Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva son 6 gündə Tovuz rayonundan olan 200-dən çox seçicisi ilə onlayn şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.
Modern.az-ın məlumatına görə, eyni zamanda deputatın köməkçisi tərəfindən 300-ə yaxın müraciət dinlənilib. Qənirə Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib. Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə millət vəkili müvafiq qurumlara rəsmi müraciətlər göndərib.
Müzakirələr zamanı Qənirə Paşayeva seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb. Millət vəkili eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında COVID-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları COVID-19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.