Modern.az

Azərbaycanın dünyaya inteqrasiyası: Türk dünyasının QIZIL KÖRPÜSÜ

Azərbaycanın dünyaya inteqrasiyası: Türk dünyasının QIZIL KÖRPÜSÜ

Aktual

14 Noyabr 2021, 12:46

Vətən müharibəsindən sonra Azərbaycanın dünyaya inteqrasiyasının sürəti və forması da yeniləndi.

 

Belə ki, artıq real güc kimi qəbul edilən ölkəmiz region dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da intensivləşdirdi, sıx əlaqələrin təməli möhkəmləndi.

 

10 noyabr 2020-ci ildə Ermənistanın kapitulyasiyası ilə nəticələnən və bunu rəsmiləşdirən üçtərəfli bəyannamə ilə Zəngəzur dəhlizinin açılmasına yaşıl işıq yandırıldı. Bu dəhlizin açılması lokal kontekstdə region dövlətlərinin – Azərbaycanın, Türkiyənin, Gürcüstanın, Rusiyanın, İranın və Ermənistanın iqtisadi maraqlarının təmini baxımından önəmlidir. Qlobal miqyasda isə Pekindən Londona qədər uzanacaq “Bir kəmər, bir yol” meqalayihəsinin əsas strateji nöqtəsi olaraq bütün dünya dövlətlərinin iqtisadi maraqlarını özündə birləşdirir.

 

Zəngəzur dəhlizinin açılması Azərbaycanın diplomatik uğurudur.
Təsadüfi deyil ki, 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Görüşündə də Azərbaycan regionun aparıcı türk dövləti kimi çıxış etdi. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikası Prezidenti Sadır Caparov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə müşahidəçi ölkə Macarıstanın Baş naziri Viktor Orban iştirak etdi. Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedov da müşahidəçi nümayəndə status ilə sammitə ilk dəfə qatıldı.

 


“Elektron dövrdə yaşıl texnologiyalar” və Ağıllı şəhərlər” mövzusunda təşkil olunan toplantıda liderlər bir çox mühüm məqamları, o cümlədən təşkilatın gələcəyini müəyyənləşdirən məsələləri müzakirə etdilər. Sammitdə təşkilatın fəaliyyəti və gələcəyi ilə bağlı mühüm qərarlar qəbul olundu, o cümlədən Türk Şurasının adının Türk Dövlətləri Təşkilatı olaraq dəyişdirilməsinə qərar verildi.
Həmçinin, quruma sədrliyin Azərbaycandan Türkiyəyə keçdiyi Zirvə Görüşündə dost və qardaş ölkələrlə bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edildi.

 


Azərbaycanın Türk Şurası çərçivəsində əhəmiyyətli mövqeyi və dünyaya mesajları haqqında danışan Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə Vlll Zirvə Görüşünü tarixi hadisə adlandırıb.

 

Deputatın fikrincə, Türk Dövlətləri Şurasının yaradılmasını, yeni təşkilatın qurulmasını da böyük tarixi hadisə kimi qiymətləndirmək mümkündür:
“Bu tarixi hadisə yeni bir birliyin, təşkilatın dünyaya gəlişidir. Eyni zamanda bu demokratiya, haqq, ədalət və əməkdaşlıq təşkilatı ölkəmizi milli, mənəvi, tarixi dəyərlər üzərində birləşdirir. Gələcəkdə türk dövlətlərinin siyasi, təhlükəsizlik, iqtisadi sahələrdə əməkdaşlığı ilə yanaşı, bu təşkilat mədəni, humanitar sahələrdə də böyük bir əməkdaşlıq potensialına malikdir. Yeni nəqliyyat dəhlizləri, enerji sahəsində olan birgə sistemlərin formalaşmağı gələcəyə ümidlə baxış vəd edir. Bu dövlətlərin birliyi böyük bir ərazidə yeni sistemin formalaşmağına imkan verəcək. Əminəm ki, bu təşkilatda iştirakçı olan ölkələrin digər böyük potensialı yeni nəslin inkişafına təkan verməkdir. Gələcəkdə bilikli, yüksək səviyyəli peşəkarlardan ibarət olan sistemi formalaşdıracaqlar.

 

Eyni zamanda dünyada mövcud olan rəqabətə qarşı bu təşkilat hər bir ölkənin səylərini birləşdirəcək. Bu tarixi hadisə ilə bağlı hamını təbrik edirəm. Çünki bu, Azərbaycan dövlətinin uzun illərdir ki, həyata keçirdiyi strategiyanın böyük bir zəfəridir”.
Deputat Naqif Həmzəyev isə Azərbaycanın Türk Şurasına sədrliyi dövrünün tarixi çağa təsadüf etdiyini xatırladıb:

 


“Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etmiş oldu. Bu zəfər ümumilikdə türk dünyasının birliyinə xidmət etdi. Türk xalqları içərisində bu zəfər çox böyük rəğbətlə qarşılandı. Hər kəs bu zəfərə, qələbəyə sevindi. Müharibə dövründə türkdilli dövlətlərin xalqları Azərbaycana öz dəstəklərini açıq formada etdilər. Birmənalı olaraq Azərbaycanın bu zəfərini türk dünyasının qələbəsi kimi dəyərləndiriblər, qiymətləndiriblər. Azərbaycanın beynəlxalq hüquqa və ədalətə söykənən bu mövqeyi Türk Şurasının Katibliyi tərəfindən davamlı olaraq dəstəklənib. Beynəlxalq platformalarda həmişə Azərbaycanın haqlı mövqeyi müdafiə olunub. Hətta 2020-ci ilin iyulundakı Tovuz hadisələri zamanı Türk Şurası tərəfindən Ermənistanın təxribatlarını pisləyən xüsusi bəyanat verilmişdi. Vətən müharibəsi dövründə də Azərbaycanı dəstəkləyən və Ermənistan tərəfindən Gəncə, Bərdə şəhərlərinə atılmış raketlər nəticəsində dinc vətəndaşların şəhid olması ilə bağlı bu hadisəni qınayan bəyanatlar verilmişdi. Türk Şurasının rəsmiləri 2020-ci ilin oktyabrın 20-də Ermənistan tərəfindən raket atəşinə məruz qalmış Gəncə şəhərini ziyarət ediblər. Daha sonra - 2021-ci ilin yanvar ayında TÜRKSOY, Türk Şurası, Türk Mədəniyyət və İrs Fondunun nümayəndələri də işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına baş çəkiblər. Ermənilərin gerçəkləşdirdiyi vandal siyasəti yerindəcə izləyiblər. Bununla bağlı dünya ictimaiyyətinə öz müraciətlərini ünvanlayıblar. Türk Şurası Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin 2023-cü ildə türk dünyasının mədəniyyət paytaxtı olması ilə bağlı təklif irəli sürüb. Ümid edirik ki, 2023-cü ildə Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan olunacaq. İşğaldan azad edilmiş ərazilərin yenidənqurma işlərinə Türkiyə ilə yanaşı, digər türk dövlətlərinin də dəstək olacağına ümid edirik. Düşünürəm ki, bu nüans da gündəmin əsas müzakirə mövzularından olacaq. Azərbaycanın inkişafı digər türk dövlətlərinin inkişafına da böyük təkan verəcək. 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpa olunması, tezliklə açılacaq Zəngəzur dəhlizi bütün türkdilli dövlətlərin inkişafına töhfə verəcək”.

 

Türkiyə və Azərbaycanın strateji tərəfdaşlığının region üçün önəmini xüsusi vurğulayan deputat Nəsib Məhəməliyev isə düşünür ki, Azərbaycanın 30 il işğalda olan torpaqlarının cəmi 44 gün ərzində azad etməsi, Türkiyənin müxtəlif coğrafiyalarda əldə etdiyi hərbi-siyasi qələbələr, iki qardaş ölkənin böyük güclər qarşısındakı duruşu, digər türk dövlətlərində böyük inam yaratdı:

 


"Onların hər biri dərk etdi ki, ayrı-ayrılıqda müasir dünyanın çağırışlarının öhdəsindən gəlmək çətin olacaq. Böyük bir coğrafiyanı əhatə edən, zəngin təbii sərvətlərə və əmək resurslarına malik dövlətlərin iqtisadi-ticari əməkdaşlığı üçün geniş potensial var. Bu potensialdan səmərəli istifadə olunması, həmin dövlətlərin hərtərəfli inkişafına, güclənməsinə təkan verəcək. Azərbaycan Prezidenti İlham Əliyevin, apardığı müstəqil xarici siyasət, beynəlxalq nüfuzu, cəsarətli çıxışları, dünyanın əksər dövlət və hökumət başçıları ilə, o cümlədən türkdilli liderlərlə dostluq münasibətləri, Türk Birliyinin formalaşmasında əhəmiyyətli rol oynadı. Cənab Prezident təşkilatda yeganə Liderdir ki, bütün həmkarları ilə hər hansı tərcüməçi olmadan sərbəst dialoq qurur və lazım gəldikdə onların ümumi dil tapmasında kömək edir.

 

Azərbaycan bütövlükdə türk dünyasında körpü rolunu oynayır. Təsadüfi deyil ki, Türk dünyası qarşısındakı misilsiz xidmətlərinə görə, ölkə başçımız təşkilatın Ali ordeninə layiq görüldü. Hörmətli Rəcəb Tayyib Ərdoğanın məxsusi olaraq, Azərbaycan Prezidentini Müzəffər Ali Baş Komandan kimi təqdim etməsi, düşünürəm ki, onun əməyinə verilmiş qiymətlə yanaşı, digər həmkarlarına ünvanlanmış mesaj idi".


Aysel Aslan


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?