Modern.az

ERMƏNİSTAN REGİONDAKI MÜTTƏFİQLƏRİNİ İTİRİR

ERMƏNİSTAN REGİONDAKI MÜTTƏFİQLƏRİNİ İTİRİR

Aktual

17 İyul 2020, 12:14

ATƏT-in Minsk qrupu, digər aidiyyəti beynəlxalq qurumların məsələyə münasibət bildirməməsi ermənilərin bu cür  təxribatlarına rəvac yaradır. Millət vəkili, politoloq  Elşad Mirbəşiroğlu bu fikirdədir. Onun sözlərinə görə,  Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu Ermənistanı ciddi narahat edir. Anlayırlar ki, Azərbaycan özünün ərazi bütövlüyünün təmin olunmasına yaxınlaşır. Ona görə də  bu reallığı dəyişməyə cəhd göstərmək üçün Tovuz təxribatını törədiblər.

 

“Azərbaycan özünün hərbi qüdrətini nümayiş etdirir, düşmən təxribatlarına layiqli cavab verir. Döyüşdə Azərbaycan generalı da qəhrəmancasına həlak olub. Bu da onu göstərir ki, Azərbaycan generalı əsgəri ilə bərabər işğalçı, təxribatçı düşmənə qarşı əzmlə mübarizə aparır və vətəninin bir qarış da olsun torpağından geri çəkilmək niyyətində deyil.

 

Beynəlxalq təşkilatlar bu vəziyyətdən real nəticə çıxarmalıdırlar. Münaqişənin tənzimlənməsi üçün işğalçıya real təzyiqlər göstərməklə, onun işğalının nəticələrinin aradan qaldırılmasına çalışmalıdırlar. Əks təqdirdə, Azərbaycan malik olduğu hüquqdan istifadə edərək öz torpaqlarını hərbi yolla geri qaytaracaq”.

 

Hadisələrin baş verməsində əsas faktorlardan biri də Ermənistanın xarici siyasətdəki fiaskosu ilə bağlıdır. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu bu fikirdədir. O, qeyd edir ki, Ermənistan hazırda daxili siyasi problemlərlə yanaşı, həm də beynəlxalq əməkdaşlıqda problemlər yaşayır. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə nəinki yeni müttəfiqlər qazanmayıb, əksinə regiondakı ənənəvi tərəfdaşlarını da itirib.

 

“Nikol Paşinyan perspektivdə öz hakimiyyətinin uğurlarını görə bilmir. Vəziyyəti gərginləşdirməklə postsovet məkanındakı hərbi blokların dəstəyini almağa çalışır. Bunun da mərkəzində KTMT gəlir. Təxribatdan dərhal sonra Ermənistanın bu quruma müraciətləri cavabsız qaldı. Hətta KTMT formal iclas keçirib Ermənistanın müraciətinə cavab belə vermədi. Bu, Ermənistanın hərbi və siyasi strategiyasının iflasıdır”.

 

Ekspertlər qeyd edirlər ki, hazırda əməliyyat şəraitinin Azərbaycan ordusunun nəzarəti altında olması, eyni zamanda diplomatik və siyasi müharibədə Azərbaycanın vəziyyətə rəhbərlik etməsi növbəti mərhələdə bizim daha böyük uğurlara imza atmağımıza səbəb olacaq.

 

“Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat zamanı istər hərbi texnika, istərsə də canlı qüvvə baxımından ciddi itkilər verərək geri oturduldu. Bundan sonra işğalçı Ermənistan müxtəlif istiqamətlərdə yeni siyasi-diplomatik və informativ təxribatlara əl atmağa başladı. İlk növbədə, müxtəlif regional və beynəlxalq təşkilatlara yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etməyə çalışdı. Lakin heç bir dövlət və beynəlxalq təşkilatdan arzu etdiyi münasibəti görə  bilmədi. Hətta ən çox ümid etdiyi və münaqişəyə tərəf kimi cəlb etmək istədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə Ermənistanın çağırışı ilə heç formal toplantı belə keçirmədi”.

