Modern.az

Qəlblərin fatehi general Həşimovun ŞİMAL XİDMƏTİ

Qəlblərin fatehi general Həşimovun ŞİMAL XİDMƏTİ

Aktual

17 İyul 2020, 14:12

"General-mayor Polad Həşimovun şəhid olması xəbərini eşidəndən və mənə olduqca tanış gələn şəkilləri yayılandan çox gərginlik içərisindəyəm. Düşmənə sonsuz nifrətimi dilə gətirərək hamıya bu generalın mənə çox tanış gəldiyini deyirdim. Sən demə, səhv etməmişdim. Həkim dostlarım Anjela Əlifxanova və Mübariz Zeynalov mənə bildirdilər ki, general Qusarda xidmət edib. Həkim ehtiyatda olan tibb xidməti mayoru  Əlyar Sərvərov da onu çox yaxşı tanıyır.

 

Və beləcə dərhal hər şey yadıma düşdü. Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsində tibb xidmətinin rəisi olmuş, hazırda TƏBİB-i n "Quba Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin baş direktoru Əlyar Sərvərovla şəhid generalımız barədə söhbətləşdik.  Koronaviruslu xəstələrə necə xidmət göstərdiklərini açıqlamaq istəməyən, "TƏBİB sədri Ramin Bayramlıdan icazə al, gəl, danışım"- deyən Sərvərov bu dəfə general Həşimovdan məmnuniyyətlə danışdı. Özü də necə ?! Yana-yana, ürəkdən sızıldaya-sızıldaya. Həkim müsahibim dedi ki, Рolad Həşimov Qusardakı hərbi hissədə qərargah rəisi olub. "Mən hərbi həkim kimi 2005-ci ilin avqust ayında işə başlamışam. Polad məndən bir ay sonra gəlib Qusara."

 

 Həkim Sərvərovun sözlərinə görə, generalla həm dost, həm də hərbi şəhərcikdə qonşu olublar. Ailəvi get-gəlləri də olub. Onunla bağlı xatirələrini dilə gətirən Əlyar həkim kövrələ-kövrələ deyir ki, hərbidə qaçış xidmətin ən vacib ünsürüdü:

"Polad məni o qədər qaçırıb ki...3 km qaçmalı idik hər dəfə. Bir dəfə yenə qaçırdıq. Gördüm  ki, Polad polkovnik Azakovla dayanıb. Soruşdum, nəyi gözləyirsiniz? Dedi, səni, Sərvərov. Sən demə, mən bir dövrə gecikmişəm. Onlar 6 dövrə qaçıb, mən 5 dövrə. Hər qaçışda 3 km məsafədə qaçırdıq".

Əlyar həkim deyir ki, Polad Həşimov 2007-ci ilə qədər Qusarda hərbi hissədə xidmət edib. Buradan sonra pillə-pillə, öz zəhməti və qabiliyyəti hesabına yüksəlməyə başlayıb. Bildirir ki, mən 2013-cü ilin mayında Səhiyyə Nazirliyi sisteminə işə geçdim.2013 və 2014-cü illərdə qış aylarında 3 dəfə Poladın yanına getmişəm. Onda Daşkəsəndə hərbi hissə komandiri ıdi. "Bir dəfə getdim yenə Murova. Dizəcən qar vardı. Onu xeyli gözlədim. Nəhayət, gəldi, özü də xizəklə. Dedi, bu havada nə üçün gəlmisən? Dedim, zəhrimar telefonun işləyir ki, soruşum? Yenə bağlı idi. Ona görə narahat olub durub gəldim. Rəhmətlik mobil telefonu qəti sevmirdi."

 

Əlyar Sərvərov Polad Həşimovun tezliklə general rütbəsinə yüksələcəyini sanki  əvvəldən hiss edibmiş də:

"Bir dəfə Murovda olanda mənə dedi ki, qayt gəl hərbiyə. Dedim, yox. Sən məni yenə qaçırtmaq istəyirsən? General sən olacaqsan. Onsuz da tibb sahəsində general rütbəsi yoxdu"

Polad Həşimovla görüşəndə  zarafatlarından qalmayan Əlyar Sərvərov indi dərin hüzn içində dostunun itkisinə çox üzülür:

"Qusarda işləyəndə Polad imkan olan kimi hərbi hissənin tibb məntəqəsinə gəlirdi. Mən tibb xidmətinin rəisi idim. Həmişə deyirdi ki, bura gələndə hüzür  tapıram, indi isə hüzr içərisindəyəm. Аdında və iradəsində hərbiçi sərtlliyi,  möhkəmlıyi olsa da, Poladın qaynar və yumşaq qəlbi vardı".

 

Əlyar həkim Polad Həşimovla sonuncu dəfə ona prezident İlham Əliyev tərəfindən  general rütbəsi veriləndə telefonla danışıb. 2019-cu ilin iyun ayında:

"Təbrik etdim. Demişdim də,sən general olacaqsan. Oldun da".

Generalın dəfninə  də gedə bilməyib Əlyar həkim. Qubada koronaviruslu xəstələri həyata qaytarmaq kimi şərəfli missiyanı yerinə yetirən Sərvərov onun şəhid olma xəbərini eşidəndə sarsılıb, heç nə deyə bilməyib:

"Qoy karantin bitsin.Xəstələrimiz  tam sağalsın. Gedəcəyəm, onu 2-ci Fəxri Xiyabanda yad edəcəyəm. Bir kəlmə söz deyəcəyəm. Arzuna çatdın"

Polad Həşimovu yaxşı tanıyanlardan biri də Qusarda 2009-2014-cü illərdə komandir kimi xidmət etmiş,dəyərli ziyalı və vətənpərvər insan Oruc Abdullayevdi.Zabit yoldaşı haqda ağızdolusu danışan Oruc Abdullayev Polad Həşimovun Vətən xəstəsi olduğunu söylədi:"Polad Vətənin acı idi.Heç nədə tamahı,təmənnası yox idi. Vətənin Məcnun vurğunu idi. Gülərüz və ağır təbiətli insan idi. Aprel döyüşlərində  xüsusi şücaət göstərdiyini hər kəs bilir. Polad yüksəkliyini, Polad postunu təkbaşına almışdı.Ermənidə qalan.  əsgərlərin meyitini təkbaşına gedib gətirmişdi. Heyf ondan...

Polad müstəqil Azərbaycanın generalı olsa da sanki köhnə generallardan idi. Poladda 1918-ci il generallarının -Mehmandarov,Şıxlinski əlaməti vardı, ruhu vardı. Heç ölməli oğul deyildi. Amma, görürsünüz, qisasımızı alırıq, almaqdayıq. Onun qanını qızğın döyüşlərdə birə min alacağıq".

 

Yazımın əvvəlində general Həşimovun Qusarda xidmət etdiyini bildirmişdim. Sonra xatırladım ki, generalı iki dəfə görmək mənə nəsib olub. Onda ANS televiziyasında işləyirdim. Birinci dəfə Polad Həşimovla 2006-cı ildə Qusar şəhərində general Mahmud Əbilov adına mərkəzi şəhər meydanında keçirilən tədbirdə görmüşəm. İkinci dəfə Polad Həşimov Qusarda hərbi hissənin ərazisində yanğın baş verəndə. İçəri daxil ola bilməsək də küçədən çəkmişdik. O zaman hərbi hissənin girəcəyində görünən hərbçilər arasında qərargah rəisi Həşimovu görmüşəm. Açığı, bir o qədər diqqət verməmişdim o vaxt. Belə olur da... Bəzən adi bildiyimiz adamı itirəndən, itirdiyimizi dərk edəndən sonra qədrini daha çox bilməyə başlayırıq, onun böyüklüyünü sonralar hiss edirik.

 

General Həşimovun şəhid olma xəbərini, hamı kimi, mən də dərin hüznlə qarşıladım. Yanıb töküldüm. Azğın düşmənə nifrətim dolub daşa-daşa...Bütün şəhidlərimiz kimi, Polad generalımız və onun əsgərlərinin qanının  Ali Baş Komandanın rəhbərliyi altında Milli Ordumuz tərəfindən tezliklə  alınacağına inamım var...Ruhları şad olsun.

Bəli, indi Azərbaycan Silahlı Qüvvələrində qulluq edən hər kəs-sıravi əsgərdən generala qədər- bir örnək qazandıq: Polad ürəkli, Polad biləkli, Polad iradəli olmaq. General Polad Həşimov kimi...

 

Aytəkin Alxaslı

 

 

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV