Modern.az
Qəzənfər Həmidoğlu Əsrin bəlası və “xamuşan” taktikası

Qəzənfər Həmidoğlu

Əsrin bəlası və “xamuşan” taktikası

Analitika

5 Mart 2022, 15:01

Qəzənfər Həmidoğlu

Putin Ukraynaya hücumunu obyektiv faktorlarla “izah” edir. Yalnız Rusiyada deyil, dünyada və bizdə də Putinə “obyektiv səbəblərlə” haqq qazandıranlar yetərincədir. Amma bu müharibə daha çox subyektiv səbəblərin nəticəsidir. Elə “şəxsiyyətin tarixdə rolu” məhz belə olur.

Subyektiv faktor göydən zənbillə düşmür, onun obyektiv zəmini olur. Əgər bir adam dünyanın ən iri ölkəsinə uzun illər təkbaşına rəhbərlik edirsə, tarix kitablarını oxumaqla ölkəsinin keçmişindən qopa bilmirsə, illüziyalara qərq olursa, yalnız ətrafı ilə oturub-durursa və dünya haqqında təsəvvürləri onların “papka” məlumatları əsasında yaranırsa (tarix həm də padşahın ətrafının, vəzir-vəkilin əsiri olması faktlarından ibarətdir), internetlə maraqlanmırsa, heç cib telefonu belə yoxdursa, bir gün reallıqla əlaqəsini kəsə, reallıq duyğusunu itirə bilər. Əgər ətrafı və təbliğatı illərlə deyirsə ki, Qərb zəifdir, Putinin qarşısında üyüdür, Ukrayna ordusu mifdir, Kiyevdə rus tankını güllə-çiçəklə qarşılayacaqlar, buna niyə şübhə etsin?!.

Putin özünü səhvsiz-günahsız adam kimi təqdim edir - qəti əmindir ki, doğrunu yalnız o bilr. Bütün bəşəriyyətin yalan saydığına Putin “doğru” deyə bilər. Və ya dünya bir yerə yığışsa, Kiyevi bombaladığını onun boynuna qoya bilməz. Maraqlıdır, Putin yəhudi Zelenski hökumətinin “neonasist” və “narkomanlar”dan ibarət olduğunu deyəndə, dediklərinə özü inanırmı? Və yaxud bu hədyana dünyanı inandıra biləcəyinə də inanırmı, yoxsa bizim zəkamızla məzələnir? Əslində, Putin üçün əsas olan budur ki, rus mujiki inansın, mujik də inanır...

Rus xalqının mental arxetipi elədir ki, o aclığa, kasıblığa, məhrumiyyətlərə razıdır, amma bir şərtlə ki, o hamıdan güclüdür və hamı ona hörmət edir. Tarix boyu mujikin knyaz, çar, imperator, baş katib və prezidentdən əsas gözləntisi bu olub: kiçik də olsa, bir hərbi zəfər olsun ki, o da səfil durumunu unutsun. Məsələn, o gün rus telekanalından Kiyevə ultimatim verən Smolensk kəndinin tənha qalmış 70-80 yaşlı babulyası çox qəzəbli idi: “Xoxollar Çerniqovda (Ukrayna) oyundan çıxırlar. Putin onlara yerlərini göstərəcək...”


Rusiyada uduzan padşahı sevməzlər. I Nikolay gördü ki, ölkədə işlər yolunda getmir, təcili kiçik savaşa ehtiyac var: ətrafda zəif ölkə adına Yaponiyanı gördü, amma gedib ona da uduzdu. Bundan sonra ən yaxın ətrafı belə sonuncu rus çarına şübhə ilə baxmağa başladı. Və yaxud qoşunları Əfqanıstana Brejnev soxsa da, ordan çıxardan, mujikin gözündə ordan qaçan Qorbaçov olduğu üçün rus cəmiyyəti onu heç sevmədi. Xalqı asıb-kəs, amma göstər ki, bizim padşahdan hamı qirxur: Kazana girən İvan Qroznı və ya Berlinə girən Stalin kimi.

Ukraynaya girən Putin Rubikonu keçdi və körpüləri yandırdı. Geriyə dönüş yoxdur. Amma bu, Putinin problemidir. Son zamanlar belə məşhur fraza var: “Putinin özü durmasa, kimsə onu durdura bilməz”. Amma artıq özü də dura bilmir...

Yeri gəlmişkən, cümə axşamı keçirdiyi RF Təhlükəsizlik Şurasının iclasında Putin bir daha göstərdi ki, durmaq-dayanmaq yoxdur, yalnız irəli getmək var. Amma Kiyevdəkilər “bədəməl” işlərdən çıxırlar: ruslar dinc əhalinin çıxışı üçün yol saxlayır, amma “neonasistlər” onları döyüş zonasından çıxmağa qoymurlar: “Yalnız faşistlər belə döyüşürdülər”. Putinin sözlərinə görə, Ukraynada “xüsusi əməliyyat” plana uyğun gedir, qarşıya qoyulan tapşırıqlar həll olunur. Putin bir daha vurğuladı ki, ruslar və ukraynalıların eyni xalq olmadıqlarına kimsə onu inandıra bilməz.

