Modern.az

Bir ağaca görə insanları incitmək düzgün deyil - deputat

Bir ağaca görə insanları incitmək düzgün deyil - deputat

Parlament

Bu gün, 13:33

Bir ağaca görə insanları incitmək düzgün deyil.

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. 

Deputat bildirib ki, xüsusilə Bakı şəhərinin Xətai rayonu ərazisindən çoxsaylı seçicilər ona müraciət edərək binaların ətrafındakı ağacların suvarılması, budanması və qurumuş ağacların kəsilməsi ilə bağlı ciddi çətinliklərin olduğunu deyiblər.

Onun sözlərinə görə, mərhum prezident Heydər Əliyev yaşıllıqlara xüsusi önəm versə də, bəzi hallarda bu yanaşmadan sui-istifadə olunur və qanunvericilik yaşıllıqların götürülməsini həddindən artıq çətinləşdirir.

Deputat qeyd edib ki, Nazirlər Kabinetinin 30 avqust 2006-cı il tarixli “Yaşıllıqların götürülməsi qaydaları haqqında” qərarına əsasən vətəndaşlar əvvəlcə yerli icra hakimiyyətinə, bələdiyyəyə və ya aidiyyəti quruma müraciət etməli, daha sonra məsələ Ekologiya Nazirliyinə göndərilməlidir. Nazirliyin rəyi əsasında isə yekun qərar qəbul olunur.

Q.Həsənquliyev hesab edir ki, bu prosedur sadələşdirilməlidir:

“Vətəndaşlar süründürməçiliklə üzləşməməlidir. Prosedurun çətinliyi insanları bəzən qanunsuz yollara əl atmağa məcbur edir”.

Deputat çıxışı zamanı qanun layihəsində yer alan bəzi ifadələrin hüquqi baxımdan qeyri-dəqiq olduğunu da bildirib. O, xüsusilə “irad bildirilir” ifadəsinin hüquqi nəticə yaratmadığını, bunun əvəzinə konkret qərar – müraciətin təmin olunması və ya rədd edilməsi barədə müddəaların göstərilməsinin vacibliyini vurğulayıb.

Q.Həsənquliyev əlavə edib ki, qanunvericiliyə əsasən müraciətlərə 10 gün ərzində baxılmalıdır. Lakin praktikada Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan çoxsaylı müraciətlər səbəbindən bu müddətlər uzanır və həm sahibkarlar, həm də vətəndaşlar çətinlik yaşayırlar.

Deputat sonda bildirib ki, Bakı şəhərində yaşıllıqların artırılmasına ehtiyac böyükdür:

“Yeni parklar və meşə zolaqları yaradılmalıdır. Amma bəzən bir ağaca görə insanları çox incidirlər və bu, təəssüf hissi yaradır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?