Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olan 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanovanın ölümündən yeddi gün keçir.
Modern.az xəbər verir ki, hər iki azyaşlı Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbində oxuyub. Şəhriyar VII sinifdə, Fidan isə IX sinifdə təhsil alıb.
Məktəbin “Vətənpərvərlər” qrupunun üzvü olan Şəhriyar bir neçə tədbirlərdə, müsabiqələrdə iştirak edib, o cümlədən aprel döyüşlərində qəhrəmancasına şəhid olan kapitan Vaqif Bayramovun xatirəsinə həsr olunmuş “İntiqam gününə az qalıb daha” adlı kompazisiya xüsusilə münsiflər heyətinin diqqətini cəlb edib və “Vətənpərvərlər” qrupu müsabiqədə 1-ci yerə layiq görülüb.
Şəhriyar, həmçinin futbola çox böyük həvəsi olduğundan Respublika U-11 futbol komandasında fəal iştirak edib. FİFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) 13 yaşlı Şəhriyarın şəhid olması ilə əlaqədar baş sağlığı ünvanlayıb və dərindən kədərləndiyini bildirib.
Xatırladaq ki, Şəhriyar Qurbanov və Fidan Qurbanova ilə birlikdə digər 3 ailə üzvləri də həlak olmuşdu.
Allah rəhmət eləsin!