Modern.az

ABŞ-nin İrana qarşı siyasəti nəticə verməyəcək - ŞƏRH

ABŞ-nin İrana qarşı siyasəti nəticə verməyəcək - ŞƏRH

Aktual

25 Avqust 2026, 11:24

ABŞ maliyyə naziri Skott Bessent İrana qarşı yeni “iqtisadi təcrid” siyasətinin başladığını elan edib. Vaşinqtonun tətbiq etməyə hazırlaşdığı sanksiyalar yalnız İranın dövlət qurumlarını və şirkətlərini deyil, İranla ticarət və maliyyə əlaqələri saxlayan xarici ölkələri və şirkətləri də hədəfə ala bilər. Bu isə ABŞ-nin Tehran üzərində iqtisadi təzyiqi daha geniş miqyasda artırmaq niyyətindən xəbər verir.

Bessentin açıqlamalarına görə, məqsəd İranın beynəlxalq maliyyə və ticarət imkanlarını məhdudlaşdırmaq, onun gəlir mənbələrinə çıxışını çətinləşdirmək və iqtisadi təzyiq vasitəsilə Tehranın siyasətinə təsir göstərməkdir. Lakin İran tərəfi bu addımlara cavabsız qalmayacağını bildirir. Tehran uzun illərdir sanksiyalar şəraitində yaşadığı üçün yeni məhdudiyyətlərin ölkəni əvvəlki kimi asanlıqla zəiflədə bilməyəcəyini hesab edir.

Beləliklə, məsələ yalnız ABŞ və İran arasında yeni sanksiya qarşıdurması deyil. Burada Çin, Rusiya, Türkiyə və digər ölkələrin İranla iqtisadi əlaqələrinin necə davam edəcəyi, həmçinin Vaşinqtonun “iqtisadi təcrid” siyasətinin nə dərəcədə effektiv olacağı əsas suallardan birinə çevrilir.

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Modern.az-a açıqlama verib:

"ABŞ-nin hazırkı siyasətində ziqzaqvari elementlər görünür. Bu, daha çox dünyanın ən qüdrətli dövlətinin qarşılaşdığı ciddi dilemmanın göstəricisidir. ABŞ hərbi meydanda qarşısına qoyduğu məqsədlərə tam nail ola bilmədiyi üçün Prezident Donald Tramp indi təzyiqin maliyyə-iqtisadi qolunu önə çəkir.

ABŞ maliyyə naziri Skott Besentin sərt bəyanatları da bu siyasətin tərkib hissəsidir. Lakin bu hədələrin İrana ciddi təsir göstərdiyini demək çətindir. İran artıq müəyyən mənada təşəbbüsü ələ keçirib. İordaniyada ABŞ bazalarına endirilən zərbələr Tehran üçün mühüm mesaj idi: İran artıq yalnız müdafiə olunan tərəf deyil, hücum imkanlarına da malikdir və ABŞ-ın bölgədəki hərbi obyektlərini hədəfə ala bilər. İqtisadi sahədə isə yeni sanksiyaların İran üçün əvvəlkilərdən ciddi fərqi yoxdur. İran təxminən yarım əsrdir sanksiyalar şəraitində yaşayır və buna uyğunlaşmış iqtisadi mexanizmlər formalaşdırıb. Əlbəttə, sanksiyalar rialın zəifləməsinə və iqtisadi çətinliklərə səbəb olur, lakin İranı iqtisadi kollaps və ya defolt vəziyyətinə gətirdiyini söyləmək düzgün olmaz. Ölkənin böyük daxili bazarı, yerli istehsal imkanları və qonşu dövlətlərlə ticarət əlaqələri var.

İran həmçinin Çin, Rusiya və digər ölkələrlə əməkdaşlıq edərək sanksiyaların yaratdığı boşluqları müəyyən qədər kompensasiya edir. Xüsusilə Çinlə enerji və texnologiya sahəsində əməkdaşlıq Tehran üçün mühüm iqtisadi dayaqdır. İranın illər ərzində formalaşdırdığı “müqavimət iqtisadiyyatı” da onun sanksiyalara davamlılığını artırıb. ABŞ üçün vəziyyəti çətinləşdirən digər amil hərbi resursların bərpasına ehtiyacdır. Raket ehtiyatlarının azalması və yeni istehsalın vaxt tələb etməsi Vaşinqtonun manevr imkanlarını məhdudlaşdırır. Qarşıdan gələn aralıq seçkilər də administrasiyaya əlavə siyasi təzyiq yaradır. Bu baxımdan, Skott Besentin İranı yeni sanksiyalarla hədələməsi Tehrana əvvəlki qədər təsirli təzyiq vasitəsi olmaya bilər. Əksinə, bu sərt bəyanatlar ABŞ-ın İran məsələsində qarşılaşdığı məhdudiyyətləri və dilemmanı da göstərir. İran uzunmüddətli sanksiyalara uyğunlaşmış, alternativ iqtisadi əlaqələr qurmuş və hərbi imkanlarını inkişaf etdirmiş ölkədir. Buna görə də yeni sanksiyaların İranı qısa müddətdə zəiflətməsi və ya tərk-silah etməsi real görünmür".

 

Nicat Rüstəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...