İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı sərt mesaj və “Tramp və müttəfiqlərinin ayaqlarını sındıracağıq” təhdidi Tehranın “Tramp marşrutu” (TRIPP) layihəsinə münasibətini yenidən gündəmə gətirib. Vilayətinin açıqlaması ilk baxışdan Ermənistan hökumətinə qarşı yönəlmiş kimi görünsə də, əslində, burada daha geniş geosiyasi mesajlar var. Söhbət ABŞ-nin Cənubi Qafqazda artan rolundan, İranın regional təsir imkanlarından və yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşmasının Tehran üçün yarada biləcəyi nəticələrdən gedir.
Məsələ ondadır ki, İran TRIPP-i yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması kimi qiymətləndirmir. Tehran üçün bu layihə həm də ABŞ-nin İranın şimal sərhədlərinə yaxın ərazidə iqtisadi, siyasi və potensial strateji mövqelər əldə etməsi ehtimalı ilə bağlıdır. Bu səbəbdən Vilayətinin bəyanatını sadəcə diplomatik narazılıq deyil, İranın regional maraqlarını qorumaq üçün verdiyi siyasi xəbərdarlıq kimi dəyərləndirmək olar.
İranın əsas narahatlığı nədir?
İlk növbədə, İranın narahatlığının arxasında ABŞ amili dayanır. Rəsmi Vaşinqtonun Azərbaycanla Ermənistan arasında sülh prosesində fəallaşması və TRIPP layihəsinin həyata keçirilməsində birbaşa iştirak etməsi Cənubi Qafqazda yeni geosiyasi vəziyyət formalaşdırır. Uzun illər regionda əsas təsir imkanlarına malik aktorlardan biri olan Rusiya ilə yanaşı, ABŞ də proseslərin mühüm iştirakçısına çevrilir.
İran isə ABŞ-nin öz sərhədlərinə yaxın coğrafiyada möhkəmlənməsini milli təhlükəsizlik məsələsi kimi qəbul edir. Xüsusilə Tehranla Vaşinqton arasında mövcud qarşıdurma fonunda bu narahatlıq daha da artır. İran üçün məsələ təkcə yeni yolun çəkilməsi deyil, həmin yolun hansı siyasi və iqtisadi mexanizmlərlə idarə olunacağı, prosesdə hansı ölkələrin iştirak edəcəyi və gələcəkdə bu infrastrukturun hansı məqsədlər üçün istifadə oluna biləcəyidir.
Burada bir hüquqi məqamı da qeyd etmək vacibdir. Ermənistanla ABŞ arasında imzalanmış TRIPP çərçivə sazişində Ermənistanın öz ərazisi üzərində suverenliyini, sərhəd və gömrük nəzarətini, hüquq-mühafizə səlahiyyətlərini qoruması təsbit olunub. Sazişdə ABŞ-nin Ermənistanda hərbi qüvvə yerləşdirməsi də nəzərdə tutulmur. Bununla belə, layihənin idarə edilməsində ABŞ tərəfinin 74, Ermənistanın isə 26 faiz paya malik olacağı birgə şirkətin yaradılması nəzərdə tutulur. Həmçinin layihənin ilkin müddəti 49 il müəyyənləşdirilib.
Görünür ki, İranın narahatlığı Ermənistanın suverenliyinin pozulmasından daha çox ABŞ-nin regionda uzunmüddətli iqtisadi iştirakı, infrastrukturun idarə edilməsindəki rolu və regionda təsir imkanlarının genişlənməsi kimi amillərə əsaslanır.
Tehran niyə Ermənistanı hədəfə alır?
Xüsusi diqqətçəkən məqamlardan biri də Əli Əkbər Vilayətinin birbaşa Paşinyana müraciət etməsidir. Çünki İran Ermənistana təkcə qonşu dövlət kimi yox, həm də Cənubi Qafqazda mühüm siyasi və geostrateji tərəfdaş kimi baxır. İran uzun illər Ermənistanla münasibətlərini qorumağa, bu ölkənin regional proseslərdə özünə yaxın mövqedə qalmasına çalışıb.
Lakin Paşinyan hökumətinin son illərdə Qərblə münasibətləri genişləndirməsi, ABŞ ilə təhlükəsizlik və iqtisadi əməkdaşlığını artırması İranın regional siyasətinə təsir edir. Ermənistanın Rusiya ilə münasibətlərində yaranan problemlər və alternativ tərəfdaşlara yönəlməsi də bu prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Tehran hesab edir ki, Ermənistanın Qərblə yaxınlaşması nəticəsində Cənubi Qafqazda ABŞ-nin mövqeləri güclənə bilər. Bu isə İranın Ermənistana və regiona ənənəvi təsir imkanlarının məhdudlaşmasına gətirib çıxara bilər.
Ancaq burada başqa bir məqam da nəzərə çarpır. Ermənistanın xarici siyasətdə Qərbə doğru istiqamətlənmə yalnız İranın maraqlarına zidd addım kimi qiymətləndirilə bilməz. Rəsmi İrəvan bunu öz təhlükəsizlik imkanlarını şaxələndirmək, iqtisadi əlaqələrini genişləndirmək və ənənəvi müttəfiqlərindən asılılığını azaltmaq baxımından vacib sayır. Beləliklə, Ermənistanın xarici siyasət seçimi ilə İranın regional təhlükəsizlik yanaşması arasında maraqlar toqquşması meydana çıxır.
Vilayətinin Rusiyaya mesajı: Tehran Moskvanın kölgəsində qalmaq istəmir
Bəyanatın ən diqqətçəkən hissələrindən biri Vilayətinin İranın Rusiya ilə və ya Rusiyasız Cənubi Qafqazın təhlükəsizliyini qorumağı öz məsuliyyəti hesab etdiyini bildirməsidir. Bu ifadə ilk növbədə Tehranın regional siyasətdə müstəqil aktor kimi çıxış etmək niyyətini göstərir. İran demək istəyir ki, Cənubi Qafqazda təhlükəsizlik məsələlərində öz maraqlarını qorumaq üçün Moskvanın mövqeyindən asılı deyil.
Lakin bunu Rusiyaya qarşı açıq siyasi qarşıdurma mesajı kimi qiymətləndirmək düzgün olmazdı. Moskva və Tehran müxtəlif regional məsələlərdə əməkdaşlıq etsələr də, onların Cənubi Qafqazla bağlı bütün maraqlarının üst-üstə düşdüyünü söyləmək düzgün olmaz. Hər iki ölkə regionda öz təsir imkanlarını qorumağa çalışır.
Rusiyanın Ukrayna müharibəsi fonunda diqqətinin və resurslarının əhəmiyyətli hissəsinin başqa istiqamətlərə yönəlməsi də Cənubi Qafqazda geosiyasi vəziyyətə təsir göstərib. Belə şəraitdə ABŞ-nin fəallaşması, Türkiyənin regional rolunun artması və İranın öz maraqlarını daha açıq şəkildə ifadə etməsi yeni güc balansının formalaşması prosesini sürətləndirir.
Vilayətinin “Rusiya ilə və ya Rusiyasız” ifadəsi bu baxımdan İranın özünü regionda müstəqil təhlükəsizlik aktoru olduğunu izhar etmək məqsədi daşıyır. Başqa sözlə, Tehran Cənubi Qafqazın gələcəyinin yalnız Moskva və Vaşinqton arasında müəyyənləşdirilməsini istəmir.
“Ayaqlarını sındıracağıq” – politologiyada bu təhdid necə izah olunur?
Vilayətinin işlətdiyi “ayaqlarını sındıracağıq” ifadəsi daha sərt diplomatik ritorika və açıq təhdid xarakterli bəyanatdır. Siyasi baxımdan bu cür açıqlamaları yalnız emosional çıxış kimi qiymətləndirmək düzgün deyil. Beynəlxalq münasibətlər nəzəriyyəsində belə bəyanatlar bir neçə mühüm anlayış əsasında təhlil olunur.
İlk növbədə, bu, çəkindirmə diplomatiyası (deterrence-red) ilə əlaqələndirilə bilər. Çəkindirmənin mahiyyəti qarşı tərəfə müəyyən addımı atacağı təqdirdə ciddi nəticələrlə üzləşəcəyini göstərməkdir. Dövlət bu yolla rəqibinin davranışını dəyişdirməyə, onu arzuolunmaz addımdan çəkindirməyə çalışır.
Vilayətinin mesajının məntiqi də belədir: ABŞ və onun tərəfdaşları İranın müəyyən etdiyi təhlükəsizlik sərhədlərini keçməməlidir, əks halda rəsmi Tehran sərt cavab verə bilər. Burada əsas məqsəd mütləq hərbi toqquşmaya başlamaq deyil, qarşı tərəfin qərarlarına təsir göstərməkdir.
İkinci anlayış məcburetmə diplomatiyasıdır (coercive diplomacy-red). Çəkindirmə daha çox qarşı tərəfin hələ atmadığı addımın qarşısını almağa yönəldiyi halda, məcburetmə diplomatiyası artıq həyata keçirilməkdə olan və ya qəbul edilmiş qərarın dayandırılmasını, yaxud dəyişdirilməsini hədəfləyir.
Vilayətinin Paşinyan hökumətini açıq şəkildə tənqid etməsi və TRIPP qərarını Ermənistanın maraqlarına zidd addım adlandırması bu yanaşmaya uyğun gəlir. Tehran yalnız gələcəkdə mümkün təhlükələrin qarşısını almağa deyil, Ermənistanın mövcud siyasi kursuna təsir göstərməyə də çalışır.
Üçüncü mühüm anlayış "qırmızı xətlər"in müəyyənləşdirilməsidir (red lines-red). Beynəlxalq münasibətlərdə dövlətlər müəyyən məsələləri milli təhlükəsizliklərinin toxunulmaz elementi kimi təqdim edirlər. İranın Zəngəzur istiqamətini ali rəhbərliyin müəyyən etdiyi “qırmızı xətt” adlandırması da bu yanaşmanın nümunəsidir.
Belə bəyanatın iki əsas məqsədi var: qarşı tərəfə hansı addımın qəbuledilməz olduğunu bildirmək və həmin mövqedən geri çəkilməyin siyasi baxımdan çətin olacağını nümayiş etdirmək. Ancaq burada əsas məsələ elan edilmiş "qırmızı xətt"in nə dərəcədə inandırıcı olmasıdır. Çünki dövlətin sərt bəyanat verməsi hələ onun həmin bəyanatı hərbi və ya digər konkret addımlarla həyata keçirməyə hazır olduğunu sübut etmir.
Vilayətinin çıxışını strateji siqnalvermə baxımından da qiymətləndirmək mümkündür. Belə siqnallar yalnız bir ünvana göndərilmir. İran bu bəyanatla ABŞ-yə regional mövqeyinin nəzərə alınmasını, Ermənistana Tehranla münasibətlərdə ehtiyatlı davranmasını, Rusiyaya isə özünün müstəqil regional iddialarını qəbul etməsini çatdırmağa çalışır. Eyni zamanda, daxili auditoriyaya da hakimiyyətin milli maraqlardan geri çəkilmədiyinin mesajı verilir.
Bu baxımdan “ayaqlarını sındıracağıq” ifadəsi sadəcə sərt diplomatik ritorika yox, həm də çoxünvanlı siyasi təzyiq vasitəsidir.
Lakin siyasətdə belə təhdidlərin effektivliyi yalnız onların sərtliyi ilə ölçülmür. Əsas məsələ təhdidin inandırıcılığı ilə bağlıdır. Yəni qarşı tərəf İranın bu xəbərdarlığın arxasında real siyasi, iqtisadi və hərbi imkanların dayandığına inanırmı? Rəsmi Tehran özünün elan etdiyi "qırmızı xətt" pozularsa, hansı konkret addımları ata bilər?
Bu sualların cavabı bəyanatın real çəkisini müəyyənləşdirir. Əks halda, sərt ritorika siyasi təzyiq vasitəsi olmaqla yanaşı, dövlətin özünü elan etdiyi mövqeyə bağlaması və sonradan geri çəkilmək imkanlarının məhdudlaşması ilə də nəticələnə bilər. Beynəlxalq münasibətlərdə buna eskalasiya riski və öhdəlik tələsi kimi yanaşılır.
İranın bəyanatlarında diqqətçəkən ziddiyyət
Əli Əkbər Vilayətinin açıqlamasını daha maraqlı edən məqamlardan biri İranın son aylarda TRIPP-lə bağlı səsləndirdiyi digər bəyanatlarla müqayisədə ortaya çıxır.
Belə ki, sentyabrın 17-də İranın Ermənistandakı səfiri Xəlil Şirqolami layihənin Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirməməsi, ABŞ-nin İran sərhədi yaxınlığında hərbi mövcudluğunun yaranmaması şərtləri daxilində Tehranın layihəyə etiraz etməyə biləcəyini bildirmişdi. O, həmçinin İranın narahatlıqlarının müzakirəsi üçün institusional mexanizmlərin yaradılmasını təklif etmişdi.
Oktyabrın 7-də isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İranın TRIPP prosesində nümayiş etdirilən şəffaflıqdan və layihənin yarada biləcəyi iqtisadi imkanlardan məmnun olduğunu bildirmişdi. Oktyabrın 16-da da o, İranın layihə ilə bağlı suallarına cavab verildiyini və Tehran tərəfinin prosesdən razı qaldığını söyləmişdi.
Bunun ardınca noyabrın 5-də Vilayətinin bu qədər sərt mövqe ortaya qoyması diqqət çəkir.
Bu fərqi avtomatik olaraq İran hakimiyyəti daxilində parçalanma və ya fikir ayrılığı kimi də görmək tam düzgün olmaz. Çünki diplomatların danışıqlar zamanı nümayiş etdirdiyi praqmatik mövqe ilə siyasi rəhbərliyə yaxın yüksək səviyyəli şəxslərin çəkindirmə xarakterli bəyanatları fərqli məqsədlər daşıya bilər. Digər tərəfdən, Vilayətinin çıxışı rəsmi Tehranın layihənin bütün siyasi və geosiyasi nəticələrini qəbul etdiyi anlamına gəlmədiyini göstərir.
Beləliklə, İran bir tərəfdən Ermənistanla iqtisadi və siyasi münasibətlərini qorumağa, digər tərəfdən isə TRIPP-in gələcək icrası üzərində müəyyən təsir və nəzarət imkanları əldə etməyə çalışır.
Türkiyə və Azərbaycan amili: İranın regional hesablamaları
TRIPP ətrafında yaranan geosiyasi mənzərəni Türkiyə və Azərbaycanın maraqlarını nəzərə almadan təhlil etmək mümkün deyil. Layihənin həyata keçirilməsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat bağlantısının yaranması, Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində əlaqələrinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu, eyni zamanda, Orta Dəhlizin inkişafına, Xəzər hövzəsi ilə Türkiyə və Avropa arasında nəqliyyat imkanlarının genişlənməsinə şərait yarada bilər.
İran isə regionda Türkiyənin iqtisadi və geosiyasi təsirinin artmasını da öz regional hesablamalarında nəzərə alır. Bununla belə, Tehranın narahatlığını yalnız Azərbaycan - Türkiyə əlaqələrinin genişlənməsi ilə əlaqələndirmək düzgün olmaz. Çünki İranın Azərbaycan və Türkiyə ilə münasibətlərində iqtisadi əməkdaşlıq, sərhəd təhlükəsizliyi və regional nəqliyyat əlaqələrinin inkişafı kimi ortaq maraqlar da mövcuddur.
Əsas məsələ bu maraqların ABŞ-nin regiondakı iştirakı ilə necə uzlaşacağıdır. Tehran üçün yeni nəqliyyat əlaqələrinin açılması özlüyündə mütləq təhlükə deyil. Lakin bu prosesin İranın regional rolunu məhdudlaşdıra biləcək geosiyasi mexanizmə çevrilməsi ehtimalı onun narahatlığını artırır.
Tehran nə qədər irəli gedə bilər?
Vilayətinin bəyanatından sonra ortaya çıxan əsas suallardan biri İranın TRIPP-in icrasına real şəkildə mane olmaq imkanlarının olub-olmamasıdır. İranın regionda mühüm siyasi, iqtisadi və hərbi resursları var. Ölkə Ermənistanla sərhədə malikdir, Azərbaycan və Türkiyə ilə qonşudur, həmçinin Cənubi Qafqazdakı proseslərə təsir göstərmək üçün müxtəlif diplomatik və iqtisadi vasitələrdən istifadə edə bilər.
Bununla belə, İranın hər hansı sərt addım atmasının özü üçün də ciddi nəticələri ola bilər. Belə bir addım Ermənistanla münasibətləri gərginləşdirə, Azərbaycan və Türkiyə ilə regional münasibətlərə mənfi təsir göstərə, ABŞ ilə onsuz da mürəkkəb olan qarşıdurmanı daha da dərinləşdirə bilər.
Ona görə də Vilayətinin sözlərini yaxın zamanda hərbi müdaxilənin anonsu kimi təqdim etmək üçün əsas yoxdur. Hazırkı mərhələdə bu bəyanatı siyasi çəkindirmə, təzyiq və regional aktorlara xəbərdarlıq vasitəsi kimi qiymətləndirmək daha əsaslıdır.
İranın qarşısında duran əsas məsələ də budur: bir tərəfdən özünün elan etdiyi "qırmızı xətlər"i qorumaq, digər tərəfdən isə region ölkələri ilə münasibətləri elə həddə gərginləşdirməmək ki, nəticədə Tehran özü regional proseslərdən təcrid olunsun.
Sonda qeyd etmək lazımdır ki, Cənubi Qafqazda yeni geosiyasi mərhələdə regionda nəqliyyat xətlərinin açılması artıq təkcə iqtisadi məsələ deyil, bu, böyük dövlətlərin təsir imkanlarının, təhlükəsizlik maraqlarının və gələcək regional güc balansının müəyyənləşdirilməsi məsələsinə çevrilib.