Bu gün sosial şəbəkələrdə avtomobil idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, həmin görüntülər dərhal araşdırılıb.
Məlumata görə, araşdırma zamanı videoda yer alan sürücü İranə Əhmədova və 2 rəfiqəsinin Mərdəkan qəsəbə sakinləri olduğu aydınlaşıb:
"O da müəyyən edilmişdir ki, məsələ heç də qadınların videoda səsləndirdikləri kimi deyil. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyır və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib. Odur ki, saxlamayıblar.
Həmin qadınlar Xəzər Rayon Polis İdarəsinə dəvət edilib və profilaktik söhbət aparılıb. Onlar bu hərəkətlərini sosial şəbəkə izləyiciləri arasında böyük nüfuza malik olduqlarını göstərmək üçün paylaşdıqlarını bildirib və əməllərindən peşman olduqlarını qeyd esiblər".