Modern.az
Qəzənfər Həmidoğlu Sizin tərəfkeşliyinizi sevsinlər!

Qəzənfər Həmidoğlu

Sizin tərəfkeşliyinizi sevsinlər!

Analitika

10 Mart 2022, 17:00

Qəzənfər Həmidoğlu

Türkiyənin fərqli simalarından olan Bedri Baykam “Cumhuriyet”də dərc olunan “Sizin hümanistliğinizi sevsinler!” adlı yazısında Türkiyə solçularının Rusiya tutqusunu və Rusiya-Ukrayna savaşında putinpərəst mövqe tutmalarını qınayaraq ritorik suallar verir:


“Sevgili solcu kardeşlerim, hani belleğinizde bir çeşit “Solun kökeni Rusya” imajı var ya... Gerçekten merak ettim, sizce bugünkü Rusya hangisi?... Amerika karşıtı olabilirsin, ol! Ama bunun için illa Putin âşığı olarak gezmen mi lazım?”.


Bedri bəyin ““Amerika çok iyi, Rusya çok kötü” diye bir genelleme yoktur, olamaz! Belki inanmazsınız ama bunun tersi de aynen geçerlidir” təsbiti eyni ilə bizim üçün də keçərlidir. Zira biz də həmin olmayan genəlləmə-ümumiləşdirmə ilə məşğuluq...


Azərbaycanda da, Türkiyədə də insanların ümumi simpatiyası Ukraynayadır, həm insani duyğularla, həm də geosiyasi mülahizələrlə bağlı. Hər halda, əksəriyyət Ukrayna, onun gözəl və cəsur xalqından yanadır. Bu, həmin əksəriyyəti antiputinçi edə bilər, amma elliliklə qərbyönümlü, NATO tərəfdarı etməz. Və yaxud Rusiya-Ukrayna savaşına Qərbin oyunu, Kiyevin qurban verilməsi kimi baxanlar təbii ki, hamılıqla putinoid və ya NATO-fob olmaz.


Təəssüf ki, siyasi mübarizə və tərəfkeşlikdə belə primitiv yanaşmanın “təbliğati dəyəri” var, manipulyasiya vasitəsi kimi də yaralıdır. Məsələn, bizim bəzi siyasətçi və ekspertlər Türkiyənin Rusiya-Ukrayna savaşında dövlət instinkti ilə neytrallığını qorumağa çalışmasını, Moskva ilə Kiyev arasında arabuluculuq cəhdlərini Ərdoğanın Putini xilas etmək istəyi kimi yozurlar. Belə absurd iddia səsləndirilir ki, “Putinin çökməsi Ərdoğan üçün də başağrısı yarada bilər”. Birisi isə bir qədər də irəli gedib qəti hökm verir: “Qərbin iki başağrısı var: Birincisi Putindir, ikincisi isə indiki Türkiyə iqtidarıdır”.


Keçmiş bir diplomat isə iki ölkənin liderini az qala silah və narkotika alveri ilə məşğul olan türk-rus mafiyasının xaç ataları kimi təqdim etməyə cəhd edir. Gərək hər şeyə Qərbin lupası ilə baxasan ki, bu qədər də ağını çıxarasan. İllüziyalarından qopa bilmirlər və anlamırlar ki, Rusiya-Ukrayna savaşı demokratiya ilə avtoritarizmin toqquşması deyil.


Əslində, Qərb və Rusiya Türkiyənin başağrılarıdır. Son iki əsrdə Qara dəniz bölgəsində Rusiya və Qərbin güclənməsindən məhz həmişə Türkiyənin başı ağrıyıb. Tarixi vərəqləyib, bir daha xəritəyə diqqətlə baxmaq lazımdır ki, Türkiyənin geosiyasi manevrlərini və müttəfiqliklərinin zorən olduğunu anlayasan. Gənc Türkiyə Cümhuriyyəti əvvəlcə Lenin Rusiyası ilə “flirt” etməyə məcbur oldu. İkinci Dünya müharibəsindən sonra isə canını İstanbul boğazlarına göz dikən Stalinin əlindən NATO-ya üzv olmaqla qurtardı. Soyuq müharibə bitdikdən sonra belə çıxdı ki, Türkiyənin ABŞ üçün elə bir önəmi qalmayıb. Düzdür, ötən əsrin 60-70-ci illərindən Kipr məsələsi ilə bağlı Ankara artıq müttəfiqlərinə şübhə ilə baxmağa başlamışdı. Qərb isə istəyir ki, Türkiyə Avropanın astanasında daim boynubükük statusda dursun.



Ağ evdə “Böyük Yaxın Şərq layihəsi” cızılanda Ərdoğan hələ hakimiyyətə gəlməmişdi, PKK-nın Suriyadakı qanadı YPG-ni ABŞ silahlandırır, Fransa-Almaniya siyasi dəstək verir. Fransa və Yunanıstanın imkanı olsa, Türkiyəni Egey dənizində materikə qapadarlar.


Putinin qoltuğuna qarpız verən də Ərdoğan deyil. Bu işi Rusiyanın “Gazprom”, “Rosneft” və başqa iri şirkətlərinin rəhbər orqanlarında təmsil olunan Qərb ölkələrinin sabiq liderləri daha yaxşı bacarırlar.


Avrasiya məkanında “Türkiyə-Rusiya tandemi” haqqında iddialar Amerikanın beyinyuma mərkəzlərinin məhsuludur. Moskva üçün uzunvədəli perspektivdə daha real risklər Türkiyə və Çinin daha da güclənməsidir. Əgər birincinin Rusiyanın “arxa bağçaları”nda gözü varsa, ikincisi nə vaxtsa birbaşa “evin içi”nə soxulacaq. Zira ÇXR-in tarix vəsaitlərində Rusiya ilə sərhədyanı bölgələr “Çinin tarixi əraziləri” kimi təqdim edilir.


Əgər Rusiya bu situasiyadan güclü çıxsa, Türkiyənin ABŞ üçün önəmi yenidən artacaq. Putun məğlub olarsa, aydındır ki, Vaşinqton artıq Ankara ilə hesablaşmağa ehtiyac hiss etməyəcək. Hər iki halda Türkiyə Suriyada, Cənubi Qafqazda və Aralıq dənizində fərqli və mürəkkəb geosiyasi situasiya ilə üzləşə bilər.


Yaxın münasibətlərdə olduğu iki ölkə arasında savaş onsuz da Türkiyəni hərbi-siyasi və iqtisadi anlamlarda artıq yormağa və vurmağa başlayıb, bir çox planlarını pozub və ya risk altına qoyub. Bu gərgin və dramatik günlərdə Türkiyə imkanları çərçivəsində regionda təşəbbüs sahibi olmağa və Rusiya-Ukrayna savaşının mümkün fəsadlarını minimuma endirməyə və ya hazır qarşılamağa cəhd edir.


Ərdoğan öz oynunu oynayır, bunu Putin kimi bir əsrin bəlasının əlinə oynamaq kimi təqdim etmək qərəzli yanaşma və tərəfkeşlikdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir