Norveçin Azərbaycan və Türkiyədəki səfiri Erlinq Şonsberq Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib.
Modern.az xəbər verir ki, bu barədə səfir özünün "Twitter" səhifəsində yazıb.
"Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum məni çox sarsıtdı. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Mərhumun ailəsinə və Azərbaycan Xarici İşlər Nazirliyindən olan həmkarlarıma başsağlığı verirəm", - deyə Şonsberq bildirib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu oldu. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.