Modern.az

Rusiyanın hərbi bazası Ermənistandan çıxarılır? - Heç də asan olmayacaq...

Rusiyanın hərbi bazası Ermənistandan çıxarılır? - Heç də asan olmayacaq...

Analitika

26 Oktyabr 2023, 15:42

Ermənistan baş naziri Nikol Paşinyan "Wall Street Journal" nəşrinə müsahibə verib. O, müsahibəsində Rusiyanı qəzəbləndirəcək fikirlər səsləndirib.Ermənistan Rusiya hərbi bazalarını öz ərazisində saxlamağa davam etməkdə heç bir üstünlük görmür. "Bu hadisələr bizi mahiyyətcə təhlükəsizlik sahəsində əlaqələrimizi şaxələndirməli olduğumuz qərara gətirdi və biz indi bunu etməyə çalışırıq", - Paşinyan bildirib.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın müsahibəsində dediyi fikirlərə münasibət bildirib. O, Kremlin Paşinyanın dediklərinə aydınlıq gətirəcəyinə ümid etdiyini bildirib. Peskov vurğulayıb ki, Rusiya Ermənistanla təmaslarında Paşinyanın təhlükəsizlik sektorunda diversifikasiya ilə bağlı sözlərinə aydınlıq gətirəcəyinə ümid edir. Kremlin mətbuat katibinin sözlərinə görə, Rusiya və Ermənistan arasında dialoqun müxtəlif nəşrlər, xüsusilə “The Wall Street Journal” vasitəsilə saxlanması bəyənilən deyil.

 

Rusiya və Ermənistan arasında münasibətlərin gərginləşməsi fonunda Paşinyanın anti-Rusiya müsahibəsi vəziyyəti daha da qəlizləşdirib. Artıq mətbuatda Rusiya bazasının Ermənistan çıxarılması barədə müzakirələr aparılır. Rusiya mətbuatında isə Paşinyan hədəfə alınır.

 

Rusiya Ermənistandan bazasını çıxara bilərmi? 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Qərbin Ermənistanın  vasitəsilə Cənubi Qafqazda Rusiyaya qarşı cəbhə açmaq istədiyini bildirib:

 

"Nikol Paşinyanın qarşısına qoyulan missiya Ermənistanın Rusiyadan tam uzaqlaşdırılmasıdır. Fransa başda olmaqla Qərb Ermənistandan istifadə edərək Cənubi Qafqazda Rusiyaya qarşı cəbhə açmaqdadır. N.Paşinyan 2018-ci ildə hələ Baş nazir seçilməmişdən qabaq ictimai çıxışlarında Kollektiv Təhlüksizlik Müqaviləsi Təşkilatının(KTMT) və Avrasiya İqtisadi İttifaqının(Aİİ) Ermənistan üçün gərəkli olmadığını bildirirdi. Hesab edirəm ki, elə anti-Rusiya mövqelərinə görə də onu hakimiyyətə gətirdilər. Cənubi Qafqaz regionundan kənarda yerləşən dövlətlərin burada təsir imkanlarının olması məqbul deyil. İranda keçirilən “3+3” formatında bu ölkənin xarici işlər naziri bu məsələyə toxundu. O, “kənar dövlətlər regiona müdaxilə etməsinlər” dedi. Bu, Ermənistana  ünvanlamış mesaj idi. Ermənistan belə mövqeyi ilə özünü region dövlətlərindən daha da təcrid edir. Bu isə hər şeydən öncə Ermənistanın özünə ciddi təhlükə yaradacaq.Həmçinin regionun özü üçün də bu, təhlükəlidir".

E.Mirbəşiroğlu təhlükənin qarşısının vaxtında alınmalı olduğunu düşünür:

 

"Bu gün Fransa Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi əvvəlki dövrlərdə olmadığı qədər sıx əməkdaşlıq edir. Fransa müdafiə naziri də bununla öyünür. Bunun özü proseslərin hansı istiqamətdə cərəyan etdiyini göstərməkdədir. Ermənistanda müşahidə missiyasının açılması da düşündürücüdür. Fransa faktiki olaraq Ermənistanda özünün hərbi mövcudluğunu təmin etmək üzrədir. Təbii ki, bütün bunlar Rusiyaya  qarşı geosiyasi  mübarizənin  göstəriciləridir. Paşinyan 44 günlük Müharibə zamanı Azərbaycanla Rusiyanın qarşı-qarşıya gəlməsini istəyirdi. Bu da Qərbin intriqalarıydı. Qərbdən gələn tapşırıqlar əsasında Paşinyan belə çıxışlar edirdi. Fransa Prezidentiylə də məsləhətləşirdi. Aldığı təlimatlar üzrə Rusiyanın qarşısında tələblər qoyurdu. Rusiya proseslərə müdaxilə etsin istəyirdi. Belə olan halda təbii ki, regionda vəziyyət tamamilə fərqli xarakter ala bilərdi. Hesab edirəm ki, Ermənistanın davranışları təkcə bizim ölkəmiz üçün deyil, Cənubi Qafqaz regionu üçün təhlükəli nəticələr vəd edir. Bunun qarşısı vaxtında alınmalıdır".

 

Deputat Azərbaycanın qabaqlayıcı addımlarını davam etdirməli olduğunu söyləyib:

 

"Ermənistanın vasitəsilə Qərbin bir sıra təhlükəli, məkrli planlarının qarşısını Azərbaycan aldı. Məsələn Azərbaycan ərazisindəki ermənilərin vəziyyəti üzərindən regionda ciddi gərginlik yaratmaq,yaxud da bu məsələni açıq saxlayaraq, gələcəkdə regiona müdaxilə imkanlarını saxlamaq istəyirdilər. Azərbaycan  öz suveren ərazilərində antiterror tədbirləri ilə separatizmə son qoydu. Hesab edirəm ki, bununla da bəlli bir planı alt-üst etdi. Artıq bizim etdiyimiz kimi, təhlükəli probelemlərə adekvat cavab reaksiyaları vermək vacibdir. Avropa İttifaqının nümayəndəsi bu yaxınlarda “Aİ-nin  başlıca məqsədi  erməniləri öz yaşadıqları ərazilərə, yəni Qarabağa  köçürməkdən ibarətdir” dedi. Bu, riyakarlıqdır. Bunların başlıca məqsədi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırmaqdan ibarət olmalıdır. Aİ Azərbaycanın aqressiyasına cavab olaraq Ermənistana daha çox  yardımlar göstərməliyik deyir.  Azərbaycan nə zaman Ermənistana aqressiya nümayiş etdirib? Azərbaycan sadəcə öz ərazi bütövlüyün bərpa edib. Bu da hər bir dövlətin təbii hüququdur.  Avropa həmişə ikili standartlarla hərəkət edib və bu gün də eyni cür davranmaqdadır. Biz də bu, cərəryan edən proseslərin xarakterinə uuyğun olaraq, bu günə qədər atdığımız qabaqlayıcı xarakterli addımlarımızı davam etdirməliyik".

 

Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması asan məsələ deyil:

 

"Ermənistan Baş naziri Nikol Paşinyandan öncə Rusiya ilə Ermənistan arasında müttəfiqlik sazişi imzalanıb. Səhv etmirəmsə, sazişin müddəti 2044-cü ilə qədərdir. Əlbəttə, Paşinyan həmin müqavilədən imtina edə bilər. Ancaq bu, Rusiya-Ermənistan münasibətlərinə çox böyük zərbə vuracaq. Paşinyan Rusiya hərbi bazasını ölkədən çıxarmağa nail olub, boşluğu Fransa ilə doldurmaq istəsə, bunun Ermənistana heç bir faydası olmayacaq. Rusiya  Ermənistanı cəzalandırmağa qərar verəcək. Rusiyanın bunu etmək üçün Ermənistanda çevriliş etməsi, yaxud terror həyata keçirməsi vacib deyil. Rusiyanın Ermənistana ötürdüyü qazı kəsməsi kifayətdir ki, ölkənin problemləri artsın. Rusiya Ermənistana qazı ucuza satır. Fransanın qazımı var ki, Ermənistana satsın? Ermənistanın əsas məhsulları Rusiyada satılır. Ermənistanın mallarını Fransa qəbul edərmi? Görüldüyü kimi, Rusiyanın Ermənistanı cəzalandırması üçün  xeyli alətləri var". 

E.Şahinoğlu vurğulayıb ki, Fransanın Ermənistanda hərbi baza yaratması Azərbaycana böyük təhlükə yaratmayacaq:

 

"KTMT-dən Ermənistanın çıxması mümkündür. Bundan sonra Ermənistan Rusiya silahını ala bilməyəcək.  Fransadan da silahları Rusiyadan olduğu kimi pulsuz əldə edə bilməyəcək. Alınan hərbi texnikanın Rusiya silahları ilə necə inteqrasiya olacağı məsələsi özü böyük sualdır. Ermənistan Ordusunun silah və hərbi texnikasının mütləq əksəriyyəti Rusiya istehsalıdır. Üstəgəl Fransadan alınan silahaların texniki xidməti  də bahalıdır. Fransanın Rusiya əvəzinə Ermənistanda hərbi baza yaratması, Azərbaycana böyük təhlükə olmayacaq".

 

Politoloq Azərbaycanda Türkiyə hərbi bazalarının yaradılmasının vacib olduğunu söyləyib:

 

"Azərbaycan Türkiyəylə strateji müttəfiqdir. Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması vacibdir. Rusiya hərbi bazasının yerinə Fransa hərbi bazası yaranacaqsa,Türkiyənin hərbi bazaları da Azərbaycanda  olmalıdır. Hamı bilməlidir ki, Azərbaycana qarşı təhlükə olarsa,qarşılarında Azərbaycan-Türkiyə ittifaqını görəcəklər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir