“Prezidentin səsləndirdiyi şərtlər Ermənistana tamamilə darmadağın olmamaq üçün verilən son şansdır”.
Prezident İlham Əliyev “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə” və “TRT Haber” telekanallarına müsahibələrində Azərbaycanın haqlı və prinsipial mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Bunu “Modern.az” saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Azər Kərimli qeyd edib ki, Azərbaycan Prezidentinin atəşkəslə bağlı irəli sürdüyü şərtlər də beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin tam və qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələrinə söykənir: “Azərbaycan işğala məruz qalan tərəfdir və uzun illərdir ki, sülh danışıqlarının nəticə verəcəyinə ümid bəsləyib, böyük səbr nümayiş etdirib. Lakin bu müddət ərzində işğalçı Ermənistanın BMT qətnamələrinə əməl etməməsi, beynəlxalq hüququn norma və prinsiplərini ayaqlar altına atmasının qarşılığında təcavüzkarın sülhə məcbur edilməsi üçün ona qarşı nə önləyici diplomatik tədbirlər, nə iqtisadi, nə hüquqi, nə də maliyyə sanksiyaları həyata keçirilməyib. Belə hallarda tətbiq edilən ən son sülhə məcburetmə tədbirləri də həmçinin, həyata keçirilməyib. Yaranmış vəziyyət, həmçinin işğalçı ölkənin Azərbaycana qarşı mülki əhalinin qətlə yetirilməsi, təsərrüfatlara, infrastruktura ciddi ziyan vuran hərbi cinayət əməlləri ilə müşayiət olunan, fasiləsiz təxribatlar törətməsi ölkəmiz üçün başqa çıxış yolu qoymayıb və dövlətimiz BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, təcavüzkarın sülhə məcbur edilməsi istiqamətində qətiyyətli addımlar atmaq məcburiyyətində qalıb”.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin səsləndirdiyi bütün fikirlər beynəlxalq hüquqa əsaslanır, bütün bəşəriyyət üçün önəm kəsb edən mənəvi dəyərləri, humanizm prinsiplərini əks etdirir: “Cənab Prezident kifayət qədər aydın şəkildə ifadə etdi ki, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” dediyinə görə Azərbaycan xalqından üzr istəməli və bəyan etməlidir ki, Qarabağ Ermənistan deyil. Təbii ki, bu, Azərbaycan xalqı üçün mühüm mənəvi əhəmiyyət kəsb edən bir məsələdir, amma eyni zamanda beynəlxalq hüquqa, BMT-yə hörmətsizlikdir. Çünki həm tarix, həm hüquqi amillərə görə, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və onun hansısa dövlətin ərazisi elan edilməsi beynəlxalq birliyə hörmətsizlikdir. Dövlətimizin başçısı bildirdi ki, Ermənistan silahlı qüvvələrini hansı gündə hansı bölgədən çıxaracağını bəyan etməli, bununla bağlı Azərbaycana konkret, real tarix deyilməli və deyilən zaman kəsiyində də icra olunmalıdır. Və bütün bunlar Minsk Qrupunun həmsədrləri tərəfindən təsdiq edilməlidir.
Qeyd edim ki, Prezident İlham Əliyevin beynəlxalq zəmanətçilərlə bağlı ifadə etdiyi fikrlər də BMT Nizamnaməsinin, beynəlxalq hüqui statusu olan digər sənədlərin tələbləridir”.
Azər Kərimli Azərbaycan Ordusunun əks-hücumunu uğurla davam etdirdiyini və torpaqlarımızı tezliklə azad etməyə qadir olduğunu bildirib: “Ordumuz zəfər çalacaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək. Cənab Prezidentin səsləndirdiyi şərtlər isə Ermənistana tamamilə darmadağın olmamaq, daha çox itkilərə məruz qalmamaq üçün verilən son şansdır”.