Beləliklə, Kremlin sahibi əmindir ki, hələ də “faşistlər”lə vuruşur, ölkənin hərbi-siyasi rəhbərliyinin savaş hazırlığı və hücum planında heç bir qələt yoxdur, o, “əməlliyyat” aparır, müharibə başlatmayıb. Eyni zamanda dolayısı yolla etiraf edir ki, dinc əhalini bombalayır. Düzdür, bunun günahını “neonasistlər”in üstünə atır ki, xalqın “döyüş zonası”ndan çıxmasına əngəl olurlar. Adam şəhərləri “döyüş zonası” sayır. Sanki manyak filmidir - qatil boğduğu qurbanının müqavimətindən narazıdır. Üstəlik, qurban da başqası deyil. Özü deyir ki, həmin dinc əhali ukraynalı deyil, əslində, rusdurlar. Amma bombalayır, sonra da deyir ki, “eyni xalqıq”, kimsə ona əksini inandırmasın. Tarix belə tərs qafa adam görməyib. Tarixçiləri belə Putini inandıra bilmirlər ki, böyük oğlunu İvan Qroznının özü boğub öldürüb. Adam deyir ki, ola bilməz, tarix qələt edir. Putin Qərbi “yalan inperiyası” adlandırır. Elə qurduqları da yalan-palan ibarətdir: rus cəmiyyətinin idarəetmə sistemindən tutmuş Avrasiya İttifaqı, KTMT və ya Belarusla İttifaq dövlətinə kimi. İstəyir ki, ətrafında oyuncaq dövlətlər olsun və onlarla kefi istədiyi kimi oynasın. Adam düz-əməlli müharibə belə elan etmir, işğal yürüşünü “xüsusi əməliyyat” adlandırır. Bir sözlə, əsrin bəlasıdır...

Ukrayna böhranı ilə bağlı suallar çoxdur: Rusiya Ukrayna bataqlığına özü girib, yoxsa Qərb onu buraya sürüyüb salıb? Rusiya-Ukrayna müharibəsi Böyük ABŞ-Çin qarşıdurmasında epizoddurmu? NATO Kiyevə təyyarə verəcəkmi və ya niyə Ukraynanın hava məkanı qapadılmır? Qərbin monstr qarşısında təkbaşına buraxdığı Zelenski və xalqı bu müsibətdən necə çıxacaq? Putin Kiyevə girib orda oyuncaq hökumət quracaq, yoxsa Odessanı ələ keçirib Ukraynanı dənizsiz qoyacaq? Ukraynanın dirənişi üçün nəfəslik (Odessa), yoxsa simvolik baş (Kiyev) əsasdır? Putin udsa, postsovet məkanının halı necə olacaq, uduzsa, necə olacaq? Rusiya sanksiyalara tab gətirə biləcəkmi? Rus oliqarxları üsyana qalxacaqmı?

Mediada və sosial şəbəkələrdə bu suallarla bağlı fərqli yönlərdən saysız-hesabsız cavablar, mülahizələr, təxminlər, təxribatlar, təbliğat, əks və anti-təbliğat yazıları ilə tanış ola bilərsiniz.

Yeri gəlmişkən, bataqlıq elə bir yerdir ki, dartındıqca batırsan. Bataqlıqda udulma ilanın qurbağanı udması kimi deyil. Qurbağa şarəsiz halda sonunu gözləyir. Bataqlıqda ilk dəfə batan batdığını elə də dərk etmir və ən sonda anlayır...

Bunlar qəliz söhbətlərdir. Nəhayət, gələk mətləbə. XIX əsrdə Qarabağın ən məşhur ədəbi məclisi “Məclisi-xamuşan" (“Sakitlərin, səmirsizlər məclisi") idi. Mir Möhsün Nəvvabın evində təşkil edilərdi, Xurşidbanu Natəvan orda şeirlərini oxuyardı. Deyəcəksiniz ki, Putin hara, “xamuşan”lar hara? Heç bir bağlılığı yoxdur. Sadəcə, Rusiya-Ukrayna müharibəsində cəmiyyətin böyük kəsiminin Kiyevə tərəfkeşlik etməsinin Moskvanı qıcıqlandıracağından narahat olan “səmirsiz taktika” ustaları təklif edirlər ki, səsimizi çıxarmayaq, sakit oturaq, “xamuşan məclisi”nə dönək, lap gizlənək, bəlkə Putin Kiyev yürüşündən sonra bizi görməz, bizə toxunmaz. Yəni, Zelenskiyə tərəf olsaq, Putinə hədəf olarıq. Zelenski də xamuşan olsun, “kapitulyasiya” etsin, özü cəhənnəmə, bizim başımıza bəla açmasın...

Ya gerçəkdən abdaldırlar, ya da özlərini sadəlövhlüyə qoyublar. Zelenski təslim olsa, 30 illik “gizlənqaç” bitər, kapitulyasiyalar paradı başlayar. Allahdan Ukrayna bataqlıqları elə çəkicidir ki, tankı da çəkir, bunkeri də...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər