“Ordumuzun dünən səhərdən başlayan əks-hücum əməliyyatı bizim sevincimizə səbəb olub”.
Bu sözləri Modern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. Komitə sədri qeyd edib ki, biz öz ərazilərimizi işğaldan azad etməyə tam şəkildə hazırıq və bu hazırlığın konkret nəticələri ortadadır:
“Amma biz təkcə hazır olduğumuz üçün bu əks-əməliyyata başlamadıq, hazırlığımızı dinc yolla davam etdirməyin və münaqişəni dinc yolla həll etməyin tərəfdarıyıq. Bu haqda Ermənistan tərəfi ilə danışıqlar aparmağa cəhd etdik. Lakin onlar bu yola üz tutmadı və cənab prezidentin ən yüksək tribunalardan təklif etdiyi çıxış yollarını nəzərə almadılar. Əksinə, haqqa zidd olan siyasəti qanuniləşdirməyə çalışdılar. Onlar düşünürdülər ki, Azərbaycan bu vəziyyətə sonsuza qədər dözəcək və “dur!” deməyəcək. Öz ərazi bütövlüyünü qorumaq hüququndan istifadə etməyəcək”.
Bahar Muradova nəzərə çatdırıb ki, xeyli müddətdir, Ermənistanın müharibə hazırlığı haqqında əlaqədar dairələr məlumatlandırılıb:
“Müxtəlif dairələri xəbərdar etmişdik ki, Ermənistan müharibə hazırlığı görür, yeni ərazilər uğrunda təxribat planları qurur, yenə də onları dayandıran olmadı. Bu səbəbdən Azərbaycan Ordusu ərazi bütövlüyünü qorumaq üçün əməliyyat aparmağa vadar oldu. Təmas xəttində yaşayan mülki əhalimizi qorumaq üçün təbii haqqımıza baş vurduq. Bu bizim böyük hədəfimizə gedən yolda əldə etdiyimiz uğurlardır və inanıram ki, Azərbaycan xalqı Ali Baş Komandanımızın başçılığı altında toplanacaq və uzun illərdir gözlədiyimiz hədəfə çatacağıq. Əgər bu torpaqları sülh yoluyla azad etmək mümkün olmadısa və artıq onlar mülki vətəndaşlarımıza zərər verirsə, niyə də biz özümüzü təmas xəttində müdafiə etməyək? Ona görə, mən bu günə qədər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunu, Azərbaycan xalqını, soydaşlarımızı, habelə haqqı-hüququ tanıyan hər bir şəxsi ürəkdən təbrik edirəm və deyirəm ki, bizim qələbəmiz hələ qabaqdadır və ona doğru inamla addımlayırıq”.
Aysel Aslan
Fidan Əli