Əkbər QOŞALI
Özünü birgəyaşayış qaydalarından, beynəlxalq hüquq normalarından uzaq tutan Ermənistanın, Tovuz istiqamətindəki mövqelərimizə ağır artilleriya ilə zərbə endirməsi, bu qəfil zərbələrdən sonra yaşananlar yerli və beynəlxalq gündəmdə özünəməxsus yer alıb. Düşmən aldığı cavab zərbələrini məhz cavab zərbələri kimi deyil, bizim dövlət sərhəddini pozmaq cəhdimizin inkası, inkişafı kimi şərh etməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa, bundan yeni fürsət çıxarmağa çalışır.
Lakin dövlət başçısının çevik xarici siyasəti və uzun illər ərzində qazanılmış etibar sayəsində, düşmən təbliğatı onların istədiyi effekti verməməkdədir.
Bugünlərdə Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Ermənistanın Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində hücumu, hərbi təxribatı ilə bağlı “Kommünike” qəbul etdi.
Qoşulmama Hərəkatına üzv dövlətlərin qəbul etdiyi sənəddə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı artilleriya qurğularından istifadə etməklə hücumu qətiyyətlə pisləndi. Bu insidentin bölgədə hərbi gərginliyin artmasına və çoxsaylı itkilərə səbəb olduğu vurğulandı.
Hərəkatın Əlaqələndirmə Bürosu BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə (822, 853, 874, 884) vurğu etdi.
Qoşulmama Hərəkatına üzv dövlətlər respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək bildirərək, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə göstərdiyi səylərlə həmrəy olduqlarını ifadə etdi.
Beləliklə də, Hərəkatın üzv dövlətləri Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində son hərbi təxribatı və (rəsmi istilahla desək) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli və beynəlxalq hüququn norma-prinsiplərinə əsaslanan mövqeyini ifadə edib.
Xatırladaq ki Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq platformadır. 120 dövlətin üzv olduğu, daha 17 dövlətin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi bir beynəlxalq təşkilatdan danışırıq. Hərəkatın 53 üzvü Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropadandır. Nəyi demək istəyirəm? – Göründüyü kimi, düşmənin Tovuzda ordumuzdan aldğı hərbi zərbə yalnız Tovuz istiqamətində hərb meydanında qalmadı; düşmənin rüsvayçılığı bütün dünyaya əyan edildi.
Məhz bu Hərəkat, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT-yə müraciət edərək, koronavirusla mübarizədə beynəlxalq həmrəyliyi təmin etməkçün Xüsusi sessiyanın çağırılması barədə (yaxın tarixdə) məsələ qaldırmışdı; bəlli olduğu kimi, təşəbbüs 130 dövlət tərəfindən müsbət (“lehinə”) cavablandırılmışdı və məhz Ermənistan tərəfindən “əleyhinə” cavab alınmışdı. Belə ardıcıl addımlar Azərbaycan adını, Azərbaycan həqiqətlərini özünəməxsus şəkildə dünyaya yayır, dostlarımızın sayını artırır, düşmənin içüzünü göstərir.
Bundan öncə, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, ayrıca, Türkiyə, Pakistan, Ukrayna dövlətləri Azərbaycanın haqlı mövqeyini müdafiə etdi, məhz beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının dörd Qətnaməsini xatırlatdı, respublikamızın ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığına açıq dəstəklə bağlı “Bəyanat” verdi.
Ermənistan isə güvəndiyi KTMT-dən arzuladığı dəstəyi, müsbət cavabı ala bilmədi və daxili böhranına daha bir “rəng” qatmış oldu…
Ermənistanın başqa bir avantürası ABŞ Konqresində iflas etdi. Azərbaycan əleyhinə düzəliş keçmədi, əvəzində, ilk dəfə, Ermənistan əleyhinə düzəlişlər qəbul edildi.
ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə (Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə) anti-Azərbaycan düzəlişləri daxil edilməsinə səy göstərirdi. Sözügedən proses çərçivəsində, Azərbaycana dəstək verən bir sıra Konqres üzvlərisə Ermənistan əleyhinə iki düzəliş irəli sürmüşdü.
Neytral müşahidəçilərin, arbitr durumundakıların həqiqəti etiraf edəcəkləri halda, çox aydındır ki, ermənipərəstlərin düzəlişləri yalnız anti-Azərbaycan deyil, anti-həqiqət, anti-ədalət, anti-insan və anti-hüquq mahiyyətindədir; Azərbaycan dostlarının düzəliş təklifləri isə beynəlxalq hüquq normalarına, ABŞ-ın üzərinə götürdüyü demokratik, humanitar prinsiplərə və qlobal məsuliyyət dəyərlərinə uyğundur.
Erməni lobbisinin səylərinə baxmayaraq, Kaliforniya ştatını təmsil edən (qatı ermənipərəstliyiilə tanınan Konqres üzvü) Bred Şermanın Azərbaycan əleyhinə irəli sürdüyü “Mülki aviasiyaya təhdid olmadığı barədə Prezident tərəfindən Konqresə təminat verilənə qədər ABŞ tərəfindən Azərbaycana müdafiə məhsulları və xidmətlərinin qadağan olunmasına” dair 66 saylı düzəliş, habelə Kaliforniyanı təmsil edən erməni əsilli Cəki Spiirin “333-cü bölmə çərçivəsində xarici təhlükəsizlik qüvvələrinin imkanlarının artırılması proqramı üzrə Azərbaycan və Ermənistan arasında yardımlar üzrə paritet tətbiq edilməsi” barədə 330 saylı düzəlişi qəbul edilməyib. Təbii ki, bu uğursuzluq(lar) erməni lobbisinin, özəlliklə də, adıyaman “Daşnak”ı təmsil edən “Amerika Erməni Milli Komitəsi”ni ciddi çaşqınlıq və məyusluğa qərq edib. (Baxmayaraq ki ermənipərəst Konqres üzvlərinin Azərbaycan əleyhinə irəli sürdüyü düzəlişlərə dəstək üçün erməni lobbisinin bütün qüvvələri, hətta son dəqiqədə Kim Kardaşyan və digər erməniəsilli (əgər bu iki sözü (“erməni” və “əsil”) birgə yazmaq doğrusa) “tanınmış simalar” səfərbər olunmuşdu…)
Üstəlik, Konqres üzvü Stiv Cohenin “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş bilginin ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohenin birgə “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub. – Göründüyü kimi, 99 saylı düzəlişdə məqsəd, Rusiyanın hərbi bazası yerləşən Ermənistana Konqresdə əlavə təzyiqlərin yaradılmasıdır. 296 saylı düzəlişə gəldikdə isə Konqresin Nümayəndələr Palatası Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna ərazilərinin işğal faktını vurğulamaqla yanaşı, işğal olunmuş ərazilərdən köçkün düşmüş və həlak olmuş əhali barədə məlumatların ABŞ Dövlət və Müdafiə Departamentlərinin birgə hesabatı şəklində Konqresə təqdim olunmasını nəzərdə tutur.
***
Bəli, bir tərəfdə Qarabağı (öz havadarlarının ciddi hərbi-siyasi dəstəyi ilə) işğal etmiş, üstəlik, Qarabağdan xeyli uzaqdakı Tovuzda yeni işğal planı gerçəkləşdirmək istəyən Ermənistan, başqa bir tərəfdə isə özünün humanistliyindən, qonaqpərvərliyindən peşman edilmək dərəcəsinə çatdırılmış, lakin yenə öz multikultural dəyərlərindən geri durmayan, sivilizasiyalar, mədəniyyətlərarası dialoq çağırışları, bəəri məsuliyyəti ilə seçilən Azərbaycan… Əlbəttə, bizi bərabər tutmaq düzgün deyil. – Bir tərəfdə işğalçı, bir tərəfdə işğala məruz qalan… Bir tərəfdə müttəfiqlərinə yük olan, donorlara möhtac Ermənistan, bir tərəfdə özü öz yükünü çəkən, qlobal problemlərin effektiv həlli üçün ianələr ayıran Azərbaycan. – Əgər hansısa qurum-quruluş, dövlət, məmur, vəkil, ziyalı, fəal… Ermənistanla Azərbaycana eyni çağırışda bulunursa, bu, ya qanmamazlıq, ya bilgisizlik ya da, avantüra sayılmalıdır.
Bərabərhüquqlu yanaşma, eynigüclü çağırış üçün ilk növədə (necə deyərlər) işğal bataqlığı qurudulmalı, bizim torpaqlar azad olunmalıdır ki, bundan sonra eyni tərəzidə çəkilmək mümkün olsun. Yox, bunu etməyə beynəlxaq təşkilatların, böyük dövlətlərin marağı yoxdursa, bir zəhmət, mane olmasınlar, baş qatmasınlar da, biz öz torpaqlarımızı azad edək; görsünlər, mülki əhaliyə ziyan vurmadan bölgəyə necə əmin-amanlıq gətirir, asayişi necə təmin edirik; görsünlər ki, Azərbaycan milli ordusu öz dədə-baba torpaqlarımızı necə azad edir…
***
Təcavüzkarlıq və terrorizmi dövlət siyasətinin tərkib hissəsi kimi tövsif etmiş, iki gündən bir Mingəçevir su anbarını, hətta, beynəlxalq neft-qaz kəmərlərini vurağcağını öz rəsmilərinin dili ilə bəyan edən işğalçı Ermənistanın, Tovuzdakı hadisələrin səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etməsi, bizi Metsamoru vurmaq istəyində ittiham edən hərəkətləri… hələ tam son bulmasa da, artıq qeyd etdiyimiz kimi, Ermənistanın istəklərinə uyğun nəticələr vermir.
Doğrudur, bizim dövlətimizin, ordumuzun, vətəndaşımızın ən əsas işi “Metsamor”u yaxud başqa strateji mülki obyekti vurmaqdan ibarət deyil, bununla belə, düşmənin müharibə planındakı hərəkətləri elə namərdcə, elə ləyaqətsizdir ki, düşmənin hər cür cavabı haqq etdiyini də, deməmək olmur...
Bu yerdə vurğulamalıyam ki, durum müsait olunca, dövlət orqanlarımız, jurnalistlər, diplomatlar Tovuza dəvət ediləcək, onlar durumla yerindəcə tanış olacaq və görəcəklər ki, qanlı olayların baiskarı kimdir, mülki əhalisi ziyan çəkən və məcburi cavab haqqını istfadə edən kimdir…
Bəli, biz bizi “Metsamor” mövzusunda ittihama cəhd edənlərə elə bugün də səslənirik: buyurun, Ermənsitan mediasını, Ermənistan rəsmi məqamlarının çıxışlarını Mingəçevir kontekstində bir saf-şürük edin də, sonra danışaq.
Ən azı işğalçıların müdafiə naziri Tonoyanın açıq mətnlə dediklərinə reaksiya verməyənlərin Azərbaycanı nədəsə ittihama cəhd etməsinin gerçəkliklə bir bağlantısı yoxdur və məhz absurd teatrı üçün yaxşı mövzu ola bilər.
Dövlətimiz zaval görməsin, bayrağımız uca olsun!