“Gəncəyə raket atmaqla Ermənistan bir daha cinayətkar dövlət olduğunu göstərdi. Legitim hərbi hədəf olmayan, heç bir hərbi zərurət doğurmayan, vurulması hansısa hərbi üstünlük qazandırmayan, üstəlik, beynəlxalq hüquqla qorunan hədəfləri (mülki əhalini, tarixi abidələri və s.) qəsdən vurmaq beynəlxalq cinayətdir”.
Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Erkin Qədirli bildirib.
“Həm hərbi məntiqə, həm beynəlxalq hüquqa, həm da işğal faktının özünə görə bizim Ermənistan ərazisində hərbi hədəfləri vurmaq, orada hərbi əməliyyat aparmaq haqqımız var (təcavüzə məruz qaldığımız ilk gündən var). Gəncəyə raket atəşi bizə sadəcə əlavə siyasi bəhanə vermiş olur”, E.Qədirli əlavə edib.
“Biz Ermənistandakı hərbi hədəfləri vursaq, Rusiya Ermənistanın müdafiəsinə gələrmi? Beyəxlaq hüquqa görə, Rusiyanın belə bir halda qarışması üçün heç bir əsası yoxdur. Kollektiv təhlükəsizlik haqqında anlaşmalar yalnız xaricdən qaynaqlanan təhlükələrə qarşı müdafiə üçündür. Təhlükə dövlətin özündən qaynaqlanırsa, başqaları onun müdafiəsinə gəlməyə borclu deyillər. Məsələn, ABŞ-ın Tayvanla anlaşması var. Həmin anlaşmaya görə ABŞ Tayvanı Çindən qorumalıdır. Bununla belə, Tayvan özü Çini təhrik edərsə, ABŞ-ın Tayvanın yardımına gəlmək borcu olmayacaq.
Ermənistan konteksti də elədir. Ermənistanın Azərbaycana qarşı təcavüzü Azərbaycanın özünümüdafiə haqqını aktuallaşdırır. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, təcavüzə məruz qalmış dövlət müdafiəsini yalnız öz ərazisində qurmağa borclu deyildir. Bu halda Rusiyanın Ermənistanı qorumaq öhdəliyi yaranmır, çünki Ermənistan özü özünə qarşı belə bir təhlükəni yaradıb, bununla da Rusiya ilə kollektiv təhlükəsizlik anlaşmasını pozub (Rusiya üçün əlavə təhlükə yaradıb).