Böyük Britaniya parlamenti insan hüquqlarının pozulmasına görə fərdi sanksiyaların tətbiq ediləcəyi Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşlarının adlarını açıqlayacaq.
Modern.az xəbər verir ki, ölkənin Xarici İşlər naziri Dominik Raab məhdudiyyətlərin “Maqnitski düzəlişləri” çərçivəsində tətbiq ediləcəyini bildirib.
Sanksiyalara məruz qalanlara krallığa getmək qadağan olunacaq, onların Britaniya banklarındakı hesabları isə bağlanacaq. Yeni sanksiyalı rejim bu gündən etibarən qüvvəyə minməlidir. London rəsmilərinin məlumatına görə, sanksiyalar siyahısına
2009-cu ildə Moskvanın “Matros sükutu” istintaq təcridxanasında “Hermitage Capital”-ın hüquqşünası Sergey Maqnitskinin ölümündə əli olan şəxslər düşəcək.
Səudiyyə Ərəbistanından isə bu siyahıya jurnalist Camal Xaşuqçinin qətlinə aidiyyatı olan insanlar daxil ediləcək.
“Hermitage Capital Management” böyük investisiya fondunun əməkdaşı Sergey Maqnitski vergi maxinasiyalarında ittiham edilirdi və onun 2009-cu ildə Moskva təcridxanasında ölümü böyük rezonansa səbəb olmuşdu.
Camal Xaşuqçinin övladları isə atalarını qətlə yetirənləri bağışladıqlarını bildiriblər. Oğlu Salah qeyd edib ki, əgər insan bağışlayar və olanlarla barışarsa, Allah savabını verər.
Dominik Raab sonradan “qara siyahının” artacağnı da istisna etmir. Onun sözlərinə görə, siyahıya, həmçinin korrupsiyada və jurnalistlərə təzyiqdə şübhəli bilinən şəxslərin də əlavə olunacağı gözlənilir.