Qırğızıstanın prezidenti Sooronbay Jeenbekov ölkənin baş naziri Qubatbəy Boronovun və hökumətin istefası haqqında sərəncam imzalayıb. Daha sonra isə o, Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbəy Opumbayevi də istefaya göndərib.
Modern.az xəbər verir ki, sərəncam imzalandığı gündən qüvvəyə minsə də, hökumət üzvləri yeni nazirlər kabibeti formalaşana qədər öz vəzifələrini yerinə yetirəcəklər.
Oktyabrın 8-də Jeenbekov ölkə qanuni yolla idarə olunmağa başlayandan sonra, vəzifəsindən getməyə hazır olduğunu bildirib. O, baş nazir və hökumətin istefasının yeni təyinatların qanuniləşdirilməsi üçün zəruri olduğunu bildirib.
Jeenbekov, həmçinin deyib ki, siyasi böhranın aradan qalxması üçün parlament seçkilərinin ləğv edilməsi və yeni seçkilərin keçirilməsi ilə bağlı qərar verilməlidir.
Xatırladaq ki, Qırğızıstanda oktyabrın 4-də keçirilmiş parlament seçkilərindən sonra kütləvi etiraz aksiyaları başlayıb. Seçkilərin nəticələrindən narazı qalan siyasi partiya tərəfdarları Bişkek küçələrinə çıxıb, şəhər merliyi, ictimai teleradio şirkəti, parlament, hökumət və DİN binalarını ələ keçiriblər. Onlar, həmçinin Qırğızıstanın keçmiş prezidenti Almazbəy Atambayevi, eks-baş nazir Sapar İsakovu və bir neçə deputatı həbsdən azad ediblər.