Modern.az

Ərdoğanın Naxçıvan səfərindən GÖZLƏNTİLƏR...

Ərdoğanın Naxçıvan səfərindən GÖZLƏNTİLƏR...

Analitika

25 Sentyabr 2023, 16:28

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda həyata keçirilmiş 19-20 sentyabr tarixli antiterror tədbirlərindən sonra Azərbaycana - Naxçıvana gəlib. Səfər birgünlük olacaq. Görüş zamanı Qarabağda bundan sonra nələrin olacağı, Xankəndidəki ermənilərin və Rusiya sülhməramlılarının aqibətinin müzakirə edilməsi gözlənilir. İki ölkə lideri İğdır-Naxçıvan qaz kəmərinin təməlini də qoyacaq.
Liderlər modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında da iştirak edəcəklər.


Türkiyə Prezidentinin Azərbaycana budəfəki səfərini şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Modern.az-a bildirib ki, Rəcəb Tayyib Ərdoğanın lokal antiterror tədbirlərindən bir neçə gün sonra ölkəmizə gəlişi xüsusi əhəmiyyət kəsb edir:


“BMT-nin 78-ci sessiyasında çıxışı zamanı qardaş Türkiyə Prezidenti bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı. O, bütün dünyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını diqqətə çatdırdı. Eləcə də, Azərbaycanla Türkiyə münasibətlərinin "bir millət iki dövlət" prinsipi ilə irəlilədiyini dilə gətirdi. Cənab Ərdoğan vacib əhəmiyyətə malik olan "Zəngəzur dəhlizi" ilə bağlı da BMT tribunasından bəyanat verdi. Eyni zamanda, Ermənistanın 3 il keçməsinə baxmayaraq, "Zəngızur dəhlizi" ilə bağlı öhdəliklərini yerinə yetirmədiyini söylədi.

Qardaş ölkənin Prezidentinin səfəri Qarabağda keçirilən antiterror tədbirlərindən bir neçə gün sonra gerçəkləşir. Bu, olduqca vacib səfərdir. Türkiyə həmişə olduğu kimi, sentyabrın 19-da Ordumuzun lokal xarakterli antiterror tədbirləri zamanı da Azərbaycana dəstək nümayiş etdirdi. Artıq bu məsələyə nöqtə qoyulub. Azərbaycan Qarabağda, Xankəndi də daxil olmaqla öz ərazilərində suverenliyini tam bərpa edib.

Hesab edirəm ki, Qarabağda baş verən hadisələr, İğdırdan Naxçıvana çəkiləcək qaz kəməri və "Zəngəzur dəhlizi" ilə əlaqədar məsələlər iki ölkə liderinin bugünkü görüşündə ətraflı müzakirə olunacaq. Qarabağda təhlükəsizlik, quruculuq işləri, buradakı ermənilərin yaşaması və işləməsi məsələləri ətrafında da fikir mübadiləsi aparılacaq. Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, Qarabağda yaşamaq istəyən ermənilərin təhlükəsizliyi təmin ediləcək. Onlar burada rahat yaşaya və işləyə bilərlər. Hazırda orada olan həm polis əməkdaşları, həm də digər qurumların nümayəndələri Ermənistana getmək istəyənlərə hər cür şərait yaradırlar. Azərbaycan vətəndaşı olmaq, Qarabağda yaşamaq istəyən ermənilər də var. Onların müraciətləri də nəzərə alınır. Bu məsələlərin hamısı müzakirə olunacaq”.

Ziyafət Əsgərov R.T.Ərdoğanın səfərini Türkiyənin qardaş dəstəyinin bariz nümunəsi kimi qiymətləndirib:


“2004-cü il İranla bağlanan müqaviləyə əsasən Naxçıvana qazı cənub qonşumuzdan alırıq. 2000-ci ildə qardaş Türkiyəylə müqavilə imzaladıq. Müqavilənin məqsədi Azərbaycana qazın məhz Türkiyədən tədarük edilməsi idi. Texniki məsələlər artıq həll olunub. Bir də Zəngəzur məsələsi müzakirə olunacaq. Bu çox vacib məsələlərdən biridir. Azərbaycan, eləcə də qardaş Türkiyə bu məsələyə ciddi və həssas yanaşır. Azərbaycanın Naxçıvana bu dəhliz vasitəsilə quru yolunun açılması həm də bütün Türk dünyasının, Mərkəzi Asiya ölkələrinin bir-birinə qovuşması, Çindən gələn yüklərin ölkəmiz vasitəsilə Avropaya çatdırılması anlamına gəlir. Bu, həm də İpək yolunun bərpası istiqamətində atılan çox mühüm addımlardan biridir. Bu görüş çox vacibdir. Rəcəb Tayyib Ərdoğanın səfəri bir daha Türkiyənin qardaş dəstəyinin bariz nümunəsidir”.


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib ki, Naxçıvana Türkiyədən qaz kəmərinin çəkilməsi Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşəndən sonra planlaşdırılmışdı:
 

“Bakı-Tblisi-Ərzurum qaz kəmərinin işə düşməsindən və Azərbaycan qazının Türkiyə bazarlarına daxil olmasından, bu qazın həcminin artımından sonra Türkiyənin Naxçıvanla həmsərhəd olan bölgələrinə də təbii qazın verilməsi nəzərdə tutulmuşdu. Bu məsələ iki qardaş ölkə arasında müzakirə olundu və Azərbaycanla Türkiyə arasında 2020-ci ilin dekabrında İğdır-Naxçıvan qaz kəməri ilə bağlı anlaşma memorandumu imzalandı. 2023-cü ilin fevral ayında Azərbaycanda səfərdə olan Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti  İlham Əlyevlə İğdır-Naxçıvan qaz kəmərinin çəkilməsini müzakirə etmişdi. İyun ayında qaz xətti ilə əlaqədar məsələlərin hüquqi çərçivəsi müəyyənləşdi və artıq boru kəmərinin çəkilişi gerçəkləşməyə başlayıb”.


Deputat qeyd edib ki, hazırda Naxçıvanın “mavi yanacağ”a olan tələbatı 2004-cü ildə İranla bağlanmış  müqavilə əsasında həyata keçirilir:

 
“Hazırda Naxçıvana qaz İrandan verilir, Azərbaycan bu yanacağı İrana Astara vasitəsilə nəql etməklə barter edir. Yəni, İranda Naxçıvana qaz bu tarnzit əlaqələndirməsi vasitəsilə aparılır. Qarşıdakı planda isə Naxçıvana qazın  Türkiyədən çəkilən  kəmər vasitəsilə verilməsi gündəmdədir. Bunun səbəbi Azərbaycanın birbaşa özünün milli enerji konsepsiyasının hədəflərinə uyğun olaraq daha təhlükəsiz və etibarlı, rentabelli qaz nəqli siyasəti həyata keçirməsi ilə bağlıdır. Bu kəmərin çəkilişi Naxçıvana İrandan qaz verilməsini məhdudlşadıracaq. Ancaq bu, o demək deyil ki, İran və Azərbaycan qaz sahəsində əməkdaşlıq etməyəcək. Hər iki ölkə birgə qaz xətti üzrə bölgədə enerjinin şaxələndirilməsində yaxından iştirak edəcək. Türkiyədən Naxçıvana qaz tədarükü isə qaz təchizatını şaxələndirəcək və enerji təminatının etibarlılığını artıracaq. Naxçıvan həm İrandan, həm də Türkiyədən dəstək almaqla artan enerji tələbatını tam təmin edə biləcək”.
 

A.Hüseynov bildirib ki, kəmərin buraxılış gücü sutkada 1,5 milyon kubmetr təşkil edəcək:
 

“Layihə çərçivəsində Dilucu məntəqəsində qazpaylayıcı stansiya tikilib və bu stansiya 20 min kvadrat metr sahəni əhatə edəcək. İllik 500 milyon kubmetr qaz nəqli potensialı olan bu layihənin həyata keçirilməsi ilə Naxçıvanın qaz təminatı etibarlı və dayanıqlı şəkildə təmin olunacaq”.
 

Hərbi ekspert Elxan Şıxəliyev Naxçıvan Hərbi Kompleksinin açılmasının strateji tərəfdaşlıqdan irəli gəldiyini söyləyib:
 

“Sahədə gördüklərimiz Şuşa bəyannaməsindən sonra birgə fəaliyyətin göstəricisidir. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri eyniləşdəriləcək. Xüsusən də Azərbaycan Silahlı Qüvvələri Türkiyə Ordusunun mini modeli olacaq. Görülən tədbirlər bunun bir hissəsidir. Artıq Azərbaycan və Türkiyə vahid hava məkanının nəzarətə götürülməsi üçün mərkəz yaradılıb. Naxçıvan mühafizə kompleksi də sırf Türkiyə Silahlı Qüvvələri ilə gələcəkdə o coğrafiyada mümkün olacaq təhdid və təhlükələrin qarşısının birgə alınması üçün yaradılıb. Türkiyə Silahlı Qüvvələri Naxçıvanda, Naxçıvanın Silahlı Qüvvələri Türkiyədə olacaq. Gələcəkdə Naxçıvandakı gizir və zabitlər Türkiyə Silahlı Qüvvələrində xidmət keçə biləcəklər. Artıq elə mərhələyə gəlmişik ki, birgə hərbi komplekslərin açılmasına təəccüblənməməliyik. Strateji müttəfiqlik o deməkdir ki, bizdə nə varsa onlarda, onlarda nə varsa bizdə olacaq".

Hərbi ekspert Türkiyə və Azərbaycan Ordusunun bir yerdə olmasının əhəmiyyətindən də danışıb:


"İki ölkənin ordusunun birgə hərəkəti çox vacibdir. Azərbaycan və Türkiyə ordusunun bir yerdə olduğu müddətdə dünyanın güc mərkəzləri bizimlə hesablaşmaq məcburiyyətində qalacaq. Biz bu gün sahədə bunun nəticələrini görürük”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi