Alanya Ticarət və Sənaye Palatasının prezidenti Mehmet Şahin, Ermənistanın xain hücumlarına məruz qalan Azərbaycanı dəstəkləmək üçün esnaflara və vətəndaşlara Türkiyə və Azərbaycan bayraqlarını paylayacaq.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M. Şahin kampaniyaya əvvəlcə nəhəng Türkiyə və Azərbaycan bayraqlarını Palata Xidmət Binasında asmaqla başlayıb. M. Şahin bazar ertəsi günündən etibarən hazırladıqları 1000 ədəd Azərbaycan və Türkiyə bayrağını vitrinlərə asmaq üçün paylayacaqlarını açıqlayıb.
Şahin açıqlamasında məqsədlərinin iki qardaş ölkənin bayraqlarını vitrinlərdə yan-yana yerləşdirmək və beləliklə, bütün dünyaya birlik və həmrəylik mesajı vermək olduğunu bildirib:
"Ermənistanın Azərbaycana qarşı başlatdığı çirkin hücumları qınayırıq.
"Bir millət iki dövlət" prinsipi ilə qardaşlıq əlaqələri qurduğumuz Azərbaycanı dəstəkləmək üçün bayraq kampaniyasına başladıq. Bazar ertəsi günündən etibarən hər birindən 1000 ədəd sifariş etdiyimiz iki qardaş ölkənin bayraqları ilə pəncərələri bəzəyəcəyik. Bizim borcumuz azərbaycanlı qardaşlarımıza hər zaman yanlarında olduğumuzu göstərməkdir. İki qardaş ölkə arasında həmrəylik olduğu müddətcə, Ermənistanın türk torpaqlarında planlaşdırdığı çirkli oyunları reallaşdırmaq şansının olmadığını düşünürəm".