Belçika kralı Filip ölkədə büdcənin razılaşdırılması ətrafında yaranan böhran fonunda Baş nazir Bart De Veverin istefasını qəbul etməyib. Monarx hökumət başçısından büdcə ilə bağlı danışıqları dərhal bərpa etməyi tələb edib.
Modern.az xəbər verir ki, bu barədə Kral Sarayının yaydığı bəyanatda bildirilib.
“Keçirilən məsləhətləşmələrin yekunlarına əsasən, kral baş nazirin istefasını rədd etmək və ondan büdcə danışıqlarını dərhal bərpa etməyi xahiş etmək qərarına gəlib”, – bəyanatda qeyd olunub.
Cümə günü kral Filip Bart De Veveri qəbul edib, həmçinin hakim koalisiyaya daxil olan beş partiyanın sədrləri ilə məsləhətləşmələr aparıb.
Görüşlərdə bütün partiya rəhbərləri qarşıdakı üç il üçün büdcə ilə bağlı razılığa gəlməyə və qarşılıqlı güzəştlərə getməyə hazır olduqlarını təsdiqləyiblər.
Baş nazir noyabrın 16-da danışıqların nəticələri barədə yenidən krala məruzə etməlidir.
Qeyd edək ki, bundan əvvəl hakim koalisiyaya daxil olan partiyalar büdcə kəsirinin azaldılması tədbirləri ilə bağlı razılığa gələ bilmədikdən sonra Bart De Vever istefasını təklif etmişdi.
Tərəflər arasında fikir ayrılıqları dövlət borcunun artdığı bir vaxtda vergilərin artırılması və dövlət xərclərinin azaldılması məsələləri ilə bağlıdır.