İyunun 8-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) və İƏT-in Baş Katibliyinin İnformasiya-Media İdarəsinin birgə təşkilatçılığı ilə “Böhranlar və dezinformasiyaların yayılması şəraitində informasiyaların dəqiqləşdirilməsi yolları” mövzusunda vebinar keçirilib.
Vebinarda İƏT-ə üzv ölkələrin milli xəbər agentliklərinin və teleradio şirkətlərinin nümayəndələri, eləcə də AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin əməkdaşları, ümumilikdə 33 dövlətdən 170 media işçisi və ekspert iştirak edib.
Seminar Səudiyyə Ərəbistanı Krallığının İnformasiya naziri, UNA İcraiyyə Şurasının sədri Məcid bin Abdullah əl-Qasbinin sədrliyi ilə mayın 16-da “Koronavirusa qarşı səylərin dəstəklənməsində xəbər agentliklərinin rolu” mövzusunda keçirilmiş ilk virtual forumun nəticələrinin müzakirəsinə həsr olunub. UNA-nın Baş direktor müavini Zayid Sultan Abdullah qeyd edib ki, məqsəd böhran vəziyyətində jurnalistlərin informasiyaları dəqiqləşdirməsi və feyk xəbərlərin qarşısının alınması üçün vacib olan jurnalist peşəkarlığının artırılmasıdır.
Sonra mövzu ətrafında müzakirələr aparılıb. Mühazirəçi əs-Sadiq əl-Həmmami feyk xəbərlərin yarandığı mühit və yayılma səbəbləri haqqında fikirlərini bölüşüb, böhranlı vəziyyətlərdə insanların düzgün məlumatlandırılmasında xəbər agentliklərinin artan rolundan və jurnalist peşəkarlığının əhəmiyyətindən danışıb. Həmçinin sosial şəbəkələrdə yayılmış foto-video informasiyaların həqiqətə nə dərəcədə uyğun olduğunu dəqiqləşdirmək vasitələri barədə mövcud təcrübələri diqqətə çatdırıb.
Qeyd edək ki, AZƏRTAC İslam Əməkdaşlıq Təşkilatına üzv 57 ölkənin milli xəbər agentliklərini birləşdirən UNA-nın İcraiyyə Şurasının 12 üzvündən biridir. 1972-ci ildə təsis olunan bu media qurumunun əsas məqsədi İƏT-ə üzv ölkələr arasında informasiya mübadiləsinə yardım göstərmək, İslam dünyasının üzləşdiyi problemlər barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır. UNA üç dildə - ərəb, ingilis və fransız dillərində xəbərlər yayır.