Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi qarşıdakı illərdə sərhədlərinin mühafizəsinə görə məsuliyyəti tam üzərinə götürməlidir.
Modern.az xəbər verir ki, Paşinyan brifinqdə Rusiya sərhədçilərinin mümkün çıxarılması ilə bağlı sualı cavablandırıb.
“Bu müddət ərzində Ermənistanın sərhədlərində xidmət etdiklərinə görə Rusiya sərhədçilərinə təşəkkür edirik. Amma düşünürəm ki, artıq vaxtı çatıb. Qarşıdakı illərdə sərhədlərimizin mühafizəsinə görə məsuliyyəti tam üzərimizə götürməliyik”, – Paşinyan deyib.
Baş nazir sərhədçilərin çıxarılması üçün konkret tarix açıqlamayıb və bunun sərhədin hansı hissələrinə aid olacağını bildirməyib.
Paşinyan orduda kadr dəyişikliyi ilə bağlı Ermənistan Prezidentinə təqdimat göndərdiyini də bildirib. O, dəyişikliyin təfərrüatlarının müvafiq fərman dərc edildikdən sonra məlum olacağını deyib.