“Ermənistanda iqtisadiyyat və koronavirus pandemiyası ilə bağlı, həqiqətən, kədərli vəziyyət mövcuddur. Əhali suallar verməyə başlayıb. Belə şəraitdə Paşinyanın özünün əsas qarantı - Rusiya istiqamətində kəskin hücumlar etdiyini görürük. Məncə, diqqəti aktual problemlərdən yayındırmaq üçün məhz Ermənistan-Azərbaycan sərhədində təxribata cəhd edildi”.
Bu sözləri rusiyalı jurnalist, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib. Ekspertin sözlərinə görə, hərbi münaqişə yaradan Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dərhal onun arxasında dayanacağına ümid edirdi, lakin bu baş tutmadı:
“Üstəlik, KTMT Paşinyanın ilk açıqlamasındaca təcili sammit çağırmaqdan imtina etdi. Bu məsələdə təşkilata daxil olan ölkələrin, o cümlədən Rusiyanın Ermənistanın Azərbaycanın bütün dostlarını münaqişəyə sürükləmək üçün bilərəkdən bu təxribata əl atdığını başa düşdüyünü görürük. Çünki təşkilatdakı ölkələrdən yalnız Ermənistan Azərbaycanın düşmənidir. Qalan digər ölkələr Azərbaycanla uğurlu siyasi və iqtisadi əməkdaşlıq edir. Azərbaycan onlar üçün strateji tərəfdaş və bölgədəki müttəfiqdir. Rusiya və KTMT-yə üzv digər ölkələrin Ermənistanın şıltaqlığı ilə Azərbaycana qarşı müharibəyə gedəcəyini təsəvvür etmək mümkün deyil. Paşinyanın ümid etdiyi şey - KTMT-ni münaqişəyə cəlb etmək planı alınmadı”.
“Fikrimcə, rəsmi Yerevan bu təxribatı ilə həm Rusiya, həm də digər beynəlxalq oyunçularla bütün razılaşlmanı pozmuş oldu. Bu baş verənlər Azərbaycanın əl-qolunu açır ki, işğal edilmiş torpaqları qaytarsınlar. Mən bilmirəm kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının baş verənlərə yanaşması necə olacaq. Amma əminəm ki, təşkilat birmənalı olaraq Ermənistanın tərəfini saxlamayacaq”.
Millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib ki, Ermənistan qəsdən bu təxribatı edib: “Biz KTMT-yə üzv olan ölkələrin, o cümlədən Rusiyanın Ermənistanın qəsdən bu təxribata əl atmasını anlamasını müşahidə edirik. Hər şeydə İrəvan günahkardır!”.
Rusiyalı siyasi ekspert, Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqot Korotçenko da hesab edir ki, Ermənistanın hərbi təxribatlarının bir məqsədi ölkə daxilindəki böhranlı vəziyyətlə əlaqədardır:
“Ermənistanın baş naziri Nikol Paşinyan öz hökumətinin yarıtmaz, qeyri-effektiv fəaliyyətindən diqqəti yayındırmaq, özlərinə qarşı iradları azaltmaq üçün yenidən düşmən obrazının yaratmaq niyyətindədir. Fikrimcə, bu, təxribatın ən əsas səbəbi olub. Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında gərginliyin mənbəyini Ermənistan iqtisadiyyatında və Ermənistanın daxilində, hakimiyyət orqanlarının artmaqda olan disbalansında axtarmaq lazımdır”.
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan sərhədində, Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı Rusiyanın digər siyasətçiləri, politoloqları və deputatları açıqlamalar verib.
Rusiya Dövlət Dumasının ermənipərəst deputatı, MDB İşləri üzrə komitənin sədr müavini Konstantin Zatulin erməni jurnalistlərə müsahibəsində bildirib ki, bu hərbi təcavüzün kökünü İrəvanda axtarmaq lazımdır. “Ermənistan hakimiyyətinin daxili siyasətdə çoxlu səhvlərə yol verdiyini, ölkə daxilində gərgin vəziyyət yaratdığını və indi nə edəcəyini bilmədiyini müşahidə edirik”.
Ermənipərəst mövqeyi ilə tanınan məşhur rusiyalı televiziya aparıcısı Vladimir Solovyov erməni səfirə deyib ki, təxribata guya Azərbaycan ordusu zabitlərinin UAZ markalı avtomobillə hücuma keçməsinin səbəb olmasına dair açıqlama gülməlidir:
”Biz isə ciddi adamlarıq! Hansı “Uazik”dən söhbət gedə bilər? Azərbaycan Ordusu yüksək səviyyədə təchiz edilib, onların döyüş texnikası var. Bakı hərbi texnikaya, döyüşçülərin hazırlanmasına, ön zərbə xəttinə böyük pullar yatırır. “Uazik”lə hücum olur?”
Məşhur rusiyalı tarixçi, professor Oleq Kuznetsov hesab edir ki, ermənilər Azərbaycan sərhədində bu təxribatı törətdiklərinə görə peşman olacaqlar: “Mənim simpatiyam Azərbaycanın, onun xalqının və Silahlı Qüvvələrinin tərəfindədir. İnanıram ki, Bakı minimum itkilərlə və tez bir zamanda qələbə qazanacaq”.
PolitRUS portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov isə deyib ki, Ermənistan yeni hərbi münaqişə yaratdı:“KTMT və digər ölkələr Azərbaycanla konstruktiv münasibətlər qurmağa davam edəcək. Paşinyanın hərbi-siyasi avantürasına dəstək olmayacaq”.
Rusiya Şurasının beynəlxalq məsələlər üzrə eksperti Aleksey Fenenko isə belə deyib: “Azərbaycan-Ermənistan sərhədində eskalasiya İrəvanın Rusiyanı qıcıqlandırmaq üçün addığı addımdır”.
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markovun fikrincə, bütün izlər İrəvanı göstərir: “Ermənilər deyir gərginliyi Bakı yaradıb, amma bütün izlər İrəvana aparır”.
Beləliklə, hətta Rusiya hakimiyyət dairələrində da sırf bu təxribatın əsl səbəbləri barədə açıq danışılmağa başlanılıb.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Tərəfsiz Jurnalistlər İB-nin icra etdiyi “İşğalçı Ermənistanın bölgədə təhlükəsizliyə təhdidlərilə bağlı xarici mediada təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində təqdim edilir.