Qarabağ uğrunda döyüşlərin davam etdiyi bir vaxtda cəbhə bölgəsində hava şəraitinin pisləşməsi sosial şəbəkə istifadəçilərini narahatlığına səbəb olub. Xüsusilə, cəbhəətrafı rayonlarda yaşayan insanlar aramsız yağışların yağdığını, havanın soyuduğunu hətta Murovdağ və digər istiqamətlərdə zirvələrə qar düşdüyünü bildiriblər. İnsanlar arasında mövcud hava durumunun Ordumuzun hərbi əməliyyatlarına mənfi təsir edəcəyi barədə narahatlıq var.
Bu barədə Modern.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov isə narahatlığa əsas olmadığını söyləyib. Keçmiş hərbçi vurğulayıb ki, havanın pisləşməsi hər iki tərəfə təsir edir:
“Yəni havanın pisləşməsi təkcə bizim ordumuzun işini çətinləşdirmir. Eyni zamanda düşmən tərəf də buna məruz qalır. Amma qeyd etməliyəm ki, havanın mənfi təsiri elə də böyük deyil. Azərbaycan ordusu əks-hücum əməliyyatlarını tam hazırlıqlı aparır. Sentyabrın ortalarında qış fəslinə keçidlə bağlı Ordunun təminat məsələsi yüksək səviyyədə həll olunub. Lazım olan vəziyyətdə əsgərlərə təminatları çatdırmağa imkanımız var. Ona görə də, biz qış rejimində belə texniki baxımdan da bütün təchizatımız yetərlidir”.
Fidan ƏLİ