Təhsil Tələbə Krediti Fondunun sədri Araz Paşayev Gəncə Dövlət Universitetində olub.
Modern.az xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov qonaqları salamlayıb, dövlətin təhsil sahəsində həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyətinin əsas məqsədi təhsilin əlçatanlığını təmin etməkdir. Fond təhsil almaqda gənclərə bərabər imkanlar yaratmaq məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 iyun tarixli Fərmanı ilə yaradılmışdır. Prorektor Şahin Xurşudov qeyd onu da qedib ki, bu imkan tələbələrin motivasiyasını artıracaq və təhsilin keyfiyyətinə də təsir göstərəcəkdir.
Tədbirdə Gəncə Dövlət Universitetinin Hümanitar məsələləri üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək Təhsil Tələbə Krediti Fondunun əhəmiyyətindən danışıb. Bildirib ki, Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən universitet tələbələri arasında geniş maarifləndirmə işləri aparılır, fond tərəfindən daxil olan məlumatlar vaxtında tələbələrin diqqətinə çatdırılır. Universitetin əksər tələbləri Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkandan yararlanmaqdadır.
Təhsil Tələbə Krediti Fondunun sədri Araz Paşayev çıxışında fondun fəaliyyəti, kreditlərin verilməsinin ilkin şərtləri, mərhələləri, kredit şərtlərinin üstünlükləri kimi məsələlərə aydınlıq gətirib. Bildirib ki, fond əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etməkdir.
Araz Paşayev onu da qeyd edib ki, bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək. Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək. Tələbə işləmədiyi müddətdə fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək. Təhsil tələbə kreditinin əcnəbi tələbələrə şamil olunmayacağı bildirilib.