Azərbaycan QHT-ləri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından Ermənistana sanksiya tətbiq olunmasını tələb edib.
Modern.az-ın məlumatına görə, bununla bağlı BMT-yə ünvanlanmış müraciətdə deyilir:
“Bildiyiniz kimi, 27 sentyabr 2020-ci il saat 06:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə hərbi əməliyyatlara başlayıb. Bu günə qədər Ermənistan ordusunun qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 19 nəfər mülki şəxs həlak olub, 55 nəfər yaralanıb. Dövlət və özəl mülkiyyətlərə ciddi zərər dəyib.
Ermənistan bir daha bu vəhşi əməlləri ilə sivil dəyərləri qəbul etmədiyini, mülki insanların, o cümlədən azyaşlı uşaqların qatili olduğunu nümayiş etdirir. Hərbi əməliyyatlar şəraitində mülki insanların hədəfə alınması və qəsdən öldürülməsi hərbi cinayətdir. Ermənistanın hərbi-siyasi rəhbərliyi və bütövlükdə Ermənistan dövləti buna görə məsuliyyət daşıyır. Ermənistanın Azərbaycana hərbi təcavüzü çərçivəsində xüsusilə mülki əhalini və yaşayış məntəqələrini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozur.
Buna görə də, bu bəyanata imza atan Azərbaycan qeyri-hökumət təşkilataları həyəcan təbili çalaraq Sizi BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çəkilməsi ilə bağlı 4 qətnaməsinə məhəl qoymayan, sülh danışıqlarından qaçan və hazırda ölkəmizin yeni ərizlərini işğal etmək üçün döyüş əməliyyatları aparan Ermənistanın təcavüzkar siyasətini dayandırmaq üçün beynəlxalq mandatınız çərçivəsində rəsmi İrəvana qarşı təsirli addımlar atmağa və ciddi iqtisadi və siyasi sanksiyalar tətbiq etməyə çağırırıq”.