Modern.az

İran niyə regionda vəziyyəti gərginləşdirir? - ŞƏRH

İran niyə regionda vəziyyəti gərginləşdirir? - ŞƏRH

Analitika

22 Oktyabr 2022, 01:57

Siyasi təhlilçi Nazim Cəfərsoy İranın Azərbaycanla sərhəddə hərbi təlim keçirməsini, bu ölkə rəsmilərinin son günlər ölkəmizə yönəlik təhdidlərlə danışmasını şərh edib.
 

Modern.az-ın məlumatına görə, ekspert deyib ki, hazırda İranda daxili vəziyyət gərgindir. Bu cür durumlarda avtoritet rejimlər xaricdə bir təhlükə formalaşdırıb bir düşmən obrazı yaradaraq, xalqın diqqətini ortaya yönəltmək istəyirlər.

“Bugünkü geosiyasi şərtlərdə bunu ənənəvi düşmən İsrail, ənənəvi rəqib Türkiyə və ya razılaşma astanasında olduğu Qərblə yaratmaq Tehrana müxtəlif motivlərlə sərf etmir. İran da bu konteksdə Azərbaycandan bir düşmən profili yaratmağa çalışır. Tehranın yanaşmasına görə, Azərbaycan yuxarıdakılarla müqayisədə nisbətən daha kiçik bir aktyordur və beləcə bu həmlə İrana regionda daha az maliyətlə öz xalqını manipulyasiya etmək imkanı verir”.
 

N.Cəfərsoy deyir ki,  Azərbaycanı düşmən kimi xarakterizə etmək İrana regionda yaranan yeni geosiyasi balansa müdaxilə etmək fürsəti verir.

“İran bunu ya Türkiyə və Rusiya, ya Qərbi birbaşa qarşısına alaraq edə, ya da Azərbaycan ilə Ermənistan üzərindən edə bilər. Yuxarıda dediyimiz kimi, Rusiya, Türkiyə və Qərb İran üçün uyğun hədəflər deyil. İranın bugünkü şərtlərdə Türkiyə+Rusiya+AB üçbucağında uğurlu balans yaradan Azərbaycan üzərindən də regionda çox fəal rol oynaması mümkün deyil. Ona görə də Tehran regionda zəif halqa olan, düşdüyü vəziyyətdən çıxış yolu və yeni dəstək axtaran Ermənistan üzərindən fəal rol oynamağa çalışır. Bunun üçün də Ermənistanın dəstəkçisi olmaqdadır və ermənilərin Zəngəzur həssasiyyətini mühüm bir vasitə kimi fəal istifadə etməkdədir”.
 

Ekspertin fikrincə, Azərbaycanı düşmənləşdirmək Tehran üçün İran cəmiyyətində getdikcə artan Türkçülük və Azərbaycançılıq meyillərini zəiflətmək və İrançılıq və dövlətçilik motivasiyasını güçləndirmək məqsədi daşıyır.


“Ancaq bu cəhd iki ucu kəskin buçaqdır, yüksələn Türk milliyyətçiliyi və Azərbaycançılıq fonunda Tehran rejimi daxildə tərs reaksiya ilə qarşılaşa bilər”.
 

Siyasi şərhçi bildirib ki, Ermənistanı dəstəkləmək və Zəngəzur üzərindən gərginlik yaratmaq Qərbdəki erməni diasporunun  dəstəyini almaq və imicini yeniləmək baxımından Tehran rejiminə mühüm fürsətlər verir.
 

“Tehran rejimi "Azərbaycanın Rusiya və Türkiyə ilə razılaşaraq Zəngəzur dəhlizini hərbi yolla nəzarəti altına almasını" ciddi bir ehtimal kimi görür. 2020-dəki müharibə və sonra regiondakı balans, eləcə də Ermənistanın zəifliyi İranı qorxudur və bu ehtimalı ciddiyə almağa çox sövq edir. Üstəlik İran bu prosesin yaxınlarda baş verəcəyini düşünür, ona görə də tələm-tələsik Qafanda hazır olmayan binada konsulluq açır.
 

İranın Qafqazda gərginlik yaratmaq xaricində regionda rolunu ciddi olaraq fəallaşdırmaq imkanı yoxdur. Tehran nə ideolojik gücü, nə də iqtisadi şərtləri ilə regionda uğur qazana bilər. Ona görə də "toyda dava salmaq" metodunu seçir”.
 

N.Cəfərsoyun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması İranın Şərqlə-Qərb arasında Yeni İpək Yolu olmaq imkanına böyük zərbə vurur. İran gərginlik çıxardaraq, həm də bu prosesə zərər vermək istəyir.


“Azərbaycan+Türkiyə strateji ittifaqının konkret nəticələr verəcək dərəcədə dərinləşməsi və Türk Dövlətləri Təşkilatının güclənməsinə bu prosesi çox daha irəliyə daşıyacaq Zəngəzur dəhlizinin əlavə olunması bölgədə bütün bir Türk nəsli yaratması mənasına gəlir ki, bu da daxildə əhalisinin yarısı olan Türkləri təzyiq altında tutan İran üçün ən mühüm milli təhlükəsizlik problemlərindən birini yaradır.

 

Hazırda İranda hakimiyyətdə olan qüvvə xarici siyasətdə, xüsusilə regionda sərt gücün daha aktiv istifadəsinin tərəfdarıdır. Hərbi təlimlər və sərt ritorika da bunun tətbiqidir.

 

Bu şərtlərdə İrandan, xüsusilə də hazırda hakimiyyətdə olan radikallardan hər cur təxribat gözləmək olar!!!

 

Diqqətli olmaqda fayda var!!!”.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı