Modern.az

Əli Hüseynli: “Vətən müharibəsindəki Qələbə ilə beynəlxalq hüquq icra olundu”

Əli Hüseynli: “Vətən müharibəsindəki Qələbə ilə beynəlxalq hüquq icra olundu”

Aktual

25 Noyabr 2020, 11:20

Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirmiş Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 21-ci əsrin müasir hərbi texnoloji nailiyyətləri əsasında böyük məharətlə aparılan 2-ci Qarabağ müharibəsi öz məntiqi nəticəsini verdi.  Noyabrın 20-də isə çox böyük strateji və mənəvi əhəmiyyətə malik Ağdam şəhərinin itkilər vermədən Azərbaycana - bu torpaqların qanuni sahibinə təslim edilməsi Vətən müharibəsinin şanlı səhifələrindən biri kimi tarixə yazıldı. 

 

Azərbaycan Prezidenti və 1-ci Vitse-prezidentin işğaldan yenicə azad edilmiş Ağdama etdiyi səfər isə hər baxımdan xüsusi məna kəsb edir. Lakin düşünürəm ki, əhəmiyyət dərəcəsinə görə burada bir məsələyə xüsusi diqqət yetirməyə ehtiyac vardır. Cənab Ali Baş Komandan Ağdam məscidinin önündə etdiyi çıxışda işğalçı Ermənistan üzərində əldə olunmuş qələbənin təkcə güc amili ilə deyil, həm də beynəlxalq miqyasda aparılan və dəqiqliklə ölçülüb-biçilmiş siyaşi fəaliyyətin nəticəsi kimi dəyərləndirmişdir. Onun sözlərinə görə,  Vətən müharibəsində Azərbaycanın milli maraqlarını tam şəkildə əhatə edən nəticə həm də son 17 il ərzində Qarabağ münaqişəsinin həlli üçün kifayət qədər möhkəm əsaslara söykənən beynəlxalq hüquqi bazanın yaradılması ilə bilavasitə bağlıdır.

 

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi məlum 4 qətnamənin icrasına süni maneələr yaradılmasına baxmayaraq, bu müddət ərzində bütün beynəlxalq təşkilatlarin - BMT Baş Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qərar və qətnamələrinin rəsmiləşdirilməsinə nail olmaqla münaqişənin ədaləti həlli üçün beynəlxalq hüququ əks etdirən sənədlər işıq üzü görüb. 

 

Diplomatiyamızın uğuru kimi 2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı haqqında açıq ifadələrin yer almasdı da siyasi müstəvidə bu qələbəyə öz sanballı töhfəsini vermiş oldu. Heç də təsadüfi deyil ki, bu yaxınlarda BMT Təhlükəsizlik Şurası Qarabağ məsələsi ilə bağlı ölkəmizə qarşı qətnamə qəbul etmək istədiyi zaman ölkəmizin sədrlik etdiyi və 120-dən çox ölkəni birləşdirən Qoşulmama Hərəkatının üzvləri güclü təpki və siyasi iradə nümayiş etdirərək bu məsələnin gündəlikdən çıxarılmasına nail olmaqla məhz Azərbaycana dəstəklərini ifadə etdilər.

 

Bu istiqamətdə aparılan səmərəli siyasətə uyğun olaraq Azərbaycan hökumətinin ardıcıl və məqsədyönlü səyləri bəzi beynəlxalq təşkilatların işğalla bağlı qəbul etdikləri sənədlərdə Ermənistanın işğalçı dövlət kimi tanınması, nəhayət,  fakt olaraq qəbul edilib.

 

“İslamofobiya”, “azərbaycanofobiya” və ikili standartları ölkəmizə qarşı siyasi silah kimi istifadə etməyə çalışan bəzi dövlətlərin Azərbaycana neqativ münasibəti ilə müşayiət olunan tendensiyaların qarşısına artıq sarsılmaz sədd çəkilib.

 

Bu siyasi xətt müharibənin gedişində də ardıcıllıqla davam etdirilmişdir. Faşizm ideoloğiyasının təsiri altında olan Ermənistandan fərqli olaraq, Azərbaycan döyüş meydanında  bütün beynəlxalq konvensiyalara və humanizm prinsiplərinə sədaqətini nümayiş etdirmişdir. Noyabrın 10-da faktiki olaraq rəsmi Yerevanın kapitulyasını və “qondarma Dağlıq Qarabağ Respublikasının süqutunu rəsmiləşdirən üçtərəfli bəyanatın məhz bütün müddəalar üzrə Azərbaycanın maraqlarını ifadə etməsi, xüsusilə də Şuşa şəhərinin Azərbaycanın nəzarəti altına keçməsi, Naxçıvanla birbaşa əlaqə imkanlarının yaranması və qardaş Türkiyənin bu proseslərə fəal şəkildə cəlb olunması bölgədə yeni, daha münasib geosiyasi vəziyyətin formalaşmasını şərtləndirmişdir. Bu, diplomatik müstəvidə qazanılmış böyük uğur kimi dəyərləndirilməlidir.

 

Beləliklə, həyata keçirilmiş mükəmməl xarici siyasət nəticəsində dünya ictimaiyyəti tərəfindən Qarabağ Zəfərinin legitimliyinin qəbul edilməsindən dolayı ölkəmizin ərazi bütövlüyünün və sərhədlərinin  toxunulmazlığının tanınması nəticə etibarı ilə Azərbaycanın dövlət müstəqilliyinin dönməz xarakter almasına təsir göstərən vacib amildir.

 

Əli Hüseynli,

Milli Məclisin Birinci  vitse-spikeri 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu