22 iyul Milli Mətbuat Günüdür və Azərbaycanda mətbuatın yaranmasından 147 il ötür. İlk mətbu orqanın, Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı bu gündən milli mətbuatımız uzun, keşməkeşli və tarixi bir yol qət edib. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkülündə, formalaşmasında və inkişafında əvəzsiz rolu olub. Dövrünün görkəmli ziyalılarını və qələm sahiblərinin məqalələri dərc edilən bu qəzet maarifçilik missiyasını üzərinə götürmüş, tez zamanda həm ziyalı təbəqə, həm də sadə insanlar arasında nüfuz qazanmışdır. Təəssüf ki Çar Rusiyası qəzetin Azərbaycanda insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan təlaşa düşür və sonda qəzetin nəşrini dayandırıb. “Əkinçini”nin ömrü uzun sürməsə də onun qoyub getdiyi məktəb və milli mətbuatımızın inkişafındakı rolu uzun illərdir ki, jurnalistika tariximizi təqib edir.
Təbii ki, bu gün mətbuat tarixindən danışmaq fikrim yoxdur. Sadəcə müasir mətbuatımıza bir nəzər salmaq istədim. Həmişə qeyd edirik ki, mətbuat cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın yaradıcısıdır. Azərbaycan milli mətbuatı daim bu missiyanın öhdəsindən layiqincə gəlib. Baxmayaraq ki, bütün sahələrdə olduğu kimi jurnalistikaya da təsadüfü gələn adamlar bu peşə haqqında cəmiyyətdə yanlış fikirlər formalaşdırmış, sadəcə qazanc dalıyca qaçmış, amma həqiqi, vicdanlı, peşəkar qələm sahibləri daim bu sənəti yüksəklərə qaldırmışlar.
Dünya sürətlə inkişaf edir. Cəmiyyətimizin müasir inkişaf mərhələsində sözə maraq və tələb xeyli artmışdır. Artıq kağız daşıyıcılara əsaslanan informasiya xidməti praktikası köhnəlmiş, müasir dövrümüzdə həyatımıza daha çox media termini ilə nüfuz edən mətbuat klassik, ənənəvi formasını çoxdandır müasir üslubuna, sosial mediaya, internet mətbuatına vermişdir. Ən müxtəlif informasiyaların elektron təsvirlərinə əsaslanan xidmət növləri informasiyanın qeyri-məhdud sayda çoxaldılmasına, vaxtından və yerindən asılı olmayaraq istifadəçi tərəfindən dünya kompüter şəbəkəsindən dərhal əldə olunmasına geniş imkanlar açır. Bu gün kompüter dünyada milyonlarla insanın həyatının ayrılmaz hissəsinə çevrilmişdir.
Mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr, sosial media cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Artıq hər bir insan informasiyanı hazır şəkildə, ona təqdim olunan formada qəbul etmir, özü də informasiya daşıyıcısı, yayıcısı və araşdırmaçısı rolunu yerinə yetirir. Doğrudur? belə olduqda hansısa bir internet səhifəsindən, sosial şəbəkələrdən yayılan xəbərlər heç də həmişə həqiqəti əks etdirmir. Bəzən cəmiyyəti yanlış tərəflərə də yönləndirə bilir. Bunun üçün cəmiyyətimiz daha da gözüaçıq, maariflənmiş olması lazımdır. Informasiya almaq da, yaymaq da insanların sərbəst hüququdur, amma bundan qərəzli istifadə isə yolverilməzdir. Hər şeydən öncə milli dəyərlər, dövlətçilik, xalqın mənafeyi, cəmiyyətin zərər görməməsi və insanlığın qorunması olmalıdır məncə.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Amma qəbul etməliyik ki, senzuranın ləğvi jurnalistikada özbaşınalığın, dərəbəyliyin, obyektivsizliyin baş alıb getməsi deyildir. Dünyanın hər yerində mətbuat var, amma Azərbaycandakı kimi media sahəsinə bu qədər qayğı, jurnalistlərə bu qədər diqqət və anlayışlı münasibət yoxdur. Yaşayışı, el dili ilə desək çörəyi bu sahədən çıxan hə kəs ən başlıcası özünə, dövlətinə, xalqına hörmət etməli, vicdanla çalışmalıdır.
Mətbuatın yaradıcıları bu yolda şəxsi həyatlarından, mal-dövlətlərindən, sağlamlıqlarından vaz keçmiş, bu millətin istiqbalı, maariflənməsi, tarix səhnəsində öz yeri olması üçün əllərindən nə gəlirsə etmişlər. H.Zərdabi, Ö.F.Nemanzadə, M. Şaxtaxtinski, S.Ə. Ünsizadə, Ü.Hacıbəyli, M.Ə.Sabir, M.S.Ordubadi, H.Cavid, A.Səhhət, C.Məmmədquluzadə kimi qələmə, sözə hörmət edən milli fikir, ideya sahibləri demokratik dəyərlərin, müstəqil dövlət quruculuğu, ana dilin inkişafı, milli ruhun və mənəviyyatın inkişafı üçün xalqımız üçün dəyərli fəaliyyət göstərmişlər.
Söz dəyərli bir vasitədir. Onun imkanları da genişdir. Məcazi dildə desək, amma baxır qələm kimin əlindədir. Sözə hörmət edən, xalq dilində desək, çörəyi bu sahədən çıxan bütün həmkarlarımızın günü mübarək. Bu gün 147 illiyini qeyd etdiyimiz milli mətbuatımıza uğurlar diləyir, bu sahədə çalışan bütün jurnalist həmkarlarımızı təbrik edir və uğurlar arzulayırıq.
Dilrubə Sərdarqızı