Xeybər GÖYALLI
Ölkə mediasında yol verilən dil qüsurları barədə Azərbaycan dilinin dil normalarına istinad edərək, vaxtaşırı fikir və mülahizələrimi bildirirəm. İndi də əlimdə bir xeyli fakt var. Bu gün dil normalarının pozulmasına çap mediasını üstələmiş internet resurslarında daha çox rast gəlinir. Bu barədə növbəti məqalələrimdə geniş söhbət açacağam. İndi isə hər gün televiziya kanallarından eşitdiyimiz, çap və internet mediasında rast gəldiyimiz bir dil qüsuru barədə danışmaq istərdim.
Gündəm mövzusu ilə bağlı olduğundan bu dil qüsurunu digər dil faktlardan ayırmağı vacib bildim. Koronavirus və pandemiya mövzusu təkcə ölkəmizin yox, dünya mediasının gündəmini zəbt edib. Artıq insanların alt şüuruna belə daxil olmuş koronavirus mövzusunu hər kəs diqqətdə saxladığından onunla bağlı bütün informasiyaları oxumağa və dinləməyə məcburuq. Əlbəttə, birbaşa ölkəmizlə bağlı verilən koronavirusla əlaqədar informasiyaları daha həssaslıqla izləyirik.
Bildiyimiz kimi, ölkəmizdə karonavirusla bağlı karantin rejimi tətbiq olunub. Karantin rejimi tətbiq olunandan hər gün eynilə kobud bir dil xətası təkrarlanır. Hər gün televiziya kanallarından “karantin rejimi qaydaları” ifadəsi səslənir, internet və çap mediası da eynilə bu səhvi təkrarlayır. Çox təəssüflər olsun ki, bu dil xətasına bir əsrlik tarixi və peşəkar redaktə institutu olan informasiya agentliyinin materiallarında da rast gəlinir. “Karantin rejimi” ifadəsindən sonra “qayda (ları)” sözünün işlədilməsi doğru deyildir. Məlumat üçün bildiririk ki, “karantin” və “rejim” sözləri fransız dilinə məxsusdur. “Karantin” sözünün leksik mənası lüğətlərdə belə izah edilir: yoluxucu xəstəliklərin geniş yayılmasının qarşısını almaq üçün xəstələrin və onlarla təmasda olan şəxslərin müvəqqəti təcrid olunması.
“Rejim” sözü isə müəyyən edilmiş qaydalar mənasını ifadə edir. Belə olduğu halda, “karantin rejimi” ifadəsindən sonra “qaydalar” sözünün işlədilməsi kobud təkrardan başqa bir şey deyildir.
Təkrarın biliyin (məlumatın) mənimsənilməsində, bacarıq və vərdişlərin qazanılmasında müstəsna rolu danılmazdır. Ancaq hər hansı bir yanlış hərəkət və ya səhv məlumat təkrarlandıqda ənənəviləşir, yaddaşda özünə yer edir. Bu səhv mediada təkrarlandıqda isə daha inandırıcı görünür, oxucu və dinləyicidə onun səhv olduğuna heç bir şübhə yaranmır. Kütləvi informasiya vasitələrində təkrarlanan səhv doğru, düzgün kimi qəbul olunduğundan oxucu və dinləyicinin göz və qulaq yaddaşında özünə birdəfəlik yer alıb oturuşur.