Modern.az
Qəzənfər Həmidoğlu Putin qambiti: bir addım irəli, bir addım yana...

Qəzənfər Həmidoğlu

Putin qambiti: bir addım irəli, bir addım yana...

Analitika

22 Fevral 2022, 21:17

Qəzənfər Həmidoğlu

Moskva ilə Qərb arasındakı şahmat partiyasının təxminən 3 ay sürən debütü Putinin “at gedişi” ilə - 8 il əvvəl işğal edilmiş Donbasın bir hissəsinin bu dəfə rəsmən zəbti elanı ilə başa çatdı.

Putinin strategiyası, daha doğrusu, 2022-ci ilin yanvar-fevral aylarındakı taktikası eskalasiyanı dərinləşdirməklə opponentlərinin canına qorxu salmağa hesablanmışdı. Kremldə ümid edirdilər ki, Ukrayna və Qərb nə qədər çox qorxsa, o qədər Moskva üçün yaxşıdır. Rəqibləri qorxmasa, “b” variantı - Donbasdakı separatçıların tanınması məsələsi əl altında idi...

Putin o qədər irəli getdi ki, gəlib savaşın astanasına yetişdi, amma bu irəliləyiş əks-effekt verdi: Qərb geri çəkilmədi, sıralarını sıxlaşdırdı və Rusiyanın nə vaxt Ukrayna bataqlığına batacağını gözləməyə başladı. İmperiya hikkəsi öz yerində, amma “bataqlıq”dan Kremldəki burunlara pis qoxular gəlirdi: Kiyevə yürüş riskli idi. Artıq Putinin əsas qayğısı reputasiyanı korlamadan, simanı itirmədən bu işdən çıxmaq idi. Odur ki, “hibrid taktika”ya – “yan gedişə” əl atıldı: Putin ekrana çıxıb bir saat ordan-burdan danışdı, “Rusiyanın tarixi vilayətlərindən dövlətçilik tarixi olmayan Ukrayna düzəltdiyi” üçün Leninin goruna daş atdı və Donbasın iki separatçı regionunu “müstəqil dövlət” kimi tanıdı. Üstəlik, çoxdan işğal edilən ərazilərə “sülhə dəstək üçün” rus qoşunlarının yeridilməsi barədə qərar verdi. Kiyevə də barmaq silkələdi ki, “Donbasda atəş kəsilməsə”, nəticələri ağır olacaq.


Vəd edilən savaş olmadı, amma təzavüzə məruz qalmış Ukrayna ərazisinə “müdaxilə elanı” oldu. Qərbsə əvvəldən bəyan edirdi ki, Rusiya Ukrayna ərazisinə müdaxilə etsə, Moskva indiyədək görünməmiş sərt sanksiyalarla üzləşəcək.

Putinin bu qambiti (hücumu) debütdə Rusiyaya üstünlük qazandırmadı, əksinə Moskva Ukraynanın duruşu qarşısında uduzdu. Bu, həm də postsovet məkanı ölkələri üçün nümunə oldu. Qərbin Ukraynaya yetərincə dəstək verib-verməməsi isə sadəcə spekulyasiyadır. Hər halda, Kiyevin Moskvaya dirənişi Qərbə xoş gəlmək üçün deyil, bu qarşıdurmanın tarixi kökləri, milli identiklik və müstəqil dövlət olmaq kimi dəyərlərlə bağlılığı var.

Qara dəniz hövzəsindəki geosiyasi konfrontasiyada artıq mittelşpil oynanılır. İmperiya iştahı bir qədər küsdürülən Rusiyanın yaxın perspektivdə əsas qayğısı Qərbin sərt sanksiyalarını dəf edə bilib-bilməyəcəyi, postsovet məkanındakı “arxa bağçalar”ı nüfuz dairəsində necə saxlayacağı və böyük şahmat oyununun endşpilinə - Amerika-Çin qarşıdurmasına hansı statusla çıxacağı ilə bağlıdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub