İran xarici təzyiqlərə baxmayaraq daxildə siyasi və ictimai konsolidasiyanı gücləndirərək daha vahid mövqe nümayiş etdirir.
Modern.az xəbər verir ki, bu barədə Foreign Policy nəşri məlumat yayıb.
Məlumata görə, Qərb analitiklərinin gözləntilərinin əksinə olaraq, İranın siyasi sistemi xarici təzyiqlər fonunda yüksək dərəcədə birləşmə nümayiş etdirir. Tədqiqatçılar Tehran şəhərində ictimai aksiyaların xarakterinin dəyişdiyini qeyd edirlər – əvvəlki kimi epizodik tədbirlər əvəzinə, sosial şəbəkələr vasitəsilə koordinasiya olunan davamlı və kütləvi iştirak müşahidə olunur.
Bildirilir ki, hakimiyyət müxtəlif sosial qruplarla, o cümlədən gənclərlə kommunikasiya kanalları qurmağa nail olub.
Hesabatda qeyd olunur ki, daxili sabitliyin qorunmasında dini mərsiyəçilər (madəhlər) mühüm rol oynayır. Onlar milli ideyaları dini kontekstə inteqrasiya edərək hökumət tərəfdarları ilə neytral vətəndaşlar arasında ümumi narrativ formalaşdırırlar. Bu prosesdə qadınların fəal iştirakı da xüsusi vurğulanır və geniş ictimai dəstək görüntüsü yaradır.
Bundan əlavə, Tehran beynəlxalq arenada informasiya siyasətini modernləşdirərək viral kontent və rəqəmsal diplomatiyadan istifadə edir. Dövlət mediasının koordinasiyalı fəaliyyəti və daxili mobilizasiya ölkənin danışıqlarda sərt mövqe saxlamasına imkan verir.