“Azərbaycan-Türkiyə münasibətləri ortaq tarixə, dəyərlərə, dilə və mədəniyyətə söykəndiyi üçün unikaldır, bənzərsizdir. Amma bu münasibətlərin təməlini daha da möhkəmləndirən, bir xalqın iki dövlətini ortaq dəyərlər və ortaq maraqlar üzərindən sıx tellərlə bir-birinə bağlayan hər iki ölkənin liderlərinin uzaqgörənliyi, qətiyyəti, eləcə də Azərbaycan və Türkiyə vətəndaşlarının bir-birinə olan təmənnasız, qarşılıqlı sevgisidir”.
Bu sözləri "Modern.az" saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Millət vəkili qeyd edib ki, Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən Prezident İlham Əliyevin qardaş Türkiyə dövlətinin maraqlarını önə çəkməsini təkcə dostluğun, qardaşlığın münunəsi kimi dəyərləndirmək doğru olmazdı:
“Azərbaycan Prezidentinin “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” deməsi etibarlı siyasi əxlaqın, prinsiplərə və qarşılıqlı münasibətlərə sədaqətin bariz nümunəsidir. Bu hadisə nəticəsində beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi. Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir”.
Azər Kərimlinin sözlərinə görə, Azərbaycan Prezidentinin bu qətiyyətli və açıq mövqeyi nə ölkəmizdə, nə də Türkiyədə kimsəni təəccübləndirməyib:
“Bu müddət ərzində həm sosial şəbəkələri, həm də Türkiyənin kütləvi informasiya vasitələrini diqqətlə izlədim. Prezident İlham Əliyevin qardaş ölkəyə münasibətdə prinsipial, qətiyyətli mövqeyi kimsəni təəccübləndirməmişdi. Əksər yanaşmalarda Azərbaycan Prezidentinin 2014-cü il aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitdə qardaş ölkənin əleyhinə təbliğat aparan Serj Sarkisyanı necə susdurduğu, “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam” deməsi xatırladılırdı və qeyd olunurdu ki, Prezident İlham Əliyevin Türkiyə nümayəndələrinin olmadığı yerdə qardaş ölkəni müdafiə etməsi ilk növbədə Azərbaycanın dövlət başçısının xarakterindən, qətiyyətli mövqeyindən, qarşılıqlı münasibətlərə sədaqətindən qaynaqlanır. Doğrudan da dostun, qardaşın, tərəfdaşın olmadığı yerdə onun müdafiə olunması müasir siyasi münasibətlər sistemində çox az hallarda özünü büruzə verən xarakter cizgisi, əsl dostluq, qardaşlıq nümunəsidir. Mövcud yanaşma isə yalnız özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir. Bu özünəinam isə bütövlükdə Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir”.