Taclı virusun planetdə yayılmağa başladığı gündən sosial şəbəkələrdən və Kütləvi İnformasiya Vasitələrindən insanlarımızı anlayışlı olmağa, verilən qəraralara hörmətlə əməl etməyə çağırışlar etdim. Həmkarımız İradə xanım İbrahimovanın təşəbbüsü ilə yaradılmış “Özünü qoru, çevrəni xilas et” devizi ilə Media Hərəkatına isə çox böyük həvəslə qoşulmağa haqq edirəm.
Biz media nümayəndələri bu gün bir olub, birlik nümayiş etdirib, insanlarımızı cəmiyyətin və dövlətin qayda-qanunlarına əməl etməyə çağırmalıyıq. Bu Hərəkatda sözü ilə cəmiyyətdə inam qazanmış media mənsublarımız qabağa keçərlərsə, insanlar onlara daha tez inanar. Mənim yaxın dostlarım, qohumlarım, sosial şəbəkə üzərindən izləyicilərim yaxşı bilirlər ki, koronovirus bizim ailənin həyatından da keçdi. Kiçik qardaşımı ağır bir duruma saldı. Onu Mərkəzi Neftçilər Xəstəxanasının həkim və tibb işçiləri ölümün ağzından aldılar. Bu ağır durumda mənə yardım edən, könmək olan, səsimə səs verən hər bir dostuma, yaxınıma, rəfiqəmə, dövlətimizin adamına ürəkdən minnətdaram. Qardaşım 27 gündür ki, bu virusla mübarizə aparır. Onun özünə qalsaydı, bu “müharibə”dən çıxmaya bilərdi. Onu təslim olmağa qoymayan, bizim həkimlərimiz oldu. Həmin həkimlərlə telefon danışıqlarım zamanı bəlli oldu ki, bu həkimlər və tibb işçiləri 4 aya yaxındır ki, ailələrinin yanına getmirlər. #Bizbilkdegüclüyük sözdə deyil, əməldə olmalıdır. Şəxsən mənim ailəm qardaşımın dünyaya yenidən qayıtması üçün Mərkəzi Neftçilər Xəstəxanasına köçürüləndən sonra 1 manat da pul xərcləməyib. Bu xərcin hamısını dövlət çəkir.
Mən üzümü bütün insanlarımıza tutub deyirəm, "Özünü qoru, çevrəni xilas et!". Bizim hər birimizin bu ağır günlərdə xəstələnməyi dövlətin büdcəsinə ziyan edir, bizim xəstələnməyimiz neçə iş yerinin bağlanması deməkdir, bizim xəstələnməyimiz həkimlərin yorğun düşməsidir.
Gəlin əl-ələ verək, bir olaq ki, bu bəlanı evimizə, binaməza, məhləmizə, kəndimizə yaxın qoymayaq.
İnsanları sağlam olanda, dövlət də sağlam olacaq. Bu gün dövlət başçımız bütün resursları insanlarımızı qorumaq üçün sərf edir. Biz intizamlı olsaq, bu bəladan az itkilərlə çıxarıq.
İtirdiyimiz hər insan, bir nəslin ürək ağrısı, dərdi olur!!!
Əziz dostlar, dəyərli həmkarlar, dərd görməyəsiniz!
Hörmətlə, Aida Eyvazlı