Azərbaycan Mühəndislik Akademiyası Azərbaycan-Ermənistan təmas xəttində baş verən son toqquşma ilə bağlı bəyanat yayıb.
Modern.az həmin bəyanatı təqdim edir:
"27 sentyabr 2020-ci il tarixindən başlayaraq son günlər ərzində Ermənistan Respublikasının işğalçı ordusunun 30 ildən artıq bir müddətdə zəbt etdiyi Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində yenidən fəallaşaraq “daha çox ərazi ələdə etmək” məqsədilə təxribat törətmiş, atəşkəs rejimini ciddi surətdə pozaraq hücuma cəhd göstəriblər. Buna qədər Ermənistanın siyasi rəhbərliyinin verdiyi bəyanatların, atdığı addımların mahiyyətindən məlum olub ki, işğalçı rejim beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun səylərinə, BMT-nin Təhlükəsizlik Şurasının üç qətnaməsinə məhəl qoymadan yeni müharibəyə hazırlaşır, daha çox ərazi işğal etmək istəklərini reallaşdırmaq niyyətindədirlər. Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev müxtəlif görüşlərdə, xüsusilə BMT-nin 75 illiyinə həsr olunan videokonfransda ətraflı şəkildə məlumat verib, Ermənistanın işğalçı rejiminin qarşısının alınmasının, zəbt olunmuş ərazilərimizdən Ermənistan qoşunlarının çıxarılmasının vacib olduğunu bir daha nəzərə çatdırəb. Lakin ikili standartlara vərdiş edən beynəlxalq təşkilatlar deyilənlərin dinləsələr də eşitməkdən imtina etdlər. Bu gün reallaşan hərbi əməliyyatlar deyilənlərin həqiqiliyini sübut etdi. Münaqişənin sülh yolu ilə nizamlanmasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi 30 ildə konfliktin həlli istiqamətində heç bir müsbət addımın atılmasını təmin etmədi, əksinə ermənilərin konfliktin status-kvoya əsaslanan konservasiyasına xidmət etdi. Aydın məsələdir ki, Azərbaycan bu vəziyyətlə heç vəhclə barışmayacaqdı. Qeyd etmək yerinə düşər ki, Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatlar da bu qarşıdurmanın başlanması üçün bəhanə kimi düşünülüb. Bu gün Azərbaycan Ordusu düşmənin 27 sentyabrdan başlanan hücumlarına qarşı başladığı əks hücumla öz üzərinə düşən haqq işini həyata keçirir və ərazilərimizin azad edilmiəsinə çox böyük uğurla davam edir. Bu Azərbaycanın haqq işidir və bütün beynəlxalq qanunlara, beynəlxalq hüququn ixtiyar verdiyi normalara uyğundur.
Azərbaycan Mühəndislik Akademiyasının ziyalı kollektivi olaraq Azərbaycan xalqının haqq işinə dəstək olduğumuzu, hər cür təcavüzə yox dediyimizi, Azərbaycanın Şanlı Ordusunun apardığı Böyük Vətən Müharibəsində qəhrəman Azərbaycan Əsgərinin yanında olduğumuzu bəyan edirik. Ən yaxın zamanlarda Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə zəfər qazanacağımıza, Qələbə gününü qeyd edəcəyimizə tam əminik və ürəkdən inanırıq! Qarabağ Azərbaycandır! Qələbə bizimlədir! Yaşasın Azərbaycan!!!"