Modern.az
Qəzənfər Həmidoğlu Türkmənsayağı tranzit...

Qəzənfər Həmidoğlu

Türkmənsayağı tranzit...

Analitika

15 Fevral 2022, 14:58

Qəzənfər Həmidoğlu

Müəzzəm türkmenator, uca Arxadağ, tarixin gəlmiş-keçmiş ən nadir və misilsiz stomatolog-prezidenti Qurbanqulu Məlikqulu oğlu Berdiməhəmmədov müdrik dövlət başçısı və mahir strateq olduğunu bir daha nümayiş etdirdi. Dünyanın başının bərk qarışdığı bir vaxtda - planetin yarısı Rusiyanın Ukraynaya hücuma keçəcəyini gözlərkən, digər yarısı isə Pekin Olimpiadasına tamaşa edərkən Arxadağ erkən prezident seçkisinə getdi.

Nazarbayevin Qazaxıstandakı uğursuz hakimiyyət tranzitindən dərs çıxaran Türkmənistanın 2-ci prezidenti gördü ki, indi əsl fürsətdir, sonra gec ola bilər - yəni, hardansa təzə Tokayev peyda olar, urus-murus, çin-min gəlib bu işə burnunu dürtər.

Və Arxadağ ötən cümə günü Xalq Məsləhətini topladı və millətə müjdə verdi ki, artıq “dövləti gənc rəhbərlərə tapşırmağın yolu”nu açmaq vaxtı çatıb. Elə oradaca vaxtı da göstərdi – erkən prezident seçkisi martın 12-də olacaq Türkmənistan Kommunist Partiyasının varisi və türkmən demokratiyasının lokomotivi Türkmənistan Demokrat Partiyası Arxadağın müdrik, uzaq görən və uzaqvuran çağırışına dərhal adekvat hay verərək əlimyandı növbədənkənar IX qurultayını keçirdi və baş nazirin 40 yaşlı müavini Sərdar Qurbanquluyeviç Berdiməhəmmədovun (тürkm. Serdar Gurbangulyýewiç Berdimuhamedow) dövlət başçısı postuna namizədliyini irəli sürdü.

Beləliklə, ölkə Novruza qəttəzə prezidentlə çıxacaq. Arxadağ isə xalqın və yeni liderin arxasında dağ kimi duracaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir