Bir vaxtlar Cənubi Azərbaycanda çıxan “Şəmsi Təbriz” qəzetində “Futbolu türklər yaratmayıbmı?” sərlöhvəli məqalədə müəllif Hüseyn Vahid yazır ki, qadın futbolunu türklərin yaratdığı çox az adama bəllidir. Məqalədə deyilir:
“Hələ Səfəvi hakimiyyətinin ilk illərində Xətai əsərlərindən birində türk qızlarının bir neçə nəfərlik qrupa bölünərək ayaqdanaldı (yəni, futbol) oynadığını təsvir edir. Sonralar türklərin bu oyunu avropalılar üçün çətin olduğundan onun qaydalarında dəyişikliklər ediblər. Lakin əsas qaydaları - əlin topa toxunmaması, meydandan kənara çıxmaması, topun yumruluğunu və s. saxlamalı olublar. Dəyişikliyin ən böyüyü isə o oldu ki, onu gözəllərdən alıb kişilərə verib”.
Qadağalar zərif cinsə mane ola bilmədi
Qadınların beynəlxalq fiziki tərbiyə və idman hərəkatına inteqrasiya prosesi asan olmayıb. Uzun illər kişilərin “zəif yarısı” adlandırılan bu müqəddəs varlığın cəmiyyətin ictimai-siyasi və intellektual həyatında iştirakına icazə verilməyib və onlar müxtəlif qadağalarla üz-üzə qalıblar. Hələ antik dövrlərdən cəmiyyətin sosial-mədəni həyatında qadınların rolu minimum səviyyədə olub. Bunu qədim Yunanıstanda keçirilən Olimpiya Oyunlarına qadınların buraxılmaması faktı da sübut edir. XIX əsrdə ictimai şüurda baş verən dəyişikliklər Qərbi Avropanın aparıcı ölkələrində qadınların sosial təyinatı haqqında baxışları da dəyişdi. Fransa, İngiltərə, Almaniya və ABŞ-da qadınların hüquq bərabərliyi uğrunda mübarizəsi fəal şəkil aldı. XIX əsrin sonları və XX əsrin əvvəllərində qadınlar öz sosial statuslarını bədən tərbyiəsi və idmanın müxtəlif bölmələrinə olan maraqları ilə təsdiq etməyə can atırdılar. Sosial statusun dəyişməsi qadınların beynəlxalq idman və Olimpiya Hərəkatında potensial iştirak hüququnu təmin edirdi. Qadınlar heç bir yerdən kömək gözləməyərək beynəlxalq idman və Olimpiya Hərəkatında layiqli yer tutmaq üçün öz idman cəmiyyətlərini və federasiyalarını təşkil etməyə başladılar. Bunun nəticəsində 1906-cı ildə Beynəlxalq Konküsürmə İttifaqının (İSU) təşəbbüsü ilə İsveçrənin Davos şəhərində fiqurlu konkisürmə üzrə ilk dünya çempionatı keçirildi. Bunun ardınca 1911-ci ildə Almaniyada, 1913-cü ildə Avstriyada, 1914-cü ildə ABŞ-da, 1915-ci ildə isə İngiltərədə yarışlar təşkil edildi. İngiltərədə keçirilən yarışlarda həm qadınlar, həm də kişilər iştirak edirdilər. 1927-ci ilə kimi keçirilən qarışıq birincilikdə qadınlar 5 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Böyük Britaniyada keçirilən açıq çempionatın ilk qızıl medalını qazanan idmançı Mec (Florens) Sayers (1903-1904-cü illər) oldu.
Antik olimpiadada olduğu kimi, 1896-cı ildə keçirilən ilk müasir Olimpiya Oyunlarında da qadınların iştirakına qadağa qoyulub. Afina-1896-da qadınların iştirakına yol verilməsə də, yunan qadın atlet Melpomenin marafonda qeyri-rəsmi iştirakı barədə faktlar mövcuddur.
Qadınlar Olimpiya yarışlarında 1900-ci ildən iştirak edirlər və zərif cinsin nümayəndələri güclərini yalnız idmanın tennis və qolf növlərində sınayırdılar. 1912-ci ildə isə qadınlara üzgüçülük yarışlarında iştirak etməyə icazə verilib. Maraqlıdır ki, bu məsələ ilə bağlı hətta Beynəlxalq Olimpiya Komitəsinin üzvləri arasında fikir ayrılığı mövcud olub. 1928-ci ildə Amsterdamda keçirilən IX Olimpiya Oyunlarında cins bərabərliyi haqda prinsipin qüvvəyə minməsi vəziyyəti bir az yumşaltsa da, mövcud problemi kökündən dəyişə bilmədi. XX əsrin əvvəlində qadın idmanına qarşı tarixən formalaşan soyuq münasibət yavaş-yavaş əriməyə başlayırdı. Lakin qadınlar irimiqyaslı beynəlxalq və Olimpiya yarışlarında idmanın ancaq tennis, qolf, ox atıcılığı, at idmanı, fiqurlu konkisürmə və üzgüçülük növlərində iştirak edirdilər. Qadınlar arasında Olimpiya proqramının genişlənməsi ətrafında baş verən müzakirələr sonsuz və mürəkkəb xarakter daşıyırdı. Geniş ictimaiyyət qadın təbiətinə zidd olan və ənənəvi kişi idman növü sayılan atletika kimi idman növləri ilə qadınların məşğul olmasına ciddi surətdə etiraz edirdi. 1917-ci ildə fransız Elis Millye yüngül atletika ilə məşğul olan bütün qadınlar adından Beynəlxalq Olimpiya Komitəsinə onların Olimpiya Oyunlarında iştirakına mane ola biləcək qərarların ləğv olunması ilə bağlı müraciət etdi. Millyenin Fransada qadın idman assosiasiyası yaratmaq səyləri uğurla nəticələndi. Assosiasiya yüngül atletikanın bir idman növü kimi 1920-ci ildə keçirilən Olimpiya oyunlarının proqramına salınmasına müvəffəq oldu. 1921-ci il oktyabrın 31-də Paris, İngiltərə, İtaliya, ABŞ, Çexoslovakiya və Fransa nümayəndələrinin daxil olduğu Beynəlxalq Qadın İdmanı Federasiyası (FSFİ) yaradıldı. Bu təşkilat ümumdünya qadın idmanının inkişafında mühüm işlər gördü. FSFİ 1922-ci ildə alternativ olaraq qadınlar arasında Olimpiya oyunlarını təşkil etdi.
“Olimpiya” termini ilə bağlı BOK-un etirazından sonra bu ad dəyişdirələrək Ümumdünya qadın oyunları adlandırıldı. Növbəti oyunlar 10 ölkənin iştirakıyla 1926-cı il İsveçin Hottenburq, 1930-cu ildə 17 ölkənin iştirakıyla Praqa şəhərində keçirildi. Sonuncu, IV Qadın Oyunları 1934-cü ildə Londonda təşkil edildi. Həmin yarışlar öz miqyasına görə möhtəşəm və misilsiz uğurlarla yadda qaldı və nəticədə Beynəlxalq Həvəskar Yüngül Atletika Federasiyası (İAAF) qadınlar arasında yüngül atletika yarışlarını himayəyə götürməyə vadar oldu. Beynəlxalq Olimpiya Komitəsi qadın idmançılara etiraz etməyin əbəs yerə olduğunu anlayaraq 1924-cü ildə xartiyada müəyyən idman növləri üzrə qadınların Olimpiya oyunlarında iştirakını rəsmən təsdiq etdi. Müqayisə üçün qeyd edək ki, 1924-cü ildə qadınlar arasında Olimpiya proqramına daxil edilən idman növlərinin sayı 7 olduğu halda, 1928-ci ildə bu rəqəm 9, 1936-cı ildə 10, 1948-ci ildə isə 19 olub. Maraqlı faktdır ki, Olimpiya Oyunlarında ilk dəfə 1900-cu ildə iştirak edən qadınların Olimpiya Hərəkatında iştirakı son 30-40 ildə sürətlə inkişaf edib. Onu da qeyd edək ki, qadınların rəhbər idman təşkilatlarında iştirakı Beynəlxalq Olimpiya Komitəsinin bu gün xüsusi diqqət mərkəzində olan aktual məsələlərdəndir. BOK qadınların ictimai həyatda fəallığını artırmaq üçün seminarlar və konfranslar da daxil olmaqla xüsusi proqramlar işləyib hazırlayır. Olimpiya Oyunlarında qadın iştirakçıların sayı çox olsa da, hələ ki, Olimpiya Hərəkatı çərçivəsində rəhbər orqanlarda çalışan qadınların sayı o qədər çox deyil.
Qadınlar Olimpiya oyunlarında
Qadınların Olimpiya oyunlarında iştirakına 1924-cü ildə icazə verilib. VIII Olimpiya Oyunlarnda (Paris) 136 nəfər qadın qüvvəsini sınayıb. 1928-ci ildə Amsterdamda keçirilən növbəti IX Olimpiya Oyunları qadınların ən çox iştirak etdiyi olimpiada olub. Belə ki, 290 qadın idmançı 5 idman növü üzrə mübarizə aparıb. Bu olimpiadadan başlayaraq idmanın “şahzadə”si sayılan atletika qadınların himayəsi altına keçib və sonrakı olimpiadalarda da onlar bu idman növündə yüksək nəticələr əldə ediblər.1968-ci ildə Mexiko şəhərində keçirilən olimpiadaya qədər qadınlar və kişilər ayrı-ayrı yarışıblar.
Qadınların əldə etdikləri nailiyyətlər kişilərin nailiyyətlərindən aşağı olduğundan istər-istəməz qadınların göstəriciləri o qədər də ciddi qəbul olunmayıb. Mexiko Olimpiadasından başlayaraq zərif cinsin nümayəndələri atçılıq və güllə atıcılığı üzrə yarışlarda kişilərlə birgə iştirak ediblər və qızıl medallar qazanıblar. Zəriflərə qarşı olan inam, etibar, ehtiram ona gətirib çıxarmışdır ki, 1968-ci ildə Olimpiya məşəlinin yandırılması şərəfi meksikalı qadın idmançı Enriketa Basilio Sotaloyaya nəsib olub. Sidney-2000 Olimpiadasında isə məşəli Keti Freman yandırıb. Yeri gəlmişkən, 2000-ci il Sidneydə keçirilən XXYII Olimpiya Oyunlarında qadınlar proqramda nümayiş etdirilən 28 idman növündən 25-də təmsil olunurdular. Amerikanın Solt Leyk Siti şəhərində keçirilən XIX Qış Olimpiya Oyunlarında isə qadınlar Olimpiada iştirakçılarının böyük yarısını təşkil etməklə yanaşı, həm də rekordların sayına görə liderlik edirdilər. Maraqlıdır ki, əvvəllər məhdud idman növlərində iştirak edən qadınlar hazırda Olimpiya proqramında kişilərlə bərabər sayda yarışlarda çıxış edirlər.
Qadınların idmanın kişilər üçün nəzərdə tutulan növlərində (boks, güləş, ağır atletika, futbol, hokkey) iştirakı onların hüquq bərabərliyi uğrunda apardıqları mübarizənin uğurlu nəticəsidir. İndi Olimpiya oyunlarını qadınlarsız təsəvvür etmək mümkün deyil.
Son illərin olimpiadaları göstərir ki, qadınlar Olimpiya proqramına daxil edilən idman növlərinin əksəriyyətində qüvvələrini sınayırlar və istər yay, istərsə də, qış Olimpiya oyunlarında iştirak edən idmançıların 20 faizindən çoxu qadınlardır. Dünya şöhrətli idmançılar Lidiya Skoblikova, Sonya Heni, Larisa Latınina, Fanni Blankers-Kun, Mislin Ostermayer, Karin Kanya, Şteffi Qraf, Mariya Şarapova, Sürəyya Ayhan, Vilma Ruolf, Olqa Korbut, Tatyana Kazankina, Anna Kurnikova, Klaudia Pexştayn adlarını Olimpiya tarixinə qızıl hərflərlə yazdıranlardandırlar. Bizə çox doğma və yaxın olan, zəriflik və gözəllik mücəssiməsi olan qadınlarımız Zemfira Meftahəddinova, Rəfiqə Şabanova, Zülfiyyə Hüseynova, Kifayət Qasımova, İradə Aşumova Azərbaycanı Avropa və dünya miqyaslı idman yarışlarında, mötəbər turnirlərdə, Olimpiya oyunlarında ləyaqətlə təmsil edirlər. Onlar qadın gücünün nələrə qadir olduğunu dəfələrlə sübuta yetiriblər.
Azərbaycan qadını və idman
1997-ci ildə Milli Məclisin deputatı İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra yeni və məhsuldar istiqamət götürmüş idman siyasətində aparılan köklü dəyişikliklər qadın idmanına da öz təsirini göstərməyə bilməzdi. Beynəlxalq və ölkə miqyasında keçirilən fərdi və komanda yarışlarında idmançılarımızın əldə etdikləri möhtəşəm və misilsiz qələbələr hər birimizin qəlbini sevinc və fərəh hissi ilə doldurur. 2001-ci ildə Azərbaycanın qadınlardan ibarət voleybol komandasının “Top-komanda” kubokunun sahibi olması, Olimpiya çempionu Rəfiqə Şabanovanın rəhbərlik etdiyi qadınlardan ibarət həndbol komandasının “Çağırış kuboku” (“Challenge Trorhy”) uğrunda yarışlarda qalib gəlməsi, qılıncoynadanımız Yelena Jemayevanın 1999-2000 və 2002-ci illərdə Dünya kubokunu əldə etməsi, stend atıcımız Zemfira Meftahətdinovanın Sidney-2000-də olimpiadanın qızılını qazanması, Afina-2004 Olimpiya Oyunlarının bürünc mükafatçısı olması deyilənləri bir daha təsdiq edir. Azərbaycan təmsilçisi Mariya Stadnikin Pekin-2008 Olimpiadasında bürünc, London-2012 və Rio-2016 Olimpiya Oyunlarında gümüş medal qazanması Azərbaycan idmanının, Azərbaycan qadınlarının möhtəşəm qələbəsinin təzahürüdür. Bütün qadınları, anaları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ilə ürəkdən təbrik edirik!
Səadət Hakıyeva