 

ERMƏNİSTAN İTKİLƏRİ GİZLƏDİR

 

Millət vəkili bildirib ki, indi isə Ermənistan informasiya təxribatı vasitəsilə Azərbaycanın informasiya məkanına müdaxilə etməyə çalışır, ölkəmizdə mövcud olan ictimai həmrəyliyi pozmağa cəhd göstərir: “Müxtəlif vasitələrlə sosial media platformasına guya Azərbaycanın öz itkilərini gizlətdiyi ilə bağlı dezinformasiyalar ötürür. Bu, düşmənin informasiya təxribatıdır. Əsla və əsla bu təxribat xarakterli, yalan məlumatlara inanmaq, onu ciddiyə almaq olmaz. Əslində, itkiləri gizlədən Ermənistandır və işğalçı ölkənin sosial mediası bu cür xəbərlərlə doludur. Sosial media iştirakçıları çoxsaylı erməni hərbçilərinin şanlı ordumuz tərəfindən öldürülməsi ilə bağlı arqumentləşdirilmiş xəbərlər yaysa da, işğalçı ölkənin rəsmi qurumları hələ də bunu etiraf etmək istəmirlər. Ancaq  operativ əməliyyatla bağlı Azərbaycanın rəsmi qurumlarının yaydığı videogörüntülərdən də aydın olur ki, düşmən canlı qüvvə  baxımından da çoxsaylı itki verib. Hazırda erməni tərəfi bu görüntülərin işğalçı ölkədə də izlənildiyini bilir və bunu ört-basdır etmək üçün vəziyyəti, bir növ, balanslaşdırmaq istəyir. Ona görə də bizim sosial media məkanımıza yalan informasiyalar ötürməklə öz etdiyini, yəni itkiləri gizlətməsi əməlini guya Azərbaycan edirmiş kimi bir rəy formalaşdırmağa çalışır. Bu, reallığı əks etdirmir və sosial şəbəkə iştirakçılarımızın heç biri düşmənin bu informasiya təxribatı tələsinə düşməməlidir”.

“Erməni təxribatı başlayandan bəri Müdafiə Nazirliyinin müvafiq strukturları heç bir halda hadisə ilə bağlı informasiya qıtlığının yaranmasına yol vermədilər, real informasiyanı Azərbaycan mediası və ictimaiyyəti  ilə bölüşdülər. Biz buna inanmalıyıq və əsla düşmən təxribatının media məkanımızı və nəticə etibarilə, ictimai rəyimizi manipulyasiya etməsinə izin verməməliyik”,-deyə Hikmət Babaoğlu əlavə edib.

 

DÜŞMƏN YARALI SAYINI 3 DƏFƏ AZALDIB

 

Doğrudan da Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan mətbuat konfransında 5 hərbi qulluqçunun ağır vəziyyətdə olduğunu deyib. Ovannisyan Ermənistan İstintaq Komitəsinin məlumatı ilə müqayisədə Müdafiə Nazirliyinin yaralı əsgər sayını 3 dəfə azaltmasına da cavab verib.

 

“20 hərbi qulluqçuya tibbi yardım göstərilir. Onlardan 10-nu hələ də xəstəxanadadır. Yaralılardan 1-i kritik vəziyyətdə, daha 4-ü isə ağır vəziyyətdədir”.

 

Ovannisyan İstintaq Komitəsinin bütün yaralıları, o cümlədən şok vəziyyətində olanların siyahıya alındığını deyib. Xatırladaq ki, ölkənin Müdafiə Nazirliyi yaralı sayını 10 nəfər olduğunu elan etsə də, İstintaq Komitəsi yaralı sayının 36 nəfər təşkil etdiyini açıqlamışdı.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Tərəfsiz Jurnalistlər İB-nin icra etdiyi “İşğalçı Ermənistanın bölgədə təhlükəsizliyə təhdidlərilə bağlı xarici mediada təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində təqdim edilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV