək. Pekin belə iddiaların yayılmasından narahatdır. Güman ki, Pekin Olimpiadanı bəhanə etməklə beynəlxalq arenada birgə hərəkət etdiyi Rusiyanın Ukrayna kampaniyasına münasibətdə neytral mövqe sərgiləyəcəyinə işarə edir. Bu, dolayısı ilə Çinin Ukrayna məsələsində Moskvanı dəstəkləməməsinin elanıdır. Tayvana gəldikdəsə, hücum üçün situasiya hələ yetişməyib və Pekin indiki status-kvoya səbrlə dözəcək.

Putin fevralın 4-də Pekində olacaq və Qış idman oyunlarının açılışında iştirak edəcək. Güman ki, bu ərəfədə Putin yoldaş Sini dilxor etməmək üçün Ukrayna ətrafında eskalasiyanı elə də dərinləşdirməyəcək. Və Rusiya, əgər varsa, “qış hücumu” planından da imtina edə bilər.

Beləliklə də, barəsində danışılan və ya gözlənilən “yanvar-fevral müdaxiləsi”ni artıq çıxdaş etmək mümkündür. Amma problem, iddialar və gərginliyin səbəbləri qalırsa və həllini tapmırsa, əvvəlki sitasiya (müharibə ərəfəsi) davam edir. İkinci Qarabağ savaşı göstərdi ki, tərəflər danışıqlarla vaxtı uzada bilər, hardasa müəyyən anda deeskalasiyaya nail ola bilərlər, amma problemin siyasi vasitələrlə, diplomatik yollarla həlli yoxdursa, hərbi münaqişə qaçılmazdır. Ukrayna-Rusiya gərginliyi daha qızğın və qlobal xarakterə malikdir. Bu gərginlik elə kritik həddədir ki, qışı yola vermək olar, amma Putinlə Bayden dil tapmasa, dramatik gərginlik aydan-aya, fəsildən-fəsilə dərinləşəcək: hərbi əməliyyatlar yazda, yazda olmasa, yayda başlaya bilər. Yayda da olmaya bilər, hər halda, qəti təxminə kimsə cəsarət etməz, amma Putin dünyanı iynə üstündə oturtmaqda davam edəcək....

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi