27-29 oktyabr tarixlərində Kubanın paytaxtı Havanada Kommunist və Fəhlə Partiyalarının 22-ci Beynəlxalq Müşavirəsi keçiriləcək.
Bu barədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov Modern.az-a məlumat verib.
22-ci Beynəlxalq Müşavirənin mövzusu belə olacaq: “Kuba və bütün mübarizə aparan xalqlarla həmrəylik. Biz birlikdə antiimperialist mübarizədə güclənirik, ictimai və xalq hərəkatları ilə birlikdə kapitalizmə və onun siyasətinə, faşizm və müharibə təhdidlərinə qarşı çıxırıq. Sülhün, ətraf mühitin, zəhmətkeşlərin hüquqlarının, həmrəyliyin və sosializmin müdafiəsində”.
Müşavirədə iştirak etmək üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Telman Nurullayev rəsmi dəvət alıb.
Kommunist və fəhlə partiyalarının əvvəlki, 21-ci toplantısı 2019-cu ildə Türkiyənin İzmir şəhərində keçirilib. COVID-19 pandemiyasının yaratdığı məhdudiyyətlərə görə 2020-2021-ci illərdə heç bir görüş keçirilməyib.