Bakıda Türkiyənin İstanbul Universitetində təhsil alan doktorant Aytən Əyyublunun seminarı keçiriləcək.
Xəzər Universitetində keçiriləcək seminar “Azərbaycanın latın qrafikalı əlifbaya keçid prosesinin Türkiyədə aparılan əlifba müzakirələrinə təsiri (1923–1930-cu illər)” adlanır. Məruzəçi Aytən Əyyublu Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Türkiyənin İstanbul Universitetində doktorantura təhsili alır.
Modern.az-ın məlumatına görə, Aytən Əyyublu keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri mərhum Vurğun Əyyubun qızıdır.
Xatırladaq ki, Vurğun Əyyub 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə ilk dəfə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi ugurlarından birini gerçəkləşdirib.
V.Əyyib 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib.
2014-cü ilə Müsavatda rəhbərlik dəyişəndən sonra V.Əyyub partiyanın Məclis üzvlüyündən çıxarılıb və sıravi üzv kimi qalıb.
Daha sonra Müsavatı tərk edən Vurğun Əyyub 2015-ci ildə tanınmış iqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini seçilib.
V.Əyyub uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib. O, 2019-cu ilin 24 sentyabrında 62 yaşında vəfat edib.
Mərhum ictimai-siyasi xadim Hövsan qəsəbəsindəki Dədə Qorqud qəbristanlığında dəfn edilib.

A.Qorxmaz