Modern.az

Azərbaycanda həkim ölkə rəhbərliyindən kömək istədi - MÜRACİƏT

Azərbaycanda həkim ölkə rəhbərliyindən kömək istədi - MÜRACİƏT

Aktual

10 İyul 2020, 16:09

Hörmətli Cənab Prezident, Hörmətli Mehriban Xanım,

Sizə müraciət etməmin səbəbi son zamanlar ölkəmizin səhiyyə işçiləri, əsasən də həkimlərimizin müxtəlif növ mənəvi terrora məruz qalmasıdır. Şəxsən mən özüm də bir çox başqa həmkarım kimi, bu cür terrorun qurbanı olmuşam.


Həkimlik peşəsi müqəddəsdir, bu peşə təsadüfən seçilmir, tibb təhsilini tamamlayıb, o ağ xalatı geyinən kimi başqa bir mənəviyyata bürünürsən, bütün həyatının mənası insanlığa, insanlara, onların sağlamlığına xidmət etmək olur. O andan sonrakı həyatında hər şeydən öncə xəstələrin maraqlarını prioritet halında tutmaq həyat fəlsəfəmizə çevrilir.
Bir peşəkar həkim asan yetişmir. Həm dövlətimiz, həm də mütəxəssisin özü bu iş üçün illərini verir. Altı illik tibb təhsili, bir illik kardiologiya internaturası sonrası, ölkəmin insanlarına daha yaxşı xidmət vermək üçün Ankara Universitetində 5 illik ixtaslaşma, daha sonra isə İstanbulda Türkiyənin ən böyük xəstəxanaların birində uzun müddət çalışdım.
Ardınca  Vətənimə qayıdıb xalqımıza xidmət verməyə başladım.

2008-ci ildən bu günə qədər ölkəmizdəki kardioloji xidmətin təkmilləşməsinə, keyfiyyətinin artırılmasına, insanlarımızın sağlamlıq dərəcəsinin maksimallaşmasına, tibb elminin inkişafına hər zaman əlimdən gələn tohfəni vermişəm. ABŞ-nın Klivlend klinikasında və Almaniyanın Heidelberg Universitetində ixtisasartırma keçmişəm. Onlarca, yüzlərcə elmi konfranslarda məruzəçi kimi çıxış etmişəm, beynəlxalq konfranslarda ölkəmi, Azərbaycanımı daim layiqincə təmsil etmişəm. Bir çox mürəkkəb prosedurların Azərbaycanda tətbiqi, təkmilləşməsi və yayılması prosesində iştrak etmişəm. Bu sahədə ekspert mütəxəssilərdən biri olduğum üçün həmkarlarım tərəfindən Azərbaycan Kardioloji Cəmiyyətinin Müdaxiləvi Kardiologiya işçi qrupunun rəhbəri olaraq seçilmişəm. Bütün həkimlər kimi, həyatımdaki əsas əqidəm daim təhsil və peşəkarlıq səviyyəmi artıraraq, xalqıma maksimal dərəcədə faydalı olmaq olub.

Həkimlik fəaliyyətimdən əlavə olaraq ölkəmizin əhalisinin sağlamlığının artırılmasına daha çox xidmət edə bilmək üçün səhiyyənin təşkili və idarə edilməsi sahəsində də özümü təkmilləşdirmək məqsədi ilə əvvəlcə Türkiyənin Hacettepe Universitetində, daha sonra İngiltərənin ən prestijli universitetlərdən sayılan  The London School of Economics-də səhiyyə idarəedilməsi üzrə elmlər magistri təhsilini almışam. Tibb üzrə fəsləfə doktoruyam, elmlər doktoru dissertasiyasını yazıram. Hazırda İngiltərərnin Oksford Universitetində yenə part-time təhsilimi davam etdirirəm. 44 yaşımda təhsilimi və daimi inkişafımı hələ də dayandırmaq niyyətində deyiləm, ömrümün sonunadək daim öyrənib, öyrətmək istəyirəm.


Mən ölkəmizin ən sürətlə inkişaf edən sahələrindən biri olan səhiyyə sisteminin yüz minlərcə əsgərindən biriyəm. Mən, mənim kimi minlərcə həmkarım Sizlərin başçılığı ilə Vətənəmizin insanının sağlamlığının qorunması üçün daim xidmət etməyə davam edəcəyik.


Heç bir ölkədə dövlət rəhbərliyinin Azərbaycanda olduğu qədər səhiyyə işçisinin qayğısına qalındığının şahidi olmamışam. Hər zaman olduğu kimi, COVID-19 pandemiyası dövründə də Prezidentimiz və Birinci vitse-prezidentimiz tərəfindən həm əhalimizin, həm də tibb işçilərimizin həyatı və sağlamlığı üçün nə cür diqqət və qayğı göstərildiyi göz qabağındadır. Hansı başqa ölkədə bir həkimin müalicəsi bir dövlət rəhbəri tərəfindən şəxsən nəzarətə götürülür? Mən belə bir şey eşitməmişəm. Hər bir insanın, hər bir tibb işçisinin həyatına nə qədər yüksək qiymət verdiyinizi hamımız görürük və bu səbəblə Sizə dərin minnətdarlığımızı bildiririk.

Bir mövzuda da Sizdən kömək istəyirəm. Hər nə qədər xəstələrimizin həyatı və sağlamlığı üçün sonuna qədər savaşsaq da, həmişə hədəflədiyimiz nəticə alinmaya bilər. Bütün dünyada olduğu kimi, bəzən xəstəlirimiz sağalmaz və yaxud da pilsəşər, hətta vəfat edə bilər. Bu, hayatın bir qanunudur, xəstəliklərin gedişatı, ağırlıq dərəcəsi, pasientlərin əlavə demoqrafik və kliniki xüsusiyyətlərindən asılıdır. Hər bir həkim xəstəsini itirə də bilər. Bu çox vaxt bizim nəzarətimizin xaricindədir. Burada mütləq hər zaman həkim gunahkar deyildir. Amma bəzən heç bir araşdırma aparmadan, vəziyyəti tam anlamadan, cəmiyyətimizin bəzi üzvləri həkimləri məhkəməsiz mühakimə edirlər, illərcə qazanılmış şərəf və ləyaqətinə, işguzar imicinə xələl gətirilər. Bəzən xəstə yaxınları araşdırıb-soruşdurmadan beıə edirlər, bunu yenə də anlamaq mümkündür, insanın bir itkisi olanda günahkar axtarmağa meyillidir. Amma bəzən də bu durumdan sensasiya axtarışında olan bəzi ikinci dərəcəli kütləvi informasiya vasitələri istifadə edir, heç bir araşdırma, müstəqil jurnalist təhqiqatı aparmadan, rəsmi məlumatlara istinad etmədən, heç bir ictimai etika ilə uyqun olmayan böhtan xarakteri daşıyan məlumatlar dərc edirlər. Səhiyyə işçilərimiz mənəvi terror, bəzən də “reketin” qurbanı halına çevirilirlər. Bu cür hallara müdaxilə edilməsə, mənəvi terror, bəzi qonşu ölkələrdə olduğu kimi, fiziki terrorla da müşahidə olunacaq.

“Defensive Medicine” adlandırılan bir vəziyyətin yaranma təhlükəsi olacaq, həkimlər ağır xəstələri qəbul etməkdən çəkinəcək, özlərini qorumaq üçün ağır əməliyyatlar və müalicələr aparmaqdan imtina edəcək, həkim olmaq istəyən gənclərimizin sayı azalacaq, bunu edənlər isə nisbətən yüngül, riski az olan sahələri seçməyə üstünlük verəcəklər, xaricdə yaşayan minlərcə yüksək ixtisaslı həkim həmvətandaşlarımız ölkəmizə qayıtmaqdan yayınacaq və bütün bunlar səhiyyəmizin və insanlarımızın sağlamlığına mənfi təsir edəcək.


Sizdən xahişim, tibb işçilərinə qarşı mənəvi şiddətin azaldılması üçün lazım olan tədbirləri şəxsi nəzarətiniz altına götürün. Milli Məclisə həkim haqlarını qoruyan əlavə qanun layihələri ilə müraciət edin, bu qədər dəyər verdiyiniz, qayğı göstərdiyiniz səhiyyəmizin və səhiyyə işçilərimizin haqlarının hansısa şuursuz insanlar tərəfindən tapdalanmasının qarşısını alın. Bizim səhiyyəmizin Sizlərin rəhbərliyi ilə görəcək hələ çox işi var. Tibbi xidmət keyfiyyətinin, xəstə təhlükəsizliyinin, xəstə mərkəzliliyinin, sübüt əsaslı effektiv tibbi yardımın təşkili, əhalinin sağlamlıq dərəcəsinin artırılması üçün hələ çox çalışıb, vuruşmalıyıq. Hər zaman qayğılarınızı əsirgəmədiyiniz və rəhbərlik etdiyiniz tibb işçilərini bu terrordan xilas edin.


Bu terrora məruz qalmış yüzlərcə həmkarım adından Dr. Ülvi Mirzoyev, TÜFD, kardioloq

Bakı şəhəri. 10 İyul 2020 ci il”.

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu