Modern.az

Korrupsiyaya qarşı yeni sədd - Elektron hökumət

Korrupsiyaya qarşı yeni sədd - Elektron hökumət

Aktual

19 Sentyabr 2013, 17:17

İslahatlar niyə ləngiyir?


Günün 24 saatı vətəndaşın xidmətində durmaq. Özü də onun vaxtına qənaət etməklə, vətəndaşa rahat, əlverişli və şəffaf şərait yaratmaqla. Müasir dövrdə dövlət idarəetməsinin ən optimal yolu bu xidmətləri internet üzərindən həyata keçirməkdir. Başqa sözlə, "elektron hökumət" qurmaqdır. Azərbaycanda da "elektron hökumət" quruculuğuna start verilib. Son 10 ildə bu sahədə mühüm tədbirlər görülüb.

"Elektron hökumət"in əsas komponentləri, müvafiq hüquqi baza, lazım olan infrastruktur yaradılaraq, “bir pəncərə” prinsipi əsasında "elektron hökumət portalı" işə salınıb. Fiziki və hüquqi şəxslərə, dövlət qurumlarının nümayəndələrinə ümimilikdə 15 min 600-dən çox elektron imza sertifikatı verilib. "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Prezidentin 2011-ci il 23 may tarixli fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti 2011-ci il 24 noyabr tarixli qərarı əsasında mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydalarını təsdiqləyib. İlk mərhələdə dövlət qurumlarının 417 adda elektron xidmət göstərməsi müəyyənləşib. Bəs, hazırda bu xidmətlərin yaradılması və "elektron hökumət portalı"na inteqrasiyası ilə bağlı vəziyyət necədir? Hansı xidmətlərin www.e-gov.az portalına gətirilməsi ləngiyir və bunun səbəbləri nədir? Eyni zamanda daha hansı xidmətlərin elektron şəkildə, özü də "elektron hökumət portalı" vasitəsilə təqdim olunmasına ehtiyac var? Bunun üçün hazırlanmaqda olan qanunvericilik sənədlərində nə kimi təkliflər öz əksini tapa bilər? Vəziyyəti analiz etməyə çalışaq.

Mövcud vəziyyət

Müşahidələr göstərir ki, Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli qərarına əsasən təsdiq olunmuş elektron xidmərlərin "elektron hökumət" portalına inteqrasiyası nəzərdə tutulsa da, dövlət qurumları tərəfindən buna tam əməl edilmir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış “Elektron hökumət” bülleteninin 9-cu sayında yer alan məlumatlara görə, 01.09.2013-cü il tarixə 41 dövlət qurumu üzrə təsdiq olunmuş 417 elektron xidmətdən yalnız 188-i portala inteqrasiya olunub. www.e-gov.az-da yerləşdirilmiş e-xidmətlərin sayı 251, qurumların öz saytlarında yerləşdirilmiş e-xidmətlərin ümumi sayı 452, təsdiq olunmuş e-xidmətlərdən qurumların öz saytlarında olanların sayı isə 339-dur.

Hansı qurumlar "elektron hökumət"ə gəlmir?

Məsələn, Nazirlər Kabineti tərəfindən Dövlət Gömrük Komitəsinin 11, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 5, Xarici İşlər Nazirliyi, Satınalmalar üzrə Dövlət Agentliyi və Dövlət Mülki Aviasiya Administrasiyasının hərəsinin 3 elektron xidmət göstərməsi təsdiq olunsa da, qurumlar bu xidmətləri öz internet saytlarından təqdim etdiyi halda, hələ də "elektron hökumət" portalına qoşulmayıblar. www.e-gov.az-da Maliyyə ilə Mədəniyyət və Turizm Nazirliklərinə də rast gəlinmir.

Daxili İşlər Nazirliyinin isə 24 elektron xidməti təsdiq olunsa da, onlardan yalnız 1-ni portalda görmək mümkündür. Bu da "Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumat"dır. Dövlət Miqrasiya Xidməti 10 xidmətdən 9-nu öz saytından, yalnız 1-ni - "ölkə vətəndaşlığından çıxmaq üçün onlayn müraciət"i portaldan təqdim edir. Təhsil Nazirliyi 8 xidmətin 4-nü öz saytı, 1-ni isə portal vasitəsilə təqdim edir. "Tam və ümumi orta təhsil məktəblərinə şagirdlərin, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu üçün e-ərizələrin qəbulu" kimi vacib elektron xidmətlər isə hələ də www.e-gov.az-da görünmür. Elektron xidmətlərin olduğu bəzi qurumlarda isə bu, interaktiv yox, əsasən informativ formadadır. Vətəndaşlar xidməti tam formada əldə edə bilmir, hansısa formanı doldurub, sadəcə məlumat ala bilirlər.

Mütəxəssislər bəzi dövlət strukturlarının "e-hökumət"ə biganə yanaşmasını kadr və maliyyə çatışmazlığı ilə izah edirlər. Hesab olunur ki, indiyədək xidmətlərin elektron formaya keçirilməsi istiqamətində büdcədən dövlət qurumlarına birbaşa hər hansı vəsait ayrılmadığından, onlar bu işləri yalnız öz daxili imkanları və müəyyən layihələr hesabına görməyə çalışırlar. 2009-cu ildən həyata keçirilən “Elektron hökumət dövlət informasiya sistemi” layihəsilə bağlı vəziyyət isə fərqlidir. Bu layihə üçün büdcədən bəlli vəsait ayrılıb. Layihə "elektron hökumət" portalının yaradılması və dövlət qurumlarının göstərdikləri xidmətlərin vahid bir mərkəzdən idarə olunmasını nəzərdə tutur ki, bu məsələdə də dövlət qurumlarının təşəbbüskarlığı vacib rol oynayır. Bu baxımdan, korrupsiyaya meyl göstərən bəzi məmurların e-hökümət quruculuğundan yayınmaq cəhdi, bəzi dövlət qulluqçularının İKT sahəsi üzrə məlumatsızılığı ilə əlaqədar xidmətin elektron şəkildə tətbiqinə maraq göstərməməsi də prosesi ləngidən səbəblərdən sayılır. Azərbaycan cəmiyyəti üçün yenilik olan "elektron hökumət" quruculuğunun sürətləndirilməsi üçün bu tip məmur müqavimətinin qarşısını almağın yeganə yolu isə vətəndaş israrlığı və öz hüquqlarını qorumaq bacarığıdır.

Ən çox istifadə olunan e-xidmətlər

Amma "elektron hökumət"ə böyük həvəslə qoşulan dövlət qurumları da az deyil. Dövlət Dəniz Administrasiyası təsdiq olunmuş 18, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 13, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi 12, Qiymətli kağızlar üzrə Dövlət Komitəsi 10, İqtisadi İnkişaf Nazirliyi 7, Dövlət Statistika Komitəsi və Müəllif Hüquqları Agentliyi 5 elektron xidmətin hər birini vətəndaşlara həm öz saytı, həm də "elektron hökumət" portalı vasitəsilə təqdim edir. Vergilər, Rabitə və İnformasiya Texnologiyaları, Səhiyyə nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu "elektron hökumət" quruculuğunda fəal iştirak edən, ən çox elektron xidmət göstərən qurumlardır.

Bu ilin avqust ayı ərzində “Elektron hökumət portalı" vasitəsilə ən çox istifadə olunan e-xidmətlər isə bunlar olub: Telefon nömrəsi üzrə axtarış (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi); Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi üçün müraciətin və sənədlərin qəbulu (Əmlak Məsələləri Dövlət Komitəsi); Sığorta edənin uçot nömrəsinin öyrənilməsi; Məcburi dövlət sosial sığotasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatın əldə edilməsi; Pensiya kapitalı barədə məlumat (Dövlət Sosial Müdafiə Fondu); Müsabiqə səsverməsi (Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi), Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi; Pensiya kalkulyatoru (Dövlət Sosial Müdafiə Fondu); Azərbaycan adları barədə məlumatın verilməsi (Ədliyyə Nazirliyi); Yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələr və cərimə balları barədə məlumatlar (Daxili İşlər Nazirliyi);

4 dəqiqə 40 saniyə

Son məlumatlara görə, 2012-ci ilin dekabrından 2013-cü ilin sentyabr ayının 1-nə qədər portala ümumilikdə 325 063 daxilolma qeydə alınıb, müraciət edənlərin ümumi sayı isə 194 885 nəfər olub. Belə ki, 194 885 nəfər ümumən 325 063 dəfə portala baxıb və 422 334 elektron xidmətə müraciət ediblər. Həmin şəxslərin portala sərf etdikləri vaxt orta hesabla 4 dəqiqə 40 saniyə olub. Ümumilikdə, bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunur. Bununla belə, portaldan istifadə qaydalarının sadələşdirilməsinə, başqa sözlə, qeydiyyat üçün tələb olunan şərtlərin azaldılmasına ehtiyac duyulur. Belə ki, heç də bütün vətəndaşlar qeydiyyat üçün tələb olunan 5 şərtin hamısına (az adına mobil telefon nömrəsi, ev telefonu nömrəsi, Dövlət Sosial Sığorta şəhadətnaməsi, sürücülük vəsiqəsi və ümumvətəndaş pasportu) sahib deyil. Eyni zamanda qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin nömrəsilə yanaşı, orada vətəndaşın adı, soyadı, atasının adı, ünvan, şəxsiyyət vəsiqəsini verən orqanın adı və sairə kimi məlumatların tələb olunması uzun zaman alır ki, bu tip hallarda vətəndaşların qeydiyyat prosesini sona çatdırmağa səbri çatmır. Halbuki, təkcə şəxsiyyət vəsiqəsinin nömrəsi ilə şəxs haqqında bütün informasiyaya "çatmaq" mümkündür.

Yeri gəlmişkən, artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi ictimaiyyətdən, əhalinin ayrı-ayrı nümayəndələrindən daxil olan sorğu, istək və təklifləri dəyərləndirərək, növbəti yeniliyə imza atıb. Müəllimlər üçün qeydiyyatdan keçərək, kod-parol əldəetmə proseduru sadələşdirilib. Məlum olduğu kimi, Təhsil Nazirliyi tərəfindən portala “Müəllimlər haqqında məlumatlar” elektron xidməti inteqrasiya olunub. Xidmət Azərbaycanda istənilən müəllim haqqında ətraflı məlumatları, o cümlədən fəaliyyət göstərdiyi təhsil müəssisəsi, əsas təhsil sənədi sayılan diplomu, şəxsiyyət vəsiqəsi və s. haqda məlumatları təqdim edir. Ona görə də müəllimlərdən yalnız onlara daha əlyetərli olan sənədlər - Dövlət Sosial Sığorta şəhadətnaməsi və diplomunun nömrələri istənilir. Bu məlumatlar doğru və düzgün daxil edildikdən sonra aktivasiya kodu göndərilir və müəllimlər portala daxil olmaq üçün sadələşdirilmiş kod və parol əldə etmiş olurlar.

Bu baxımdan müəllimlərin portala qeydiyyatının sadələşdirilməsi təcrübəsinin digər sahələrdə çalışanlara, ümumilikdə isə bu və ya digər formada sadə vətəndaşlara da şamil edilməsi arzuolunandır. Bu şərtlərin sayının azaldılması və prosedurların sadələşdirilməsi portala qeydiyyat problemini aradan qaldırmaqla yanaşı, bu resursdan istifadə edənlərin sayının yüksəlməsinə, elektron xidmətlərə əlçatımlığın artmasına səbəb olar. Prosesə kömək edəcək digər amillər isə portalda izahat-kömək yönümlü audio-videoların sayının artırılması, xidmətlər üzrə "əks-əlaqə"nin yaradılması və elektron resursun sosial mediaya inteqrasiyasının gücləndirilməsidir.

Müqayisə

Bu gün "elektron hökumət" layihəsi dünyanın inkişaf etmiş ölkələrində uğurla tətbiq olunur. Danimarka, Niderland, Avstriya, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, ABŞ kimi ölkələr vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayına və çeşidinə görə fərqlənir. Azərbaycanda e-dövlət quruculuğu, xüsusən, müvafiq qanunvericilik bazasının formalaşdırılması sivil dünya təcrübəsinə, beynəlxalq təşkilatların tövsiyyələrinə əsaslanır. Müvafiq beynəlxalq təşkilatların illik hesabatlarından da göründüyü kimi, Azərbaycan bu sahədə dünyanın əksər ölkələrindən irəlidədir, xüsusən, MDB məkanında lider mövqeyə malikdir. Ölkəmizin müvafiq reytinq göstəriciləri də ilbəil artmaqdadır. Buna baxmayaraq, Azərbaycanda İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı fonunda ildən-ilə dövlət qurumları işlərini elektronlaşdırmağa çalışsa da, vətəndaş hələlik hökumətin klassik formada göstərdiyi xidmətləri tam olaraq ofisindən, evindən çıxmadan ala bilmir. Məsələn, vətəndaş internetlə Vergilər Nazirliyinin elektron bəyannamələrini alır, abituriyentlər elektron formada ərizə verir, kimin kredit kartı varsa, internet üzərindən kommunal xərcləri ödəyir və sairə. Avropada "elektron hökumət" dedikdə, vətəndaşın evdən, ofisdən çıxmadan 2 minə qədər xidməti hökumətdən ala bilməsi kimi anlaşılır. Bu üzdən Azərbaycanda da dövlət qurumlarının göstərdiyi e-xidmətlərin sayının artırılmasına və hər bir dövlət qurumunun informasiya sisteminin vahid standartlar əsasında portala inteqrasiyasına ehtiyac var.

Təkliflər

Əslində, bütün ənənəvi xidmət sahələri e-xidmət mühitinə keçirilməlidir. E-xidmətlərə keçid prosesi mərhələli şəkildə həyata keçirilir və göstərilən e-xidmətlər davamlı olaraq təkmilləşdirilir. Amma sosial tələblərdən irəli gələrək tezliklə bir sıra yeni elektron xidmətlərin yaradılaraq "elektron hökumət portalı" vasitəsilə təqdim olunması xüsusilə vacib sayılır. Məsələn, ünvanlı sosial yardımların, işsizlik statusunun verilməsi, işsizlik müavinəti və əlilliyin təyin edilməsi, ipoteka kreditləşməsi, Qeyri Hökumət Təşkilatlarının qeydiyyatı ilə bağlı sənədləşmə işlərinin elektron qaydada aparılması, bütün sferalarda elektron ödəniş sisteminin, e-kommersiya mühitinin formalaşdırılması, lisenziya almaq üçün fiziki və hüquqi şəxslərin onlayn rejimdə müraciətlər edə bilməsi və elektron lisenziya kataloqlarının yayımlanması üçün tamamilə yeni bir sistemin işlənib hazırlanması zərurətə çevrilib. Eyni zamanda real iş elanlarının əks olunduğu məşğulluq üzrə ümumrespublika elektron vakansiya reyestrinin yaradılmasına ehtiyac var. Amma bu da son deyil.

Məsələn, nəyə görə vətəndaş yaşayış yerindən arayışı elektron qaydada almasın? Elektron səhiyyə, distant təhsil xidmətləri nə üçün inkişaf etməsin? Hərraclar və tenderlər niyə internet üzərindən keçirilməsin? Qiymətli kağızların, müxtəlif səhmdar cəmiyyətlərin səhmlərinin elektron qaydada alqı-satqı xidməti nə üçün təşkil olunmasın? Bütün bunlar həm şəffaflığın təmin olunmasına, həm də fiziki imkanları məhdud olan vətəndaşların bu xidmətlərdən geniş istifadəsinə yol açar. Məsələn, Rusiyada avtomobillərin qeydiyyatı, yaşayış yerinə qeydiyyata düşmək, pasportların müəyyən yaş həddində dəyişdirilməsi, intellektual mülkiyyətə patent alınması kimi xidmətlər artıq uzun müddətdir ki, elektron şəkildə həyata keçirilir. Tatarıstanda isə tikintiyə icazənin elektron şəkildə verilməsi və bu xidmətin "elektron hökumət portalı"na inteqrasiyası vətəndaşları günlərlə dövlət idarələrinə getməkdən xilas edib.

Azərbaycanda "Elektron hökumət" portalına gəlişi səbirsizliklə gözlənilən növbəti qurumlara gəlincə, bunlar bələdiyyələr və yerli icra hakimiyyətləridir. Müşahidələr göstərir ki, xüsusilə vacib sahə olan bələdiyyələrdə elektron xidmətlərin qurulması ilə bağlı vəziyyət ürəkaçan deyil. Ölkədə demək olar ki, heç bir bələdiyyədə elektron xidmət təşkil olunmayıb. Bələdiyyələrin böyük qismi İKT problemini yaşayır desək, yanılmarıq. Yerli icra hakimiyyətlərin isə əksəriyyətinin internet saytında "elektron xidmət" bölməsi olsa da, içi boşdur.

 Qanunvericilik və təkmilləşdirmə işləri

Azərbaycanda "elektron hökumət"in formalaşdırılması və dayanıqlı fəaliyyəti üçün ilkin zəruri qanunvericilik bazası yaradılıb. Bu sahədə əsas problemlər qanunvericiliyin tətbiqi ilə bağlıdır. Yəni müvafiq prosedurların, mexanizmlərin hazırlanıb həyata keçirilməsi vacibdir ki, bunun üçün də müvafiq dövlət qurumları məsuliyyət daşıyır. Bununla belə, müvafiq qanunvericilik aktlarında bir sıra təkmilləşdirmə işlərinin aparılmasına ehtiyac var. Birincisi, elektron sənədlərin məhkəmədə kağız nüsxədə olan sənədlər kimi sübut hesab edilməsi müvafiq qanunvericilikdə tam və dəqiq göstərilməlidir. İkincisi, kibercinayətkarlığın qarşısının alınması ilə bağlı prosessual və maddı hüquq normalarına müvafiq dəyişıkliklər edilməlidir.

Dövlət informasiya ehtiyatları və fərdi məlumatlar informasiya sistemlərinin təhlili göstərir ki, e-dövlətin səmərəli fəaliyyət göstərməsi, müxtəlif məsələlərə çevik reaksiya verməsi, operativ və optimal qərarların qəbul edilməsi üçün zəruri informasiya ehtiyatlarının yaradılması və müntəzəm olaraq yenilənməsi vacibdir. Dövlət səviyyəsində bu istiqamətdə qanunvericilik və praktiki səviyyələrdə müəyyən işlər görülüb və bu proses davam edir. Dövlət orqanlarının səmərəli fəaliyyəti, qərar qəbuletmə, analiz, proqnozlaşdırma üçün zəruri olan bütün informasiya bazalarının, arxivlərin, mətn, foto, audio, video materialların elektron formaya keçirilməsi, onların konfidensiallığının, təhlükəsizliyinin, istifadə rejiminin təmin edilməsi vacibdir. Burada əsas məsələlərdən biri yaradılan informasiya sistemlərindən ayrı-ayrı dövlət orqanlarının birgə istifadəsinin təmin edilməsidir.

Fərdi məlumatlar...

Təhlillərə görə, fərdi məlumatların toplanılması və işlənilməsi zamanı operator tərəfindən bu məlumatların hər hansı səbəbdən sızması, təsadüfi və ya icazəsiz məhv edilməsi və ya itirilməsi, o cümlədən icazəsiz giriş, dəyişdirilməsi və ya yayılması ilə əlaqədar məsuliyyətin müəyyən olunmasına ehtiyac var. Fərdi məlumatların üçüncü şəxsin ələ keçməsi barədə həmin fərdi məlumatların subyektinə və müvafiq icra hakimiyyəti orqanına dərhal məlumat verilməsinin məcburiliyi də təmin edilməlidir.

“2013-2015-ci illərdə “Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nda müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, infrastrukturun inkişafı, kadr potensialının gücləndirilməsi, idarəetmə sahəsində informasiyalaşdırma tədbirlərinin davam etdirilməsi məsələləri prioritet istiqamətlər kimi öz əksini tapmalıdır. Həmçinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimai nəzarət mexanizmlərinin yaradılması, vətəndaşların dövlət orqanlarının fəaliyyətində iştirakının təmin edilməsi kimi məsələlər də e-dövlətin inkişafının mühüm istiqaməti olmalıdır.

E-dövlət üçün e-vətəndaş

Ümumiyyətlə, informasiya cəmiyyəti quruculuğu və onun mühüm tərkib hissəsi olan e-dövlətin formalaşdırılmasının vacib amillərindən biri də vətəndaşların bu yeni texnoloji mühitə hazırlanması, onların etimadının qazanılmasıdır. Bu proses iki istiqamətdə həyata keçirilməlidir: texnoloji biliklərin aşılanması və psixoloji hazırlığın həyata keçirilməsi. E-dövlət üçün e-vətəndaş yetişdirmək lazımdır. Yəni dövlətin vətəndaşlar üçün e-xidmətlər təklif etməsi prosesin bir tərəfidir. Prosesin digər tərəfi isə vətəndaşları e-dövlət xidmətlərindən istifadəyə hazırlamaqdır. Vətəndaşların heç də hamısı savadlı deyil, onların arasında müxtəlif marginal qruplar, fiziki imkanları məhdud olanlar, texnoloji mühitdən uzaqda yaşayanlar var. Yəni bütün vətəndaşların texnoloji yeniliklərdən, e-xidmətlərdən bərabər səviyyədə istifadə etmələri üçün imkanlar yaradılmalıdır. Bu isə üç istiqamətdə həyata keçirilə bilər. Birincisi, ölkənin bütün ərazisində lazımi infrastruktur formalaşdırılmalı, genişzolaqlı internetə çıxış imkanları olmalıdır. İkincisi, vətəndaşların e-xidmətlərdən istifadə etmələri, internetə qoşulmaları üçün maddi imkanları olmalıdır, yəni aztəminatlı ailələr üçün dövlət dəstəyi göstərilməlidir. Üçüncüsü, vətəndaşların e-dövlət xidmətlərindən istifadə edə bilmələri üçün onların zəruri bilikləri olmalıdır. Adətən bu üç şərt ödənilmədiyi halda vətəndaşlar arasında rəqəmsal bərabərsizlik yaranır.

 Kadr hazırlığı

İnformasiya cəmiyyətində və onun dövlət idarəetmə forması olan e-dövlət mühitində insan kapitalı strateji resurs hesab olunur. Məhz buna görə də ölkələrin elektron hazırlıq səviyyəsi qiymətləndirilərkən insan kapitalı indikatorundan, yəni e-dövlət strukturlarında çalışan mütəxəssislərin ixtisas dərəcəsi göstəricisindən istifadə edilir. Azərbaycanda İKT sahəsi üzrə kadrların hazırlanması ölkəmizdə informasiya cəmiyyəti quruculuğunun prioritet istiqamətlərindən biridir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində hər il istedadlı gənclər seçilərək dünyanın nüfuzlu ali məktəblərinə göndərilir. Onların arasında İKT ixtisaslarına üstünlük verilir. Həmçinin bu il ölkəmizdə İnformasiya Texnologiyaları Universiteti fəaliyyətə başlayıb. Bu Universitetin özəlliyi ondan ibarətdir ki, dərslərə dünyanın nüfuzlu ali məktəblərindən yüksək səviyyəli mütəxəssislər cəlb olunub və tədris yalnız ingilis dilində aparılır. Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, ölkəmizin dövlət və özəl ali məktəblərində İKT ixtisasları üzrə kadr hazırlığı müasir dünya standartlarına o qədər də cavab vermir. Bu problemi aradan qaldırmaq üçün, ilk növbədə, müvafiq tədris proqramları dəyişdirilərək müasir standartlara uyğunlaşdırılmalı, tədris prosesinə müvafiq tələblərə cavab verən müəllimlər cəlb edilməli, həmçinin zəruri maddi-texniki baza formalaşdırılmalıdır.

Və sonda...

Bütün bunlar onu deməyə əsas verir ki, dövlət qurumları və yerli icra hakimiyyəti orqanları tərəfindən idarəetmə üsullarının keyfiyyətinin artırılması, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi müasir dövrdə əhali arasında dövlət qurumlarının nüfuzunu artıran amillərdən sayılır. Ona görə də e-hökumət quruculuğunun sürətlənməsi şəffaflığın təmin olunması, bürokratiyanın aradan qaldırılması, dövlət xidmətlərinin asanlaşdırılması, dövlət - cəmiyyət, dövlət - özəl sektor, dövlət - KİV, dövlət - QHT münasibətlərinin inkişafına təkan verə bilər.

 Zahir Hətəmov

Yazı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Respublikada «Elektron hökumət: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər» mövzusunda elan etdiyi müsabiqənin 2-ci mərhələsi üçün təqdim olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?