Modern.az

Bayrağımıza zərər verənləri gözləyən CƏZALAR

Bayrağımıza zərər verənləri gözləyən CƏZALAR

Ölkə

Bu gün, 11:28

Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü üçrəngli bayrağımıza olan sevgi və ehtiramın ifadəsidir. Lakin təəssüf ki, bəzən dövlət rəmzimizə qarşı hörmətsiz münasibət, onun qəsdən zədələnməsi və ya təhqiredici hərəkətlərə yol verilməsi halları da müşahidə olunur.

Modern.az-ın araşdırmasına görə, dövlət rəmzlərinə hörmət göstərilməsi Konstitusiya ilə vətəndaşların üzərinə qoyulan vəzifələrdən biridir. Bu tələbin pozulması isə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb ola bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən, hər bir vətəndaş dövlət rəmzlərinə – Azərbaycan Respublikasının bayrağına, gerbinə və himninə hörmət etməlidir.

Cinayət Məcəlləsinin 324-cü maddəsinə görə, Azərbaycan Respublikasının Dövlət Bayrağına və ya Dövlət Gerbinə qarşı təhqiredici hərəkətlər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qanunvericilikdə dövlət bayrağının hazırlanması, təsviri və istifadəsi ilə bağlı da konkret tələblər müəyyən edilib. Bayrağın ölçüsündən asılı olmayaraq, onun təsviri Konstitusiyanın və müvafiq Konstitusiya Qanununun tələblərinə uyğun olmalıdır.

Xüsusilə sənaye üsulu ilə hazırlanan və ya çap edilən bayraqlarda rənglərin dəqiqliyinə riayət edilməlidir. Belə ki, mavi rəng “Pantone” kataloqu üzrə Blue 313 C, qırmızı rəng Red 185 C, yaşıl rəng isə Green 3405 C kodlarına uyğun olmalıdır. Bayraq bütöv və solğunlaşmamış vəziyyətdə saxlanılmalıdır.

Dövlət bayrağının qaldırılması və yerləşdirilməsi zamanı da müəyyən qaydalara əməl olunmalıdır. Bayraq dirəkdən və ya xüsusi tutacaqlara bərkidilmiş dəstəkdən asılmalı, onun aşağı kənarı yerdən azı üç metr hündürlükdə olmalıdır.

Bundan başqa, dövlət bayrağının masaların və kürsülərin üzərinə örtük kimi sərilməsi, oturulan və ya ayaq basılan yerlərdə yerləşdirilməsi yolverilməzdir.

Beləliklə, üçrəngli bayrağımıza ehtiram yalnız mənəvi məsuliyyət deyil, həm də qanunla qorunan vəzifədir. Dövlət rəmzlərinə qarşı təhqiredici hərəkətlər isə müvafiq hüquqi məsuliyyət yaradır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!