1918-ci ilin isti yay aylarında Bakı şəhərində yuva qurmuş rus-hay-ingilis-fransız, əcnəbi-daşnak silahlı quldur dəsətələrinin azğınlığı, qaniçənliyi və cəzasızlığı senyabr ayının 15-dək davam etdiyindən, Çaylı kəndinin (Bakı şəhərindən 35 km aralıda, Bakı-Şamaxı yolu üstündə yerləşir, o zaman 5 para kənddən ibarət olub-Xəlilli, Bədirli, Nadılı, Kosalar, Orta Oba…) ağsaqqallarından bir neçə nəfəri gecə vaxtı 5-ci Qafqaz İslam Ordusunun zabit-əsgər heyətinin Qobu kəndində qərarlaşan alayına gedir. Ağsaqallar xahiş üçün Nuru Paşanın qəbuluna düşürlər.
Şamaxı nahiyəsinin Qızmeydan-Mərəzə-Hilmilli kəndləri istiqamətindən Cəngi-Çaylı kəndinin dinc sakinlərinə (eləcə də, ordan 30-35 km aralıda olan Qaracüzlü və Ağdərə kəndlərinin əhalisinə) hücum edən hay-rus silahlı dəstələrindən dinc əhalini qorumaq üçün kömək istənilir.
Heyəti hörmətlə qəbul edən Nuru Paşa ağsaqqalları izzət və ümidlə də yola salır, bir bölümü müdafiə üçün Bayan-Ata, Bəyi dağı, Qoturdağ və İslam dağı ətrafında müdafiə səngərlərində düşmən qüvvələrinə qarşı döyüşlərə göndərir. Nəticədə Cəngi-Çaylı və yaxın olan kəndlərin camaatı qanlı faciələrdən xilas edilir.
Amma bu döyüşlərdə düşmən gülləsinə tuş gələn ərənlər də olur.
Bayan-Ata dağının ətəklərində, Cəngi və Kosalar kəndləri yaxınlığında ağır vuruşlarda yaralanan Türk əsgərini furqonla Qobu kəndinə apardıqda o vəsiyyət edib ki, əgər ölsə bu yerdə dəfn edilsin… və onu orada torpağa basdırırlar.
Sonralar həmin ərazilər/qış otlaq sahələri Abşeron rayonunun “Qobustan” qoyunçuluq təsərrüfatına təhkim edildikdə o yeri Qobustan rayonu, Ərəbşalbaş kənd sakini Seyidi Məhəmməd oğlu İskəndərova (1937-2010) Çaylı kənd sakini Paşa Mirvasif oğlu (1918-2010) tanıdıb. Bu məzar 1941-ci ilədək müqəddəs ziyarətgah olub.
1970-ci illərdə qoyunçuluq təsərrüfatında işləyən Seyidi oğlu Samidə (1971) vəsiyyət edib ki, həmin qəbri abadlaşdırsın, itib-batmasına imkan verməsin…
Samid xatırlayır ki, hər dəfə bu yoldan keçəndə atasının vəsiyyəti yadına düşürdü…
Ata vəsiyyətinə sadiq qalan və Vətən eşqi/vətəndaşlıq borcu ilə yaşayan Samid öz vəsaiti hesabına həmin qəbrin yerində (10-15 m aralıda) Şəhidliyə qovuşan Türk əsgərinin müqəddəs məqamgahında 30 avqust 2015-ci ildə qara mərmərdən qəbirüstü abidə düzəltdirib, Türkiyə və Azərbaycan bayraqları ilə bəriltiləmişdir.
Giriş qapısının sol hissəsində Kəlbəcər rayonu, Çərəkdar kəndindən olan və Qobustan elində yaşayan şair Əlövsət Sarı oğlu Saldaşın (1957) mərmər lövhədə həkk edilən 3 bəndlik şerinin son bəndi nişan verir:
Bizə səngər olan bu dağ Vətəndir,
Sənə də, mənə də ortaq Vətəndir…
Fərqi yox Türkiyə, ya Azərbaycan,
Şəhidim, yatdığın torpaq Vətəndir…
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi (050 3726008)