Modern.az

Zəfəri haqqı edən Azərbaycan əsgəri

Zəfəri haqqı edən Azərbaycan əsgəri

Aktual

30 Sentyabr 2020, 13:26

Yenə zəfər çaldınız, gözünə döndüklərim

Aləmə səs saldınız, gözünə döndüklərim.

 S.Rüstəm

 

         
Bu misraları heç də təsadüfi yazmadım. Çünki, uzun illərdir, həsrətlə gözlədiyimiz hadisə nəhayət ki, baş verdi. Fədakar, cəsur, qəhrəman əsgərlərimiz Vətən torpağını işğalçılardan təmizləməyə başladılar. Bu zəfər qaranquşlarından ilhamlanaraq, sevinc hisslərinin təsirilə bu yazını qələmə almaq qərarına gəldim...

         
200 ildir, Azərbaycanın tarixi torpaqlarına köçürülən, humanist xalqımızın qucaq açdığı, duz-çörəyini əsirgəmədiyi bədnam ermənilər, zaman-zaman xalqımıza qənim kəsildi, arxadan zərbələr vurdu. Tarixin müəyyən tələtümlü, qarışıq dövrlərində təpədən-dırnağa qədər silahlanaraq, mülki insanları qətlə yetirərək, insanları öz ata-baba yurdlarından didərgin salaraq, özgə torpaqlarını-Azərbaycan türklərinin əbədi, əzəli torpaqlarını işğal etməyə başladılar.

         
Havadarlarının dəstəyi və səyi nəticəsində əvvəlcə qədim İrəvan xanlığı və İrəvan şəhəri, sonralar isə Göyçə, Zəngəzur və digər torpaqlarımız ermənilərə verildi və tarixi olmayan oyuncaq Ermənistan adlı dövlət quruldu.

         
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, XI Qızıl Ordu tərəfindən Azərbaycanın işğalı nəticəsində, Stalin-Mikoyan-Orcanikidze-üçbucağının məkrli siyasəti nəticəsində Azərbaycanın yeni torpaqları ermənilərə peşkeş olundu. Gələcək üçün bomba effekti verəcək Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı və ermənilərə geniş imkanlar yaradıldı. Baxmayaraq ki, Ermənistan SSR-də konpakt şəkildə yaşayan azərbaycanlıların sayı Qarabağdakı ermənilərin sayından qat-qat çox idi.

         
Lakin, ermənilərin havadarları onlara xüsusi rəğbət, simpatiya bəsləyirdilər, həm də xristian həmrəyliyi nümayiş etdirirdilər. Xalq şairi Süleyman Rüstəm zamanında belə havadarlara nifrətini misralarla bildirib:

 

Qan tökənlərədir havadarlığın,

Qəddar düşmənisən bəxtiyarlığın.

Sənin təhlükəli, qanlı varlığın

Gözümdə yırtıcı heyvana döndü...

Bir gün görəcəksən başının üstə

Millətlərin hökmü tufana döndü.

 

         
1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətində illərlə cücərən separatizm meyli güclənərək, dərin,  yaralar mənbəyinə, düşmənçilik xəstəliyinə çevrildi. Onlar Azərbaycana müharibə elan edərək, meydan oxuyaraq torpaqlarımızın işğalına start verdilər. Təbii ki, həmişə olduğu kimi bu dəfə də sovetlər ölkəsinin rəhbəri, ermənipərəst Mixail Qorbaçov və onun riyakar hökümət üzvləri onlara dəstək verdilər, işğala göz yumdular, heç bir qəti addımlar atmadılar.

1991-ci ildə Azərbayacan yenidən öz müstəqilliyini elan etdi. DQMVdə daxil olmaqla, Azərbaycan Respublikası mövcud sərhədləri daxilində Birləşmiş Millətlər Təşkilatı tərəfindən rəsmən tanındı. Lakin, ermənilər qara yara kimi, öz məkirli, işğalçılıq siyasətindən əl çəkmədilər, əksinə, DQMV ətrafındakı 7 rayonu da işğal etdilər. Bu müddət ərzində BMT 4 qətnamə qəbul edərək erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqların dərhal, təxirəsalmadan qeyri-şərtsiz çıxarılmasını tələb etdi. Öz dədə-baba yurdlarından ermənilər tərəfindən zorla qovulmuş 1 milyona yaxın məcburi köçkünlərimizin də öz evlərinə qaytarılması bu qətnamələrdə öz əksini tapdı. Sonralar ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar da bu qəbil qətnamələr qəbul etdilər. Lakin, ipə-sapa yatmayan, beynəlxalq təşkilatlara da meydan oxuyan, onların qərarlarını heçə sayan, Beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyalarına və ona edilmiş əlavə Protokollara məhəl qoymayan quldur, faşıst rejimi olan Ermənistan höküməti separatçı xunta rejimi ilə birgə işğalı davam etdirərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları uzatmağı, Status-kvonu saxlamağı qarşısına məqsəd qoydular. ATƏT-in Minsik qrupunun həmsədrərinin (Rusiya, ABŞ, Fransa) xüsusi rəğbətindən faydalanan Ermənistan hər vəchlə danışıqlar prosesini uzatmağa nail oldular. 30 ilə yaxın bir müddətdə bu mənasız danışıqlar əslində Azərbaycan xalqının əsəblərini tarıma çəkdi, ermənilər isə günü-gündən həmin torpaqlarda möhkəmlənməyə, yeni-yeni infrastrukturlar yaratmağa başladılar, havadarlarından təmənnasız olaraq silahla, hərbi texnika ilə təchiz olundular.

         
Danışıqlar zamanı sülhsevər Azərbaycan dövləti savaş açmadan münaqişənin həlli üçün güzəştə gedərək ermənilərə Azərbaycan Respublikasının tərkibində ən yüksək statuslu muxtariyyət təklif etdi. Lakin, bununla da razılaşmayan ermənilər daha da azğınlaşaraq respublikamızda 2-ci erməni dövlətinin yaradılması xülyasına düşdülər.

         
Bir-birinin ardınca hakimiyyətə gələn və hakimiyyətdən salınan erməni rəhbərləri tutuquşu kimi bu xülyanı dilə gətirərək, danışıqları heçə endirdilər.

         
Çevriliş nəticəsində, hakimiyyətə gələn naşı Nikol Paşinyan əlləri Azərbaycan xalqının qanına bulanmış cəlladlar R.Köçaryan, S.Sarkisyan kimi bu bədnam siyasəti davam etdirməyə başladı.

         
Zəngin idarəçilik, siyasi, diplomatik biliyə, bacarığa, səristəyə malik, daim xalqına söykənən, onun yanında olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün beynəlxalq qurumlarda, görüşlərdə, teledebatlarda N. Paşinyana tarixi dərs verərək, onu ağıla, kamala dəvət etdi. “Qarabağ Azərbaycanlılarındır!” mesaji ilə erməniləri öz bədnam əməllərindən əl çəkməyə çağırdı.  

         
İ.Əliyev bütün beynəlxalq qurumlarda həmin təşkilatları, dünya ictimayyətini problemin əsl mahiyyəti ilə tanış edərək, onlarda düzgün, ədalətli fikir formalaşdırmaq üçün bütün var qüvvəsini əsirgəmədi.

         
Azərbaycanın dövlət başçısı bu illər ərzində dəfələrlə dünya ictimayyətini, beynəlxalq təşkilatların qəsbkar, işğalçı Ermənistana təzyiq göstərməyi, ona qarşı sanksiyalar tətbiq etməyə çağırdı. Lakin, bu müraciətlər eşidilmədi.

         
Elə, cənab Prezidentin son günlərdə “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirakı zamanı, eləcə də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformalda çıxışı zamanı bir daha beynəlxalq təşkilatları, dünya ictimayyətini Ermənistana təzyiq göstərməyə, işğalı dayandıraraq, Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı çağırış etdi. Dövlət başçısı həmçinin, son zamanlar təmas xəttində, Ermənistan-Azərbaycan sərhəddində eləcə də Qarabağda təmas xəttində Ermənistan silahlı qüvvələrinin çox sayda hərbi texnika və ordu kontingenti yerləşdirməsini və yeni təxribata əl atacaqları ilə bağlı xəbərdarlıq etdi.

         
Bu isə özünü çox gözlətmədi. Sentyabrın 27-də saat 600-da Ermənistan silahlı qüvvələri hücuma keçərək, atəşkəsi kobud şəkildə pozmağa başladı. Mülki əhalini, mülki obyektləri, dinc insanları uşaq, qadın, qocaları hədəfə aldılar. Lakin, həna o hənadan olmadı. İllərdir, boğaza yığılan, hər an vətən torpaqlarını düşməndən azad etməyə hazır olan cəsur Azərbaycan əsgəri əks hücuma keçərək, torpaqların müdafiəsinə qalxdılar, düşmənə sarsıdıcı zərbələr endirdilər. Əks hücum əməliyyatlarını uğurla davam etdirən ordumuz yüksək döyüş əzmi və igidlik nümayiş etdirərək, düşməni tam məhv etmək üçün son damla qanlarınadək vuruşur, qələbə sevincini bizə yaşadırlar.

         
Azərbyacan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin xalqa, orduya müraciətindn, zəfərin bizimlə olduğunu bəyan etdikdən sonra ilhamlanan Azərbaycan ordusu düşmənə ağır texniki və insani itkilər verdirərək, bir çox kəndin, strateji hündürlüklərin alınmasına nail oldular. Başqa sözlə, qələbə, zəfər qaranquşları ilə xalqımızı sevindirdilər.

         
Təbii ki, bu zəfər Xalq-Prezident, Prezident-Xalq birliyinin, Ordu ilə Xalq birliyinin, xalqın vətənpərvərlik ruhunun yüksək olması, uzun illər İlham Əliyevin apardığı gərgin görüşlərin, apardığı düzgün, məqsədyönlü daxili və xarici siyasətin, ordu quruculuğunun, güclü iqtisadiyyatın və s. sayəsində mümkün olmuşdur.

         
Mən bir vətəndaş, jurnalist kimi Ali Baş Komandanımızla fəxr edir, qürur hissi keçirirəm.

         
Belə Ali Baş Komandanın, belə bir güclü ordusu, döyüşkən, cəsur, qəhrəman əsgəri və döyüş qabiliyyətli, savadlı, peşəkar zabitləri olar.

         
30 il həsrətlə gözlədiyimiz belə bir uğurlu əks hücum əməliyyatının müvəffəqiyyətlə aparılmasına, düşmənə ağır zərbələr vurlumasına, Azərbaycan ordusunun adını dünyaya tanıtdıqlarına, zəfər, qələbə hissi yaşatdıqlarına, bizə bu xoşbəxtliyi, sevinci yaşatdıqlarına görə ilk növbədə cənab Prezident-Ali Baş Komandan Sizə və Azərbaycan ordusuna öz dərin minnətdarlığımı bildirirəm. Qələbəyə imza Sizin qismətinizdir. Gün o gün olsun, bütün torpaqlar işğaldan azad olunsun, bayrağımız daimi dalğalansın. Inaniriq, əminik ki, sentyabrın 27-dən başlanan əks hücum əməliyyatı bizim tam və qəti qələbəmizlə yekunlaşacaq. Allah Sizi qorusun!

         
Bu yerdə yazımı Xalq şairi Süleyman Rüstəmin 75 il öncə Azərbaycan əsgərinə yazdığı, bu gün də müasir səslənən misralarla bitirirəm:

 

Ömrümüzə bu rövnəq şərəfdən-şandan gəlir.

Vətənə hər vədiniz ürəkdən, candan gəlir.

Andınıza sədaqət Azərbaycandan gəlir,

Açın, qol-qanad açın, gözünə döndüklərim

Yeni zirvələr aşın, gözünə döndüklərim.

 

Nəsillərçin səadət aynasıdır zəfərlər,

Bizim bu dünyamızın mənasıdır zəfərlər.

Könüllərdə sevinclər dəryasıdır zəfərlər,

Zəfər çalın hər zaman, gözünə döndüklərim

Vəcdə gəlsin, Süleyman, gözünə döndüklərim.

 

 

 

Qafar Əsgərzadə          

Əməkdar jurnalist, Pedaqogika  üzrə fəlsəfə doktoru, dosent

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada